Ataxan Paşayev
Ataxan Əvəz oğlu Paşayev (01.05.1938, Naxçıvan, Culfa, Başkənd – 04.08.2022, Bakı) - Tarixçi, arxeoqraf, publisist. Respublikamızda arxiv quruculuğuna və Azərbaycan tarixinin müxtəlif məsələlərinə dair bir sıra tədqiqat işlərinin və sənədli nəşrlərin müəllifi, tərtibçisi və redaktoru. Əməkdar mədəniyyət işçisi (1981).
A.Paşayev 1963-1965-ci illərdə Arxiv idarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin ilk direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləmişdir. 1984-cü ildən 2018-ci ilə kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin (2002-ci ildən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi) rəisi vəzifəsində çalışmışdır.
A.Paşayev uzun illər ölkəmizin müxtəlif arxiv və kitabxanalarında apardığı axtarışlar nəticəsində 1917-ci ilə qədər "Molla Nəsrəddin" jurnalının təqibi ilə bağlı çoxlu yeni sənədlər, faktlar və materiallar əldə etmişdir. Həmin tarixi sənədlərin böyük bir hissəsini "Azərbaycan arxivi" məcmuəsinin ayrıca bir nömrəsində (1972, №1) çap etdirmişdir. Tədqiqatçının əldə etdiyi yeni sənədlərin bir qismi haqqında respublika mətbuatında da məlumat və məqalələr verilmişdir ki, bu da elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
A.Paşayev 1980-ci ildə "İnqilabi-demokratik "Molla Nəsrəddin" jurnalının Şərqdə istibdad quruluşu və müstəmləkəçiliyə qarşı mübarizəsi (1906-1914-cü illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. "Molla Nəsrəddin": dostları, düşmənləri" (1982) kitabının, habelə C.Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı və Həmidə xanım haqqında bir çox elmi və publisistik məqalənin müəllifidir. "Molla Nəsrəddin": dostları, düşmənləri" (1982) monoqrafiyasında "Molla Nəsrəddin" jurnalının təqibi ilə bağlı məsələləri, onun dostları və düşmənləri arasında gedən mübarizəni çoxlu arxiv sənədləri, rəsmi və dövri mətbuat materialları əsasında geniş şəkildə işıqlandırmışdır. Əsərdə jurnalın təqibinə səbəb olmuş bir sıra karikatura və yazılar haqqında ilk dəfə məlumat verilmiş, onlardan bəzilərinin fotosurəti də kitaba daxil edilmişdir. Monoqrafiyada həm də o zaman Rusiya imperiyasında qüvvədə olan qanunların tələbinə görə "Molla Nəsrəddin" jurnalını müxtəlif məsələlərdə ittiham edən maddələr rəsmi məxəzlər əsasında şərh edilmişdir. Onun əsərləri ilk mənbələr əsasında yazıldığından bu gün də elmi dəyərini qoruyub saxlamaqdadır.
A.Paşayev 2008-ci ildə "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. Azərbaycan, rus və türk dillərində 10-dan çox kitabı və yüzlərlə elmi və publisistik məqaləsi çap olunub. 1984-cü ildən "Azərbaycan arxivi" jurnalının baş redaktorudur. Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmiş, məruzələr oxumuşdur. O, Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin), 14-cü (2000, Sevilya), habelə Vyana konqreslərinin (2004) nümayəndəsi olmuş və bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş Assambleyasının üzvü seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 29 aprel 2013-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasında Respublikasında arxiv işinin təkmilləşdirilməsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Ədəbiyyat:
A.Paşayev. "Molla Nəsrəddin": dostları, düşmənləri. Bakı, "Gənclik", 1982, 96 s.; Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı, "Şərq-Qərb", 2008, 320 s.
filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyev
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 30-31