Əzim Əzimzadə
Əzim Aslan oğlu Əzimzadə (07.05.1880, Bakı, Novxanı k. – 15.06.1943, Bakı) - Azərbaycanın Xalq rəssamı (1927). Əmək qəhrəmanı (1927), Azərbaycanın ilk teatr rəssamı (1919), Azərbaycan karikatura sənətinin banisi.
Əzim Əzimzadə ibtidai təhsilini rus-müsəlman məktəbində almışdı. Bu məktəbdə ana dili, hesab, rus, fars və ərəb dillərini mənimsəməklə yanaşı, şəriət dərsi də keçilirdi. 1899-cu ildə bu məktəbi qurtarıb işləməyə məcbur olur: "Metal tökmə" zavodunda "əlaltı şagird", Ağabala Quliyevin dəyirmanında kuryer, Ələkbərovun un dəyirmanında fəhlə işləyir. 1907-ci ildə "Hümmət" təşkilatına daxil olur və təşkilatın işlərində fəal çalışır. Mollanəsrəddinçilərlə bir cəbhədə duran Ə.Əzimzadə "Nicat", "Nəşri-maarif" kimi cəmiyyətlərin işlərinə də kömək edir.
1909-cu ildə Bakıda nəşrə başlayan "Zənbur" jurnalında rəsmi qulluğa dəvət olunur, bir müddət jurnalın redaksiyasında məsul müdir vəzifəsində Rza Səlimbəyovu əvəz edir. 1910-cu ilin yanvarında "Zənbur"u tərk edir.
1910-1912-ci illərdə Bakı məktəblərində rəsm dərsi verməklə yaradıcılıq işini davam etdirir.
Ə.Əzimzadə yaradıcılığında Təbriz miniatür və rus rəssamlıq məktəblərinin ənənələrindən bəhrələnmişdir. Yaradıcılığa öz əsərlərini "Molla Nəsrəddin" jurnalında dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyət" və s. jurnalların səhifələrində karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.
Ə.Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Müxtəlif təbəqələrin mənfi ünsürləri – xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin əsas tənqid hədəfləridir.
O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Rəssam "İt boğuşmaları", "Kişi arvadını döyür", "Varlı evində toy!", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxırdı.
Ə.Əzimzadə M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla (1914) Azərbaycanda kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatr tamaşalarına çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına təkan vermişdi. Heç təsadüfi deyildir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1919-cu ilin oktyabrında Dövlət Teatrı təşkil olunarkən Ə.Əzimzadə həmin teatrın rəssamı təyin olunur. O, 1920-1937-ci illərdə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə həmin texnikumun direktoru vəzifəsində işləmişdir. Ə.Əzimzadə 1943-cü ildə vəfat etmişdir.
Ə.Əzimzadə "Molla Nəsrəddin" jurnalı nəşrə başladığı ilk gündən onun oxucularından biri olmuşdur. Ə.Əzimzadənin şəkil çəkməyə böyük həvəsi olduğundan "Molla Nəsrəddin"də çap olunmuş karikaturalara maraq göstərirdi. Onun yaradıcılığındakı realist ustalıq ardıcıl və əzmlə çalışmağın sayəsində qazanılmışdır. Ə.Əzimzadənin karikaturaçı rəssam kimi yaradıcılığının kökləri "Molla Nəsrəddin" jurnalının 1906-cı il 7-ci sayında çap olunmuş "İrşadın müştərisi" adlı karikatura ilə bağlıdır. Bu karikaturanın çapı gənc Əzimzadənin sevincinə səbəb olmuşdur. Bundan sonra "Molla Nəsrəddin"in səhifələrində "Cənab Vittenin İrana səfəri", "Millət dərdi çəkən dövlətmənd müsəlman", "Hambala oxşayanlar", "Xab-qəflətdən ayrılmış cahil müsəlmanlar" və s. karikaturaları çap olunur.
Ə.Əzimzadəni Azərbaycanda ilk karikaturaçı rəssam kimi yetişdirən "Molla Nəsrəddin" jurnalı olmuşdur. O, "Molla Nəsrəddin"lə yanaşı, bu illərdə Bakıda nəşr olunan bütün satirik jurnallarda iştirak etmişdir. Həmin jurnalların səhifələrində onun onlarla kəskin satirik rəsmləri çap olunmuşdur.
Sovet dövründə də Ə.Əzimzadə "Molla Nəsrəddin"lə əlaqəsini kəsmir. 1922-ci ildə "Molla Nəsrəddin" yenidən nəşrə başlayarkən C.Məmmədquluzadə digər əməkdaşlar kimi Ə.Əzimzadəni də jurnalla əməkdaşlığa dəvət etmişdir. Ə.Əzimzadə həmin vaxtdan jurnal bağlanana kimi 1500-dən artıq karikatura çəkmiş, jurnalda baş rəssam vəzifəsində çalışmışdır.
"Molla Nəsrəddin"in demək olar ki, bütün nömrələrində Ə.Əzimzadənin dini xurafata və mövhumata qarşı mübarizədə əvəzsiz olan satirik rəsmlərinə, plakat və karikaturalarına geniş yer verilirdi. "Molla Nəsrəddin"də onun "Kəndli və ilan", "Qənaət uğrunda mübarizə", "Molla Nəsrəddin" mətbuat günündə", "Rədd olsun məhərrəmlik", "Məhv olsun qara çadra" kimi rəsmləri jurnalın səhifələrində yer almışdır.
1927-ci ilin may ayında Ə.Əzimzadənin yaradıcılığının 20 illik yubileyi "Molla Nəsrəddin" jurnalında da qeyd olunmuş və jurnalın səhifələrində onun ilk dəfə göndərdiyi "İrşadın müştərisi" karikaturası bir daha çap olunmuşdur.
C.Məmmədquluzadə Ə.Əzimzadənin "Molla Nəsrəddin"dəki fəaliyyətini çox yüksək qiymətləndirmişdir. Onun yubiley münasibətilə rəssama yazdığı təbrik məktubu bunu bir daha təsdiq edir.
Ədəbiyyat:
A.Qazıyev. Xalq rəssamı Əzim Əzimzadə. Bakı, "Elm", 1953, 53 s.;
M.Nəcəfov. Xalq rəssamı Əzim Əzimzadə. Bakı, "Uşaqgəncnəşr", 1959, 118 s.;
B.Hacızadə. Azərbaycanda karikaturanın inkişafı. Bakı, "Səda", 2008, 316 s.
filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 113-114