Əziz Şərif
Əziz Qurbanəli oğlu Şərifzadə (28.03.1895, Naxçıvan – 01.06.1989, Naxçıvan) - Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1958), professor (1962), Azərbaycanın Əməkdar elm xadimi (1963). Atası Qurbanəli Şərifzadə dövrünün tanınmış ziyalılarından biri, Cəlil Məmmədquluzadənin yaxın dostu və məsləkdaşı idi.
Əziz Şərif ibtidai təhsilini Naxçıvanda M.Sidqinin əsasını qoyduğu "Məktəbi-tərbiyə"də almış, gənc yaşlarından başlayaraq Tiflisdə, C.Məmmədquluzadənin ailəsində yaşamış, əvvəlcə Tiflis gimnaziyasında, daha sonra kommersiya məktəbində oxumuşdur. Bu illərdə o, təhsil almaqla yanaşı, "Molla Nəsrəddin" jurnalının texniki işlərində və təbliğində yaxından iştirak etmişdir. 1915-ci ildə Tiflis Kommersiya Məktəbini bitirən Ə.Şərif 1915-1917-ci illərdə Moskva Kommersiya İnstitutunda oxumuşdur. O, 1917-ci ildə Rusiyada baş vermiş Fevral Burjua inqilabından sonra Naxçıvana qayıtmış, bir müddət burada yaşadıqdan sonra Tiflisə köçmüşdür. 1919-cu ildə Gürcüstan Parlamentinə deputat seçilən Ə.Şərif 1920-ci ildən başlayaraq Tiflisdə nəşriyyat və mətbuat sahəsində çalışmış, 1924-cü ildə Tiflisdə nəşrə başlayan "İşıqlı yol" qəzetinin redaktor müavini olmuşdur. 1925-1935-ci illərdə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə çalışan Ə.Şərif 1936-cı ildə Bakıya köçərək Azərnəşrdə redaktor kimi fəaliyyətə başlamış, eyni zamanda "Bakinskiy raboçiy" qəzetində ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ə.Şərif 1938-ci ildə yenidən Tiflisə qayıtmış, A.S.Puşkin adına Pedaqoji İnstitutda dərs demiş, 1943-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini qiyabi yolla bitirmişdir. 1947-ci ildə "Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edən Ə.Şərif Moskvaya dəvət olunmuş, 1950-1961-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur. 1958-ci ildə "Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının birinci dövrü" mövzusunda doktorluq dissertasiyası müdafiə edən, 1962-ci ildə professor, 1963-cü ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülən Ə.Şərif 1961-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. Ə.Şərif 1989-cu il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.
Ə.Şərif ədəbi fəaliyyətə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalında dərc olunan "Naxçıvandan məktublar"ı ilə başlamışdır. O, daha çox tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmişdir.
Ə.Şərifin XX əsr Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında böyük xidmətləri vardır. O, ədəbiyyatşünas alim kimi keçmiş Sovet İttifaqı miqyasında ən çox tanınan və əsərləri geniş miqyasda oxunan azərbaycanlı professor idi. Moskva Dövlət Universitetinin kafedra müdiri olan Ə.Şərif Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində dərs deməklə bu beynəlxalq statusa malik universitetdə təhsil alan əlliyə yaxın ölkənin nümayəndələri arasında ədəbiyyatımızın təbliği işinə xidmət edirdi. Ə.Şərif Rusiyada Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin fədakar səfiri olmaq vəzifəsini yarım əsrdən çox yerinə yetirmişdir.
Ə.Şərifin Moskva dövrü həyatı geniş miqyaslı elmi-pedaqoji fəaliyyətlə və tərcüməçilik işi ilə bağlı olmuşdur. O, XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı ilə bir sırada rus ədəbiyyatını, Azərbaycan-Rusiya ədəbi əlaqələrini də böyük səylə tədqiq edib öyrənmişdir. M.F.Axundzadənin görkəmli rus şairi A.S.Puşkinin xatirəsinə həsr olunmuş məşhur "Şərq poeması"nı ilk dəfə Ə.Şərif tapıb aşkara çıxarmışdır. XX əsrin əvvəllərində Tiflisdə nəşr olunan "Kavkazskiy raboçiy listok" ("Qafqaz fəhlə vərəqəsi") qəzetindən C.Məmmədquluzadənin uzun müddət naməlum qalan "Binəsiblər" və "Xeyir-dua" adlı iki məqaləsini üzə çıxararaq elmi-ədəbi mühitə təqdim edən Ə.Şərif olmuşdur. C.Məmmədquluzadənin Qori Müəllimlər Seminariyasına təqdim etdiyi şəxsi işindəki nadir tərcümeyi-hal sənədlərinin aşkar edilib elmi dövriyyəyə daxil edilməsi də Ə.Şərifin xidmətlərindəndir.
Ə.Şərif tərcüməçi kimi də səmərəli xidmətlər göstərmişdir. O, M.Qorkinin "Ana", "Düşmənlər", A.Fadeyevin "Tarmar" əsərlərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin bir çox əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir.
Görkəmli yazıçı və ictimai xadim C.Məmmədquluzadənin əsərlərini iki cilddə rus dilinə çevirərək Moskvada kitab halında nəşr etdirməsi təkcə Ə.Şərifin deyil, Azərbaycan tərcümə sənətinin nailiyyətidir. Bu tərcümələr orijinalın ruhuna, yazıçının üslubuna, yazı tərzinə çox uyğundur. Onun M.F.Axundzadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, C.Cabbarlı, M.Hüseyn, M.İbrahimov, M.C.Paşayev və başqalarının əsərlərindən etdiyi tərcümələr Azərbaycan ədəbiyyatının Rusiyada və digər rusdilli ölkələrdə tanıdılmasına imkan yaratmışdır.
Ə.Şərif elmi fəaliyyətini daha çox böyük demokrat ədib C.Məmmədquluzadənin həyatı və yaradıcılığının tədqiqinə həsr etmişdir. Ə.Şərifin "Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının birinci dövrü" adlı doktorluq dissertasiyası mollanəsrəddinçi ədəbiyyatın tədqiqi tarixində yeni hadisədir. Görkəmli alimin 1968-ci ildə rus dilində, 1986-cı ildə Azərbaycan dilində çap olunmuş "Molla Nəsrəddin" necə yarandı?" monoqrafiyası Azərbaycan mollanəsrəddinşünaslığını formalaşdıran və bu ədəbi hərəkatın elmi sütununa çevrilə bilən dəyərli tədqiqatdır.
Ə.Şərifin "Sənət və ədəbiyyat" adlı məqaləsi 1926-cı ildə "Kommunist" qəzetinin 63-cü nömrəsində yayınlanmış, "Molla Nəsrəddin" jurnalının 12-ci nömrəsində həmin məqaləyə eyniadlı cavab yazısı dərc olunmuşdur. Təbəqələr, eyni zamanda, kənd və şəhər mühiti arasındakı fərqlər bu məqalədə xüsusi nəzərə çatdırılmışdır. Məqalədə deyilir: "Gözəllik hissi hər fərdin cəmiyyət daxilində işğal etdiyi mövqe və mənsub olduğu sinfə görə müxtəlif mahiyyətdə olur. Bu həqiqəti bir misal ilə izah edəlim: Məsələn, şairlər üçün "ilham mənbəyi" olan qadın gözəlliyi, idealı cəmiyyət içərisində olan müxtəlif siniflər üçün müxtəlif olur. Məsələn, işçi kəndlilərdən ötrü qadın gözəlliyi qayət sağlam bədən, qüvvətli əl və ayaqlar – ümumiyyətlə, zəhmətə müsaid bir mövcudiyyət şəklində olur". Ə.Şərifin estetik baxımdan yanaşdığı məsələyə "Molla Nəsrəddin" daha çox həyat həqiqətləri prizmasından baxmış, kənd qadınlarının üzləşdiyi çətinlikləri, onlar üçün aktual aktual olan gündəlik qayğıları qələmə almışdır.
Ə.Şərifin əsərləri XIX-XX əsrlər Azərbaycan ədəbiyyatşünaslığının ən gərəkli, əhəmiyyətli problemlərinə, az tədqiq olunan, haqqında geniş məlumat olmayan ədəbi şəxsiyyətlərinə həsr edilmişdir. Müxtəlif illərdə çap olunmuş "Keçmiş günlərdən" adlı iki kitab, əslində, bütöv bir yüzilliyin sanballı ədəbi-tarixi salnaməsidir. Ə.Şərifin "sənədli xatirələri", əslində, ədəbiyyatşünaslıq elmində sənədlərin və xatirələrin vəhdətindən, üzvi sintezindən yaranmış müfəssəl bir janrdır. "Atam və mən" sənədli xatirələri sənədli romandan çox bədii-publisist elementləri olan elmi salnamədir.
Ədəbiyyat:
"Molla Nəsrəddin", 1926, №12, 2;
Ə.Şərif. Keçmiş günlərdən. Bakı, Azərnəşr, 1977, 136 s.;
Ə.Şərif. "Molla Nəsrəddin" necə yarandı. Bakı, "Yazıçı", 1986, 384 s.;
İ.Həbibbəyli. Əziz Şərif – görkəmli ədəbiyyatşünas və böyük ziyalı // "525-ci qəzet", 26, 27 yanvar 2010.
filologiya üzrə elmlər doktoru İslam Qəribli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 117-119