Bayraməli Abbaszadə


Bayraməli Abbaszadə Bayraməli Abbas oğlu Abbaszadə (1869, Sərab, Dünni – 04.06.1926, Bakı, Əhmədli) - Cənubi Azərbaycan şairi. "Molla Nəsrəddin" ədəbi məktəbinin nümayəndəsi. Səadətini xalqının azadlığı, vətəninin istiqlalı uğrunda mübarizələrdə axtaran fədai-şair Bayraməli Abbaszadə əsərlərinin ideya istiqaməti və bədii yaradıcılıq üslubu etibarilə "Molla Nəsrəddin" ədəbi məktəbinə mənsubdur.

B.Abbaszadə Güney Azərbaycanda anadan olmuş, ilk təhsilini kənd mollaxanasında almışdır. XX əsrin əvvəllərində Bakıya gələrək "Qafqaz-Merkuri" körpüsündə fəhləliyə başlayıb. Şəhərin ədəbi-ictimai həyatına maraq göstərən B.Abbaszadə ilk dəfə 18 avqust 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının 20-ci nömrəsində "Həmmal" imzası ilə "Həmşəri söhbəti" sərlövhəli bir satirik nəsr parçası çap etdirir.

1906-cı ilin payızından 1909-cu ilin yazına kimi cənubda Səttarxan hərəkatında iştirak edən B.Abbaszadə inqilabın süqutundan sonra yenidən Bakıya qayıdır, bir-birinin ardınca kəsərli siyasi satiraları ilə "Molla Nəsrəddin", "Tazə həyat", "İttifaq", "Zənbur", "Səda", "Məzəli" və b. qəzet və jurnallarda çıxış edir. B.Abbaszadə bir sıra şeirlərini "Həmmal Azərbaycani", "Həmmali Gülzari-Sərabi", "Bayraməli Hambal", "Rəncbər Hambal", "Hambal qardaş", "Hambalbaşı" və s. gizli imzalarla çap etdirmişdir. Şair məşrutə hərəkatının yolu üstündə dayanan ictimai-siyasi maneələri hələ 1908-ci ilin martında "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi "Məşrutə" satirasında cəsarətlə göstərmişdir:

Məşrutə bizim canımızı aldı, daduşcan,
Avara edib çöllərə də saldı, daduşcan.
Hər yerdə olur meyvəsi şirin bu dirəxtin,
İranda yetişibdi, hələ kaldı daduşcan.
Xan rüşvət verib, molla alıb oldu muvafiq,
Bir söylə görüm millətə nə qaldı, daduşcan?


("Molla Nəsrəddin", 1908, №10)

B.Abbaszadənin milli-azadlıq ideyalarından bəhs edən əsərləri yaradıcılığının ilk dövründə özünü daha qabarıq büruzə verir, məzmunca daha dolğun, bədii və siyasi səviyyəsi etibarilə daha kamildir. Mövzunun doğmalığı, yaxınlığı Səttarxan hərəkatının döyüşçüsünü Səttarxan hərəkatının sevimli və tanınmış şairinə çevirmişdir. Səttarxan təliminə, "Molla Nəsrəddin" ənənələrinə yiyələnmiş şeirlərinin realizm gücü, həyat həqiqəti, satirik ümumiləşdirmə ilə yanaşı, xüsusilə oradakı şirinlik, duzluluq, xəlqilik və canlı müsahibə xarakteri sənətkarlıq nümunəsi kimi nəzəri cəlb edir. Məhz sadalanan müsbət keyfiyyətlərin nəticəsidir ki, onun çap olunan satiraları nəinki mürtəce mövqeli dairələr, hətta öz məsləkdaşları tərəfindən də bəzən birmənalı qəbul edilmirdi. Şimali Azərbaycanda B.Abbaszadəni cənublu qardaş və bacılarımızın deyən dili, eşidən qulağı və görən gözü kimi tanımaq, səlahiyyətli nümayəndəsi kimi görmək istəyirdilər. Şair cənub mövzusundan "yayınanda" ona öz məsləkdaşları da "irad" tuturdular. Bayraməlinin çox sevdiyi "Molla Nəsrəddin" jurnalında "Lağlağı" imzası ilə çap olunmuş "Mətbəə" məqaləsində yazılırdı: "Cənab Sərabi! Sənin ki, maşallah, təbe şeirlərin var, sənin ki, Allaha şükür, bu şeirləri çap eləməyə qəzetən var, nə olardı ki, mənim də bir neçə sözümü qafiyələndirib həmən qəzetədə yazaydın. Qulaq ver, bir şikayətimi ərz edim: Axır vaxtlarda Bakıda hansı bir iranlıya desən ki, – hanı pasportun? – cibindən bir kivtansiya çıxaracaq. Bu kivtansiya Orucovların mətbəəsində rus dilində bu məzmunda basılıb: - Mən Bakı konsulu filan bu kivtansiyanı verdim Səlmas əhli Muxtar Artuyevin oğluna ondan ötəri ki, yazmışam İrandan ona pasport gəlsin. İmza. Konsul filan. Bu nədir, cənab Sərabi? Nədir bunun mənası? Bunu gərək sən məndən yaxşı biləsən. Səbəbi budur ki, sən Bakıdasan və özün də iranlısan... İldə Qafqaz həbsxanalarında minlərcə iranlı yatır. Niyə? Ona görə ki, pasportu yoxdur. Amma pasport əvəzinə kivtansiya var. Yazıq İran rəiyyəti bu kivtansiyaya hər nə qədər ki, konsul istəyib, o qədər də verib. Əmma rus hökuməti kivtansiyanı kefi istəyəndə qəbul eləyir, istəməyəndə qəbul eləmir. Qəbul eləmiyəndə rəiyyətin tutub göndərir dustaqxanaya...

Pəs belədir işlər, cənab şair Sərabi! Nə olardı ki, təbin, mövzun olan vaxt iranlı qardaşlarının konsulxana quldurları tərəfindən qarət olunmağını görəndə həman gözəl və pürməna şeirlərindən bir neçə fərd yazaydın ki, qardaşlarının ahü-naləsi bir yanə gedib çataydı" ("Molla Nəsrəddin", 1909, №31).

Jurnalın şairin ünvanına söylədiyi bu fikirlər təkcə giley-güzar, şikayət deyil, həm də etimaddır, onun qələminin gücünə inamdır. "Molla Nəsrəddin"in açıq məktubuna münasibətini "Zənbur" jurnalında çap etdirdiyi "Cəvabi Molla" şeirində bildirən B.Abbaszadə "Molla əmi"yə üzrxahlıqla deyirdi:

Molla əmi sözlərüvü annadım,
Vaxt deyilmiş, mən əbəs bannadım,
Yazmış idim, sonra peşimannadım,
Fikrə gedib öz-özümə dannadım.
Xətb eləyib yazdım əbəs, Molləmi!
Qət oluneydi bu nəfəs, Molləmi!


("Molla Nəsrəddin", 1909, №24)

"Molla Nəsrəddin" ədəbi məktəbinin milli mədəniyyətimizə bəxş etdiyi ədəbi-bədii, ictimai-estetik fikir çələngində B.Abbaszadə də layiqli yer tutur.

Ədəbiyyat:

Məşrutə. "Molla Nəsrəddin"jurnalı, Tiflis, 1908, №10;
Həmşəri. Siyasi məsələ. "Molla Nəsrəddin" jurnalı, Tiflis, 1908, №47;
Lağlağı. Mətbəə. "Molla Nəsrəddin" jurnalı, Tiflis, 1909, №31;
Həmmal. Cəvabi-Molla. "Zənbur" jurnalı, 1909, 21 avqust, №24.;
A.Rüstəmli. Bayraməli Abbaszadə: mühiti və mücadiləsi. Bakı, "Ozan", 2014, 224 s.


filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 40-42

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə