Cəfər Cabbarlı


Cəfər Cabbarlı Cəfər Qafar oğlu Cabbarlı (20.03.1899, Xızı – 31.12.1934, Bakı) - Şair, nasir, dramaturq, tərcüməçi, jurnalist, teatrşünas, kinossenarist, Əməkdar incəsənət xadimi (1933), Bakı XDS deputatı (1934). Cəfər Cabbarlı XX yüzilliyin əvvəllərində ailəlikcə Bakı şəhərinə köçmüş, ilk və orta təhsilini burada almışdır. Yaradıcılığa erkən yaşlarından başlayan ədibin bədii irsi içərisində “Molla Nəsrəddin” jurnalının təsiri ilə yazılan satirik əsərlər mühüm yer tutur.

C.Cabbarlının ilk mətbu əsərləri 1911-ci ilin noyabr ayında “Həqiqəti-əfkar” (Bakı) qəzetində çıxan “Eşidənlərə” və “Şücaətim” sərlövhəli lirik və satirik şeirləridir. Bakıda nəşr edilən “Məzəli” (1914-1915), “Babayi-Əmir” (1915-1916) və “Molla Nəsrəddin” (1922-1931) satirik jurnallarında C.Cabbarlı “Kəmşüur”, “Qəyyur”, “Qəyyur Əyyar”, “Əyyari-Kəmşüur”, “Kəmşüur Əyyar”, “Sancaq”, “Zəhər” və b. gizli imzalarla satirik şeirlərini çap etdirmiş, kəsərli söz ustası, qələm sahibi kimi tanınmışdır. Mühitin ictimai geriliyini, sosial ədalətsizliyini, mənəvi tənəzzülünü kəskin bədii boyalarla qələmə almışdır.

Cəmiyyətdə uzun əsrlərdən bəri yer almış real mənzərələrin satirik tip tərəfindən inkarı, xülyanın, təxəyyülün isə gerçəklik kimi təqdim edilməsi uğurlu bədii manevr olmaqla yanaşı, acı və düşündürücü gülüşün etibarlı qaynaqlarıdır. Milli mentalitetə yad və zərərli xüsusiyyətlərin ifşası təbii ki, satirik poeziyanın qarşısında dayanan mühüm vəzifələrdən biridir və gənc Cəfərin bu başlıca ideya istiqamətinə bir sənətkar kimi sadiq qalması onun digər tənqidi əsərləri ilə də təsdiqlənir.

C.Cabbarlının “Molla Nəsrəddin” jurnalı ilə sıx, intensiv yaradıcılıq əlaqələri 1925-ci ildə xüsusilə diqqəti cəlb etməkdədir. Burada onun “Sancaq” gizli imzası ilə dərc etdirdiyi felyetonlardan böyük bir qisminin mövzusu İranda baş verən tarixi hadisələrdən götürülmüşdür. XX əsrin 20-ci illərində xalq etirazlarının şahlıq rejimini təlatümə gətirməsi, nicat yolunun axtarışı, feodal üsul-idarə başçısının çarəsiz durumu satiralarda yüksək peşəkarlıqla yer almışdır. C.Cabbarlı “Şahnamə”, yaxud “Qacarnamə”, “Allahu-ələm”, “Olacaq-olmayacaq?”, “Olacaq!”, “Məqsəd nədir?”, “Parisdən Tehrana”, “Tehrandan Parisə” və “Gözün aydın” satiralarını “Molla Nəsrəddin”də ay yarım ərzində – 1925-ci ilin noyabrın 7-dən dekabrın 19-dək çap etdirmişdir. Bu fakt bir tərəfdən şairin poetik yaradıcılıq imkanlarının, istedadının, digər tərəfdən İranda sürətlə cərəyan edən siyasi proseslərin göstəricisi kimi diqqəti cəlb edir. Əhməd şah Qacarın (1897-1930) Parisə qaçması və Rza xan Pəhləvinin (1878-1944) şahlığa can atması, onların bir-birlərinə məktubları və s. adları çəkilən siyasi satiraların süjet xəttini təşkil edir. “Şahnamə”, yaxud “Qacarnamə”də sülalənin sonuncu şahı olan Sultan Əhmədin millətini, vətənini zillət, müsibət içində qoyub Parisdə kef çəkməsindən, İranın sərvətini talan etməsindən, məşəqqətlərə düçar olmuş “rəncbər və dehqan”ların fəryadlarını eşitməzliyə vurmasından bəhs edilir. Şairin başqa bir satirasında isə İranda siyasi durumun “Qaynar bir qazan”a çevrildiyi vurğulanır, millətin hələ 12 yaşından şahlıq taxtına əyləşən Rza xana lənət oxumasından söz açılır:

Olmuşdur İran,
Qaynar bir qazan,
Nədir qaynaşan?
Allahu-ələm!

Çıxmışdır əlan,
Sırtıq bir oğlan,
Adı İrza xan,
Yaxşıdır, yaman?
Allahu-ələm!


C.Cabbarlının “Olacaq-olmayacaq?” və “Olacaq!” satiraları Rza xanın şahlıq öncəsi psixoloji əhval-ruhiyyəsini, siyasi durumunu və düşüncəsini özündə əks etdirən maraqlı şeir nümunələridir. Vaxtilə sələfinin mühafizəsində xidmət göstərən Rza xan xəyanətlər nəticəsində Əhməd şahı İrandan uzaqlaşdırdıqdan sonra onun yerinə şah olacağı günü gözləyir, həyəcan keçirir, “şod, noşod” deyərək fala baxır, xalqın onu yaxşı tanımamasından narahatlıq keçirir, özü içindəki “mən”i ilə danışır. “Molla Nəsrəddin”in eyni sayında “Olacaq-olmayacaq?” şeirinə cavab kimi verilmiş “Olacaq” satirasında Rza xanın tərəddüdlərinin səbəblərinə işarə edilir. “Parisdən Tehrana”, “Tehrandan Parisə” satiraları da “Molla Nəsrəddin” jurnalının eyni – 1925, 12 dekabr tarixli 50-ci sayında, Rza xan Pəhləvinin İran şahı elan edilməsindən üç gün əvvəl dərc edilmişdir. Şeirlər Əhməd şahın “Parisdən Tehrana”, Rza xanın isə “Tehrandan Parisə” teleqramı şəklində verilmişdir. Taxt-tacı, küll-ixtiyarı əlindən çıxmış Əhməd şah xalq arasında nüfuzdan düşməsinin səbəblərini arayır, əhaliyə münasibətdə özündən ciddi fərqlənməyən sabiq mühafizəçisi Rza xanın addımlarına təəccüblənir, gileyini tehranlı həmkarına göndərərək soruşur:

İrzə xan, sən məşədi, mən hacıyam, Sən elin qamçısı, mən qırmacıyam. Sən bir az “çəp” yüyürən, Mən də bir az qıyqacıyam. İkimiz bir ağacın meyvəsiyik, Nədəndir sən şirinsən, mən acıyam?

Şeir ifadə tərzi baxımından sadə, aydın və axıcı olmaqla yanaşı, məna, məzmun etibarilə də dolğundur. C.Cabbarlı bu şeirində şahların bir-birini əvəz etməsilə cəmiyyətdə köklü dəyişikliyə nail olmağın mümkünsüzlüyünü böyük ustalıqla açıb göstərmişdir.

C.Cabbarlının İran mövzusunda yazdığı sonuncu satirik şeiri Rza xanın şahlıq taxtına sahib çıxandan sonra “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi “Gözün aydın” satirasıdır. Satiradakı ironiyanın yaratdığı acı təbəssüm sızladıcı olduğu qədər də düşündürücüdür. Müəllif heç vaxt İranda olmasa da, bu ölkədə baş verən neqativ hadisələri, ictimai-siyasi prosesləri diqqətlə, ürək ağrısı ilə izləmiş, qəlbinin çırpıntılarını, zalımlara, cəlladlara nifrətini satirik bir dillə bəyan etməkdən çəkinməmişdir.

Ədəbiyyat:

Sancaq. "Allahu-Ələm". "Molla Nəsrəddin", 1925, №47;
Sancaq. "Parisdən Tehrana". "Molla Nəsrəddin"jurnalı, 1925, №50;
Sancaq. "Gözün aydın". "Molla Nəsrəddin", 1925, №51.;
A.Rüstəmli. Cəfər Cabbarlı: həyatı və mühiti. Bakı, "Elm", 2009, 416 s.


Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 47-48

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə