"Molla Nəsrəddin" ədəbi məktəbi

"Molla Nəsrəddin" ədəbi məktəbi XX əsrin əvvəllərinin mürəkkəb bir mərhələsində cəmiyyətdə baş verən mühüm ictimai-siyasi, ədəbi-mədəni hadisələr fonunda formalaşan, böyük amallar uğrunda mübarizədə vahid məslək ətrafında birləşən, mollanəsrəddinçi satirik üslubun möhkəm təməlləri üzərində qərarlaşaraq ədəbiyyatda köklü tarixi dönüş yaradan, milli nəsrin, poeziya və publisistikanın sonrakı inkişafının təminatçısına çevrilən yazıçıların möhkəm yaradıcılıq birliyi formasıdır. "Molla Nəsrəddin" jurnalı ətrafında C.Məmmədquluzadənin səyləri ilə birləşib mövzu, ideya, tənqid hədəfləri və dil-üslub etibarilə eyni mövqedən çıxış edən yazıçı və şairlərin amal və yaradıcılıq birliyi əsasında eyniadlı ədəbi məktəb yaranıb inkişaf etmişdir.

"Molla Nəsrəddin" Azərbaycan ədəbiyyatı tarixində həm ilk satirik jurnal, həm də xüsusi ədəbi məktəb yaratmış milli mətbuat orqanıdır. Bir ədəbi məktəb kimi, "Molla Nəsrəddin" məktəbi Nizami, Füzuli və Mirzə Fətəli Axundzadə məktəbləri ilə yanaşı durur. Böyük demokrat ədib və ictimai xadim C.Məmmədquluzadə "Molla Nəsrəddin" ədəbi məktəbinin yaradıcısı və rəhbəridir. 25 il fəaliyyət göstərən, Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus izlər açan və milli-ideoloji konsepsiyanı, azərbaycançılığı əsas fəaliyyət proqramına çevirən "Molla Nəsrəddin" jurnalı realist-satirik ədəbiyyatın, satirik publisistikanın, karikatura sənətinin əsasını qoymuş, tənqidi realizmi, mollanəsrəddinçilik ədəbi təlimini meydana gətirmişdir.

Azərbaycan satirik ədəbiyyatının zirvəsini fəth edən "Molla Nəsrəddin" ədəbi məktəbinin təmsilçiləri C.Məmmədquluzadənin rəhbərliyi ilə tənqidi-realist ədəbiyyatın mükəmməl sistemini formalaşdırmış və böyük bir mollanəsrəddinçilər ordusuna çevrilmişlər. "Molla Nəsrəddin" jurnalı eyniadlı ədəbi məktəbin və tənqidi realizm ədəbi cərəyanının əsas cəbbəxanası və baş qərargahı funksiyasını həyata keçirmişdir. "Molla Nəsrəddin" ədəbi məktəbi Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni mühitində mühüm bir hadisədir. Bu ədəbi cəbhə ətrafında birləşən realist-satirik sənətkarlar dövrün ən ciddi ictimai-siyasi problemlərini və taleyüklü məsələlərini yaradıcılıqlarının baş mövzusuna çevirmişlər. İctimai-ədəbi fikrin aparıcı qüvvəsi olan mollanəsrəddinçilərin yaradıcılıq fəaliyyəti ilə Azərbaycan mətbuatının və ədəbiyyatının yeni epoxası başlanmışdır. Milli oyanış və dirçəliş, azərbaycançılıq, cümhuriyyətçilik və müstəqil dövlətçilik, millilik və demokratiya, mübarizə və azadlıq "Molla Nəsrəddin" ətrafında yaranan ədəbiyyat və mətbuatın ana xəttini, başlıca qayəsini təşkil etmişdir. Azərbaycançılıq- "Molla Nəsrəddin" jurnalında və eyniadlı ədəbi məktəbin təmsilçilərinin yaradıcılığında xüsusi bir milli məfkurə səviyyəsinə çatdırılmışdır.

"Molla Nəsrəddin" ədəbi məktəbini təmsil edən yazıçı və şairlərin ali məqsədi mövcud cəmiyyəti xalqın milli və ictimai maraqlarına uyğun surətdə dəyişdirməyə və respublika tipli müstəqil dövlət qurmağa nail olmaq idi. Bu mənada XX əsrin əvvəllərində, 1918-1920-ci illərdə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxmasında "Molla Nəsrəddin" məktəbi ideallarının böyük rolu olmuşdur.

İdeya-siyasi cəhətdən "Molla Nəsrəddin" jurnalı təkcə Azərbaycanın deyil, türk-müsəlman dünyasının oyanışı və tərəqqisi uğrunda mübarizə aparmışdır. Bu baxımdan, C.Məmmədquluzadə və mollanəsrəddinçilər geniş dünyagörüşə malik olub, ümumiyyətlə, regionda müstəqillik, respublika tipli dövlət quruluşu, azadlıq və demokratiya carçısı kimi tanınmışlar. "Molla Nəsrəddin" ədəbi məktəbinin yaradıcılıq prinsipləri aşağıdakılar idi: ictimai satiranı ön mövqeyə çəkmək, realist-satirik üslubda və sadə, "açıq ana dilində" yazıb-yaratmaq, cəmiyyəti dəyişməyə xidmət edən tənqidi yanaşmaları ədəbiyyatın əsas silahına çevirmək, satirik tipikləşdirmə üsullarından yaradıcı şəkildə istifadə etmək, "kiçik adam"ı böyük ədəbiyyatın əsas, aparıcı obrazı səviyyəsinə qaldırmaq və haqları tapdalanmış sadə insanların keşməkeşli taleyini təsvir etməklə xalqın milli-mənəvi özünüdərkinə və oyanışına nail olmaq. C.Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalı vasitəsilə mollanəsrəddinçilərin ideya cəhətdən strategiya və taktikasını, sənət baxımından isə yaradıcılıq prinsiplərini meydana qoymuşdur. Məhz C.Məmmədquluzadənin ardıcıl səyləri nəticəsində "Molla Nəsrəddin"in məsləkinə, ədibin öz sözləri ilə desək, "hər babətdən" uyğun gələn yaradıcı qüvvələr üzə çıxarılıb jurnalın ətrafında birləşdirilmiş, onların vahid mövqedən yeni həyat və yeni ədəbiyyat uğrunda mübarizəsinə nail olunmuşdur. Ona görə də C.Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmaqla bərabər, həm də "Molla Nəsrəddin" ədəbi məktəbinin yaradıcısı və rəhbəridir. C.Məmmədquluzadəyə aid edilən "mollanəsrəddinçilərin ağsaqqalı" anlayışı "Molla Nəsrəddin" ədəbi məktəbinin başçısı mənasını ifadə edir. "Molla Nəsrəddin" məktəbi – Cəlil Məmmədquluzadə ədəbi məktəbi deməkdir. Bununla belə, C.Məmmədquluzadənin yeni tipli bədii yaradıcılığı, "Molla Nəsrəddin" jurnalının cəmiyyətin və ədəbiyyatın bütün sahələrinə təsir göstərməsi, böyük vətəndaş ədibin oyatdığı mollanəsrəddinçi ədəbi cəbhənin nümayiş etdirdiyi birlik bu yaradıcı qüvvələrin nüfuz dairəsini daha da genişləndirmişdir. Buna görədir ki, "Molla Nəsrəddin" jurnalı dövrün ən aparıcı mətbuat orqanı, C.Məmmədquluzadə isə müasiri olmuş, tanınmış yazıçı Y.V.Çəmənzəminlinin sözləri ilə desək, "ədəbi dövrün başçısı" kimi qəbul olunmuşdur.

"Molla Nəsrəddin" ədəbi məktəbi ədəbiyyatda və mətbuatda mollanəsrəddinçilik təlimini formalaşdırmışdır. Mollanəsrəddinçilik – ideya-sənətkarlıq cəhətdən "Molla Nəsrəddin" ədəbi məktəbinin əsaslarını təşkil edən ədəbi təlimdir. C.Məmmədquluzadə bu ədəbi məktəb vasitəsilə Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının əsasını qoymuş, ədəbiyyatda yeni realist-satirik üslubu formalaşdırmışdır. "Molla Nəsrəddin" ədəbi məktəbinin nümayəndələri çoxəsrlik Azərbaycan ədəbiyyatında tamamilə yeni tarixi mərhələni formalaşdırmış, həyatı, ictimai gerçəkliyi ən dərin qatlarına kimi açıb göstərmiş, ağlın və idrakın dərk edə biləcəyi hər şeyi xalqa anlatmış, Azərbaycan ədəbiyyatında mövcud ənənələrdən fərqli bir üslub – "Molla Nəsrəddin" üslubu yaratmışlar. "Molla Nəsrəddin" ədəbi məktəbi Azərbaycan ədəbiyyatında realist-satirik ədəbiyyatın inkişafına xidmət edən yazıçı və şairlərlə yanaşı, karikaturaçıları da öz ətrafında birləşdirmişdir. "Molla Nəsrəddin" ədəbi məktəbi anlayışı geniş mənada "Molla Nəsrəddin" satirik şeir məktəbi (buna Sabir satira məktəbi də deyilir – İ.H), "Molla Nəsrəddin" nəsr məktəbi, "Molla Nəsrəddin" karikatura məktəbi və "Molla Nəsrəddin" satirik publisistika məktəbi istiqamətlərini əhatə edir. "Molla Nəsrəddin" nəsr məktəbini əsasən C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Z.Marağayi və E.Sultanov təmsil edirlər. "Kiçik adamı" ədəbiyyatın böyük qəhrəmanına çevirmiş bu realist-satirik nəsr məktəbi Azərbaycan ədəbiyyatına bədii nəsrin sadə dildə yazılmış nadir əsərlərini – əsl şedevrlərini bəxş etmişdir. Sabir satira məktəbi kimi şöhrət qazanmış mollanəsrəddinçi satirik şeir məktəbi yeni ədəbi hadisə olub, Azərbaycan ədəbiyyatı tarixində ictimai məzmunlu tənqidi-realist şeiri ədəbiyyatın ön cəbhəsinə çıxarmışdır. M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi, M.Ə.Möcüz, B.Abbaszadə-Hambal, Baxçaban, Ə.Məhzun, M.Sabit və başqaları Sabir satira ənənələrini yaradıcı şəkildə davam etdirmişlər.

"Molla Nəsrəddin" satirik publisistika məktəbi C.Məmmədquluzadə tərəfindən yaradılmışdır. C.Məmmədquluzadə Azərbaycan satirik publisistikasının mükəmməl nümunələrini yaratmışdır. İlk dəfə o, satirik publisistikanın felyeton, teleqram, poçt qutusu, lüğət və sair janrlarını mətbuata gətirmişdir. Mollanəsrəddinçi şair və yazıçıların əksəriyyəti, xüsusən M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsar satirik publisistika ilə məşğul olmuşlar. Mollanəsrəddinçi publisistika Azərbaycan satirik publisistikasının qızıl fondunu təşkil edir. "Molla Nəsrəddin" jurnalının ardınca nəşr edilən "Bəhlul", "Zənbur", "Arı", "Kəlniyət", "Lək-lək", "Tuti", "Məzəli", "Babayi-Əmir", "Tartan-partan", "Məşəl" və s. satirik mətbuat orqanları bu satira jurnalının fəal davamçılarına çevrilmişlər. "Molla Nəsrəddin" jurnalının təsiri ilə Türkiyədə, İranda, Orta Asiyada və Tatarıstanda da satirik qəzet və jurnallar təsis edilmiş, satirik mətbuatın geniş şəbəkəsi formalaşdırılmışdır.

Azərbaycanda ilk dəfə karikaturadan "Molla Nəsrəddin" jurnalında istifadə olunmuşdur. "Molla Nəsrəddin"in birinci sayının üz qabığında çap edilmiş "Müsəlman dünyasının oyanışı" adlı proqram xarakterli karikatura C.Məmmədquluzadənin sifarişi ilə Tiflis Rəssamlıq və Heykəltəraşlıq Məktəbinin müdiri, Münhen Rəssamlıq Məktəbinin yetirməsi, tanınmış alman rəssamı O.Şmerlinq tərəfindən çəkilmişdir. O.Şmerlinq sovet hakimiyyəti illərində də "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, bu jurnal üçün səkkiz yüzdən çox karikatura çəkmişdir. Müxtəlif illərdə "Molla Nəsrəddin"lə əməkdaşlıq etmiş Ə.Əzimzadə, İ.Axundov, Q.Xalıqov, Y.V.Çəmənzəminli, H.Əliyev, H.Zeynalov, Ə.Hacıyev (Azərbaycan), K.Dorş, Qrinyevski (Rusiya), O.Şmerlinq, İ.Rotter (Almaniya), Beno (Ukrayna), S.Behzad, M.Müsəvvir (Təbriz), X.Musayev (Dağıstan), Giladze (Gürcüstan) və b. karikatura ustaları "Molla Nəsrəddin" jurnalı vasitəsilə yetişib parlamış, ad-san qazanmışlar. Bununla belə, Azərbaycanda milli karikatura məktəbinin banisi görkəmli mollanəsrəddinçi rəssam Ə.Əzimzadədir. Göründüyü kimi, "Molla Nəsrəddin" jurnalı ətrafında C.Məmmədquluzadənin formalaşdırdığı məktəb Azərbaycanda milli mətbuatın ədəbi cəbhəsi əsasında yaradılmış ilk ədəbi məktəbdir. Eyni tarixi epoxada fəaliyyət göstərmiş Ə.Hüseynzadənin baş redaktor olduğu "Füyuzat" jurnalı da ədəbi məktəb yaratmağa nail olmuşdur. Azərbaycan ədəbiyyatında tənqidi realizm "Molla Nəsrəddin"in, romantizm isə "Füyuzat"ın bazasında yaranıb inkişaf etmişdir.

"Molla Nəsrəddin" ədəbi məktəbi özünə qədər Azərbaycan ədəbiyyatında mövcud olmuş Nizami, Füzuli, Vaqif, Mirzə Fətəli Axundzadə, özündən sonra yaranmış Səməd Vurğun, Rəsul Rza məktəbləri kimi ədəbiyyat tariximizdə mühüm yer tutur. Ədəbi məktəb anlayışı baxımından xüsusi əhəmiyyətə malik olan, formalaşdırdığı ədəbi ənənələrin davamlı, uzunömürlü, hətta bəzən əbədi olması prinsipi "Molla Nəsrəddin" ədəbi məktəbi üçün də xarakterikdir. "Molla Nəsrəddin" realist-satirik ədəbi məktəbinin davamlı və dayanıqlı ənənələri özündən sonrakı ədəbiyyatın, mətbuatın və ictimai fikrin daim yeniləşməsi və inkişafına güclü təsir göstərmişdir. Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil etmiş "altmışıncılar ədəbi nəsli"nin ideya və sənət baxımından təşəkkülündə C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalının böyük rolu olmuşdur. Azərbaycan satirik mətbuatı özünün sonrakı bütün inkişafı üçün "Molla Nəsrəddin" jurnalı ənənələrinə borcludur. Dövlət müstəqilliyi illərində də Azərbaycanın milli istiqlalına bir ordudan çox xidmət göstərmiş "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələri ədəbiyyatda, mətbuatda, təsviri sənətdə, ictimai fikirdə yaşayır və özünün tarixi missiyasını dönmədən davam etdirir.

Ədəbiyyat:

N.Axundov. "Molla Nəsrəddin" jurnalının nəşri tarixi. Bakı, Azərnəşr, 1959, 257 s.;
Y.Qarayev. Realim: sənət və həqiqət. Bakı, "Elm", 1980, 260 s.;
M.C.Paşayev. Azərbaycanda ədəbi məktəblər. Bakı, "Ziya-Nurlan", 2004, 392 s.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan, "Əcəmi", 2009, 424 s.;
İ.Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. Əsərləri. 10 cilddə II cild. Bakı, "Elm və təhsil", 2017, 1068 s.;
İ.Həbibbəyli. "Molla Nəsrəddin" məktəbi və mollanəsrəddinçilik //"Azərbaycan" qəzeti, 15 iyul 2010, №150.


akademik İsa Həbibbəyli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 268-271

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə