Əli Məhzun


Əli Məhzun Əli Hacı Zeynalabdin oğlu Rəhimov (1886, İrəvan – 1934, Bakı) - Tanınmış mollanəsrəddinçi şair, "Bürhani-həqiqət" (1 yanvar – 29 iyun 1917) jurnalının müdiri və mühərriri. Əli Məhzun Rəhimovun publisistik yazıları, satirik poeziyası, yumoristik deyimləri bu gün də müasirlik duyğusunu, tənqidi ruhunu qoruyub saxlamaqdadır. O, cümhuriyyət dövrünə qədər "Molla Nəsrəddin" satirik ənənələrinin davamçısı olan "Məzəli" (1914-1915), "Tuti" (1914-1917), "Lək-lək" (1914), "Babayi-Əmir" (1915-1916), "Bürhani-həqiqət" (1917) jurnallarında "Yetim cücə" imzası ilə tənqidi ruhlu əsərlərini çap etdirmişdir.

Ə.Məhzun "Molla Nəsrəddin" jurnalı ilə 1909-1917-ci illərdə sıx əməkdaşlıq etmiş, "Yetim cücə" imzası ilə çap etdirdiyi satirik əsərlərində dövrün, zamanın ən aktual problemlərini qabartmış, xüsusilə dini fanatizmi, savadsızlığı, ətaləti kəskin tənqid etmiş, günün ictimai ictimai hadisələrinə açıq münasibətini bildirmişdir.

Onun "İranlı olmasaydı" adlı satirik şeiri ilk dəfə "Molla Nəsrəddin" məcmuəsinin 1914-cü il 11 aprel tarixli 13-cü nömrəsində "Yetim cücə" gizli imzası ilə çap olunmuşdur. Təkzibolunmaz faktdır ki, "Yetim cücə" B.Abbaszadənin deyil, Ə.M.Rəhimovun gizli imzası olmuşdur. Bu gizli imza "Bürhani-həqiqət" məcmuəsinin 1917-ci ilin 6-cı nömrəsində "Hərdənbir" başlığı ilə dərc olunan yazının Ə.Məhzuna məxsus olduğunu göstərir. Həmin yazının "Yetim cücə" gizli adı ilə verilməsi bu məsələyə tam aydınlıq gətirir. Bu barədə ilk dəfə ədəbiyyatşünas alim A.Rüstəmli "Özgə imzalar" sərlövhəsi ilə "Azərbaycan" jurnalının 1989-cu il 1-ci nömrəsində (s.176-180) çap etdirdiyi məqaləsində, daha sonra isə görkəmli mollanəsrəddinçi şair B.Abbaszadəyə həsr etdiyi "Tufanlardan keçən ömür" (Bakı, Sabah, 1995, s.40-41) monoqrafiyasında məlumat vermişdir. Ə.Məhzun çoxşaxəli yaradıcılığında uşaqlar üçün mövzulara da geniş yer vermişdir. Onun şair Hacı Kərim Sanılı ilə müştərək yazdığı "Meymun və ilan" kitabı 1927-ci ildə Azərnəşr tərəfindən çap edilmişdir.

O, Sovet dövründə də "Molla Nəsrəddin"in son nömrəsinədək (1931) fəal iştirak etmiş və bir müddət jurnalın məsul katibi vəzifəsində çalışmışdır. Ə.M.Rəhimov 1934-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Ədəbiyyat:

Mollanəsrəddinçi şairlər. (Tərtibçilər: A.Zamanov, K.Əliyev; Redaktor: A.Zamanov). Bakı, "Yazıçı", 1986, 279 s.;
A.Rüstəmli. Tufanlardan keçən ömür. Bakı, "Sabah", 1995, 132 s.;
H.Həşimli. Əli Məhzun və "Ədəbiyyata dair" əsəri. Bakı, "Nurlan", 2009, 80 s.


filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 101

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə