Əli Nazim
Əliəkbər Mahmud oğlu Mahmudzadə (1906, Təbriz – 31.08.1941, Oryol) - Görkəmli ədəbiyyatşünas, tənqidçi.
Əli Nazim 1906-cı ildə Təbrizdə anadan olmuşdur. 1908-ci ildə ailəsi ilə birlikdə Batuma köçmüş, 1924-cü ilə qədər burada yaşayaraq ibtidai təhsil almışdır. O, 1924-cü ildə Bakıya gələrək Pedaqoji Texnikumda təhsilini davam etdirmişdir. C.Məmmədquluzadənin redaktoru olduğu "Yeni yol" qəzetinin mətbəəsində əvvəl buraxılışa məsul, sonra isə redaksiyada ədəbiyyat və təhsil şöbəsinin müdiri vəzifəsində (1924-1925) fəaliyyət göstərmişdir. Ə.Nazim 1925-ci ildə Azərbaycan KP MK-nın göndərişi ilə A.S.Yenukidze adına Leninqrad Şərq İnstitutunun Türkologiya Seminariyasına göndərilərək türkologiya ixtisasına yiyələnmişdir. Müəllimləri – akademik A.N.Samoyloviçin və professor Y.E.Bertelsin tövsiyəsi ilə 1927-ci ildə Leninqrad Şərq İnstitutundan 6 ay müddətinə İstanbula elmi ezamiyyətə göndərilmişdir. 1928-ci ildə Leninqradda təhsilini bitirib Bakıya qayıtsa da, Azərbaycan KP MK və Maarif Komissarlığı onu Moskvaya İctimai Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna ezam etmişdir. Ə.Nazim burada aspiranturanı 1930-cu ildə başa vurmuş, RSFSR Xalq Maarif Komissarlığının qərarı ilə ona dosent elmi adı (1930) verilmiş və həmin il Kommunist Partiyası sıralarına daxil olmuşdur. Bir müddət SSRİ XKS-də Qanunların nəşri şöbəsində redaktor, eyni vaxtda Kommunist Akademiyasında elmi işçi və SSRİ Xalqları ədəbiyyatı və incəsənəti seksiyasının elmi katibi (1929 – yanvar 1931) işləmişdir. Bakıya qayıtdıqdan sonra Ə.Nazim Azərnəşrdə Sosialist siyasi ədəbiyyat şöbəsinin müdiri, Az.DETİ-də Dil, Ədəbiyyat və İncəsənət bölməsinin və Ali Pedaqoji İnstitutda Ədəbiyyat və dilçilk kafedrasının rəhbəri vəzifələrində çalışmışdır. 1935-ci ilin əvvəllərindən Azərbaycan Sovet Ensiklopediyasında Ədəbiyyat, dil və incəsənət şöbəsinin redaktoru vəzifəsini icra etmişdir.
Ə.Nazim ədəbi yaradıcılığa 1921-ci ildə Batumda işıq üzü görən "İştirak" qəzetində ilk çıxışı ilə başlamışdır. Onun "Maarif və mədəniyyət", "Molla Nəsrəddin", "Dan ulduzu", "Hücum", "Yeni fikir", "Yeni yol", "Kommunist" qəzetlərində və müxtəlif jurnallarda Cavid, Sabir, Məhəmməd Əmin (Yurdaqul –A.R.) və başqaları haqqında elmi, publisistik məqalələri çap edilmişdir. 1926-cı ildən Gənc Qızıl Qələmlər İttifaqının fəal üzvü olmuş, AYİ tənqid və ədəbiyyatşünaslıq seksiyasına rəhbərlik etmişdir. Ədəbiyyat Ensiklopediyasında (Moskva) "Hüseyn Cavid", "Əli bəy Hüseynzadə", "Abdulla Cövdət", "Ziya Göyalp", "Ziya Paşa", "Məhəmməd Fuad Köprülüzadə", "Namiq Kamal", "Lahuti" və b. məqalələrin müəllifidir. "XIX-XX əsr Azərbaycan ədəbiyyatı tarixi" və "Mirzə Fətəli Axundzadənin fəlsəfi görüşləri", "Cəlil Məmmədquluzadə və yaradıcılığı" kitabları onun qələminə məxsusdur. Professor B.Çobanzadənin və Az.FAN-ın sədr müavini R.Axundovun 1935-ci ildə Əli Nazim Mahmudzadəyə geniş rəy və müraciətindən sonra SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti 1936-cı il 15 may tarixli qərarı ilə ona müdafiə etmədən ədəbiyyatşünaslıq üzrə "İctimai elmlər namizədi" elmi dərəcəsi vermişdir (AMEA RH Arxivi, fond-39, siy-1,s.v.103, qutu-5).
Az.OZFAN-dan SSRİ Elmlər Akademiyasına 1933-cü il martın 22-də təqdim edilən nomenklatura siyahısında Ədəbiyyat Sektorundan dosent Ə.Nazim, professor A.V.Baqriy, H.Səmədzadə, C.Rəfibəyli, Dil Sektorundan isə professor B.Çobanzadə, dosent A.Tağızadə, İ.Həsənov və b. yer almışdır. Az.OZFAN-ın 23 may 1933-cü il tarixli 36 saylı əmri ilə Ə.Nazim yeni yaradılmış "Ədəbi abidələrin nəşri" seksiyasının da müdiri təyin edilmişdir.
SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin Az.DETİ və ya Az.DƏSİ ilə müqayisədə müstəqil səlahiyyət imkanları məhdudlaşsa da, zəruri elmi-təşkilati məsələlərdə asılılıq pillələri artsa da, Ədəbiyyat Sektoru kiçik bir qrup ilə böyük mövzular üzrə tədqiqatlar aparmağı qarşısına məqsəd qoymuşdur. 1933-cü ilin illik hesabat yığıncağında çıxış edən dosent Ə.Nazim Ədəbiyyat Sektorunda "yetərincə mütəxəssis olmamasının narahatlıq doğurduğunu", XVIII-XIX əsr Azərbaycan ədiblərinin əlyazmalarını əldə etmək üçün xarici ölkələrin arxivlərindən, kitabxanalarından materialların surətlərinin, foto-şəkillərinin toplanması, Moskvaya, Leninqrada, Tehrana elmi işçilərin ezam olunması zərurətini, hazırlanmış 4 monoqrafiyanın nəşri məsələsini Az.OZFAN rəhbərliyi qarşısında ciddi problem kimi qaldırmışdır. Mütəxəssis problemi ilə bağlı B.Talıblı, Ə.Abid, M.Rəfili, A.Avadyayev, Q.Quluzadə, D.Quliyev, P.Sultanov, S.Salmanova, M.Ə.Mirqasımov və b. yeni ədəbi qüvvələr Ədəbiyyat Sektoruna işə qəbul edildi. 1933-cü il dekabrın 4-də Az.OZFAN-ın Rəyasət Heyətinin İctimai Elmlər şöbəsinin müdiri, akademik İ.İ.Meşaninovun rəhbərliyi ilə sektor və seksiyalarda kadr və struktur dəyişikliyi həyata keçirildi. Ə.Nazim Ədəbiyyat Sektorunun və Ədəbi abidələrin nəşri seksiyasının rəhbəri təyin edildi.
Ədəbiyyat Sektoru 1933-cü ilin sonunda əhatə dairəsini xeyli genişləndirərək Ədəbi abidələrin nəşri, Ədəbi irs, Türk ədəbiyyatı və Şifahi ədəbiyyat seksiyalarını yaratmışdır. 1934-cü il üçün Ədəbiyyat Sektorunun nəzərdə tutduğu iş planı ədəbiyyatşünaslıq elmimizin dirçəlişi istiqamətində ciddi addımlar atıldığından xəbər verirdi. Ə.Nazimin planına Molla Nəsrəddinin (Cəlil Məmmədquluzadənin – İ.H., A.R.) 1-ci cildini (10 ç.v.) çapa hazırlamaq tapşırılmışdır.
"Ədəbi abidələrin nəşri silsiləsindən: 1."M.F.Axundzadənin fəlsəfi əsərləri", rus dilində, həcmi 15 ç.v., icraçı Ə.Nazim, redaktoru R.Axundov. 2."M.F.Axundzadənin əsərlərinin tərtibi", türk dilində, həcmi 30 ç.v., icraçı Ə.Abid, redaktorları R.Axundov və Ə.Nazim. 3. Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin) əsərlərinin tədqiqi. türk dilində, həcmi 20 ç.v., icraçı H.Səmədzadə, redaktoru Ə.Nazim təyin edilmişdir. Azərbaycan ədəbiyyatı tarixi problemləri ilə bağlı iki iş icraya təqdim olunmuşdur: 1. "Molla Nəsrəddin" jurnalının tarixi. Türk dilində, həcmi 2 ç.v., icraçı H.Səmədzadə, redaktoru Ə.Nazim. 2.Azərbaycan ədəbiyyatında Mirzə Şəfinin yeri. Türk dilində, həcmi 2 ç.v., icraçı Ə.Abid, redaktoru Ə.Nazim nəzərdə tutulmuşdur.
Dil və Ədəbiyyat İnstitutu direktorunun 1936-cı il 16 mart tarixli 4 saylı əmri ilə Ə.Nazim (Mahmudzadə direktor müavini təyin edilmişdir. O, bu vəzifədə sentyabrın 7-dək fəaliyyət göstərsə də, C.Məmmədquluzadənin bədii əsərlərindən ibarət 2-ci cildi (şərhlərlə birlikdə 31 ç.v.) üzərində redaktə işini başa çatdıraraq Azərnəşrə təhvil vermişdir.
Ə.Nazim 1937-ci il mart ayının 18-də, bazar günü həbs edilmişdir. Novruz bayramı günü, martın 22-də müstəntiqin ona qarşı irəli sürdüyü ittiham İstanbulun "Türk yurdu" dərgisinin (1927) iki sayında çap edilən "Yeni Azərbaycan ədəbiyyatı" adlı məqaləsi olmuşdur. Oktyabrın 13-də (1937) SSRİ Ali Məhkəməsi Hərbi kollegiyası səyyar sessiyasının qərarı ilə Ə.Nazimə 10 il həbs cəzası verilmiş və o, 1941-ci ilin avqustun 31-də Oryol həbsxanasında vəfat etmişdir.
Ədəbiyyat:
İ.Həbibbəyli, A.Rüstəmli. Nizami adına Ədəbiyyat İnstitutu: Davamlı ənənələr və müasirləşmə yollarında (1933-2013). Ədəbiyyat məcmuəsi (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əsərləri). XXIV cild. Bakı, "Elm və təhsil", 2013, s. 35-88.
filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 102-103