Əli Nəzmi


Əli Nəzmi Əli Məhəmməd oğlu Məmmədzadə (1878, Gəncə, Sərab k. – 04.01.1946, Bakı)- Mollanəsrəddinçi şair, ədəbiyyatşünas, tərcüməçi, "Molla Nəsrəddin" ədəbi məktəbinin əsas yaradıcılarından biri, Sabirin layiqli davamçısı. Əli Nəzmi ilk təhsilini mollaxanada aldıqdan sonra rus-tatar məktəbində oxumuşdur. Atasının ölümündən sonra ailənin maddi sıxıntılar içərisində keçən güzəranına görə o, işləməyə məcbur olmuş, Buxara və Səmərqənd şəhərlərinə gedərək tacir dükanında şagirdlik etmişdir. Klassik Şərq ədəbiyyatını mütaliə edən Ə.Nəzmi bu illərdə "Bikəs" təxəllüsü ilə şeirlər yazmışdır. Ə.Nəzmi "Kəndə ibtida" adlı ilk mətbu şeirini 1904-cü ildə C.Məmmədquluzadənin əməkdaşı və müvəqqəti redaktoru olduğu "Şərqi-Rus" qəzetində dərc etdirmişdir. Şair XX əsrin əvvəllərində fəaliyyət göstərən "Kəlniyət", "Tuti", "Məzəli", "Babayi-Əmir", "Tərəqqi", "Yeni İrşad", "Məlumat" və s. mətbuat orqanlarında çıxış etmişdir. "Molla Nəsrəddin" jurnalının aparıcı əməkdaşlarından birinə çevrilən Ə.Nəzmi felyetonlarını, satirik-yumoristik şeirlərini "Əlidəyənəkli", "Məşədi Sijimqulu", "Həcəmətverdi", "Sərsəri", "Şəmşir", "Şəmşirək", "Peşiman qoca", "Gəncə cavanları", "Şallax", "Qoca zıq-zıq", "Papiros çəkən", "Qanacaqsız", "Kefsiz" və s. imzalarla çap etdirmiş, əsərlərində zülm və istibdadı, yalançı hakim dairələri, fırıldaqçı ruhaniləri tənqid atəşinə tutmuş, azad və xoşbəxt bir cəmiyyətin təbliğinə geniş yer vermişdir. Ə.Nəzmi "Molla Nəsrəddin"də ilk dəfə nəsr nümunələri, felyetonları ilə çıxış etmiş, sonralar satiraları ilə şöhrət qazanmışdır. Şairin jurnalla əməkdaşlığı "Molla Nəsrəddin"in 1906-cı il 11-ci nömrəsində "Əlidəyənəkli" imzası ilə dərc olunmuş bir kiçik məktubla başlanmışdır. C.Məmmədquluzadə mollanəsrəddinçi şairin ədəbi fəaliyyətinə yüksək dəyər vermiş və onu "ikinci Sabirimiz" adlandırmışdır. O, şairin "Sijimqulunamə" (1927) adlı şeirlər toplusunun müqəddiməsində yazır: "Mövzuda və məzmunda müştərək olmalarından savayı, "Molla Nəsrəddin"ə müxtəs bu iki ləzzətli şairi kəlamın məzə və şirinliyi barəsində biz həmişə bir-birinə oxşatmışıq. Və lakin bu da cümləyə məlumdur ki, Sabir heç kəsə yox, bəlkə Sijimqulu Sabirə oxşayıbdır və güman edirəm ki, bir belə təşbihə iftixar da edibdir" (C.Məmmədquluzadə. Xatiratım. Əsərləri 4 cilddə. IV cild. Bakı, "Öndər", 2004, s.263).

Ə.Nəzmi "Molla Nəsrəddin"in fəaliyyətinin dayandırılmasına qarşı yönəldilmiş ciddi təzyiqlərin qarşısını almağa çalışmış, onun mövqeyini müdafiəyə qalxmış, "Molla Nəsrəddin"ə xitabən yazdığı "Qorxuram", "Molla Nəsrəddin", "Molla Nəsrəddin"ə, "Olma", "Üstündən", "Etmə", "Əcəb", "Əbəsdir ahın", "İnan", "Amandır", "Əşari-niyazməndanə", "Molla Nəsrəddin"dir", "Xəbər" və s. satiralarında jurnala qarşı yersiz hücum edən hakim dairələri və köhnəfikirli, qaragüruhçu insanları kəskin surətdə tənqid etmişdir.

Ə.Nəzminin bir sənətkar kimi formalaşmasında "Molla Nəsrəddin"in müstəsna rolu olmuşdur. Şair jurnalın rolunu qiymətləndirərək yazır: "Mübaliğə olmasın, deyə bilərəm ki, əgər "Molla Nəsrəddin" məcmuəsi olmasaydı, əziz şairimiz Sabir də bu qədər məşhur ola bilməzdi. Mən isə ya heç şair ola bilməzdim, ya şair olsam da, bir növhə və mərsiyə şairi olmaqdan irəli gedə bilməzdim. "Molla Nəsrəddin"in bizim boynumuzda çox böyük haqqı vardır" (Ə.Nəzmi. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, s.424).

Ə.Nəzminin 1917-ci ildə yazdığı "Olarmış", "Polis idarələri", "İdareyi-bələdiyyə", "İstibdad hökuməti məcmuələrinin mündəricatı", "Hürriyyətdən kim nə pay aparsın", "Hürriyyət" və s. şeirlərində satirik ruh, qüvvətli realizm, burjua-mülkədar quruluşunun, sinfi ziddiyyətlərin, irticaçı qüvvələrin kəskin tənqidi əsas yer tutur. Ə.Nəzmi İran və Türkiyə mövzusunda 30-dan artıq şeir yazmışdır. Şairin "İranlı mahnısı", "Ay yazıq iranlılar", "İranlıdır", "Səhneyi-İrandan bir pərdə", "Məşrutə", "Viran üçün", "Hafizə bənzətmə" və başqa əsərləri İran inqilabına, Şərqdə hökm sürən imperialist ağalığının ifşasına həsr olunmuşdur. Bu əsərləri mövzularına görə belə qruplaşdırmaq olar: daxili əksinqilabı, despotizmi, xarici imperialistlərin xalq hərəkatını boğmaq cəhdlərini tənqid edən satiralar; azadlıq hərəkatını və inqilab rəhbərlərini (Səttarxan, Bağır xan və b.) alqışlayan şeirlər; ictimai və mədəni geriliyi əks etdirən, şairin müsbət, mütərəqqi idealını, intibaha çağırış əhval-ruhiyyəsini özündə təcəssüm etdirən nümunələr.

Ə.Nəzminin qadın azadlığı mövzusunda yazdığı "Kişilərimiz", "Dabanı çatdaq xalaya", "Arvadlarımız", "Qızlarımız", "Bir qızın Molla Nəsrəddinə ərzi-halı", "Qız və dədəsi", "Qocaldım", "Məsləhət", "Evlənməz idim" şeirlərində Azərbaycan qadınlarının hüquqsuzluğu, elmsizliyi, kölə vəziyyətinə salınması, acınacaqlı həyat tərzi satirik bir dillə oxuculara çatdırılır. Ə.Nəzmi "Molla Nəsrəddin" jurnalının nəşri tarixi, C.Məmmədquluzadə və mollanəsrəddinçilər haqqında dəyərli fikirlərini "Keçmiş günlər" adlı mənzum xatirəsində geniş işıqlandırmışdır. Ə.Nəzmi 1946-cı il yanvarın 4-də Bakıda vəfat etmişdir. Ə.Nəzminin "Sijimqulunamə" (1927), "Bəlkə bu yaxşı oldu" (şeirlər) (1930), "Üç məşədi" (1935), "Satira mərmiləri (1945), "Seçilmiş şeirlər" (1950), "Seçilmiş əsərləri" (1959), "Şeirlər" (1963), "Seçilmiş şeirlər, felyetonlar, məqalələr (1979), "Seçilmiş əsərləri" (Bakı, 2006) kitabları çap olunmuşdur.

Ədəbiyyat:

Sijimqulunamə. Bakı, Azərnəşr, 1927, 508 s.;
F.Hüseynov. "Molla Nəsrəddin" və mollanəsrəddinçilər. Bakı, "Yazıçı", 1986, 279 s.;
C.Məmmədquluzadə. Əsərləri. 4 cilddə. IV cild. Bakı, "Öndər", 2004, 472s.;
Ə.Nəzmi. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 544 s.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan, "Əcəmi", 2009, 424 s.;
K.Bağırova, A.İmanova. Əli Nəzmi arxivinin təsviri. Bakı, "Elm", 2019, 107 s.


filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 103-105

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə