Əli Razi Şəmsizadə
Əli Razi Məşədi Yəhya oğlu Şamçızadə (1886, Gəncə – 1938) - Mollanəsrəddinçi şair, publisist, ictimai xadim.
Əli Razi Şamçızadə ilk təhsilini mədrəsədə almış, sonra Gəncə rus-tatar məktəbini bitirmişdir.
Ə.Razi ədəbi fəaliyyətə XX əsrin əvvəllərində Azərbaycandakı mürəkkəb ictimai-siyasi hadisələrin təsiri ilə başlamışdır. Şairin yaradıcılığında "Molla Nəsrəddin" jurnalının xüsusi rolu olub. O, jurnalın ilk nömrələrindən başlayaraq publisistik yazılarını, 1908-ci ildən isə satirik şeirlərini çap etdirmişdir.
"Molla Nəsrəddin" jurnalı Ə.Razinin Gəncədə çap olunan "Hədyanlarım", "İslam qiraətxanası", "Nalələrim", "Fəğanlarım", "Eşq və məhəbbət", "Yaman qardaş" kitabçaları haqqında "elan"lar verir. Bu kitabçalarda Ə.Razinin satirik şeirləri və pyesləri toplanmışdır. 1912-ci ildə şairin Bakıda "Dabanı çatdaq xala və Heyvərə" kitabçası çap edilmişdir. Jurnal "Poçt qutusu" rubrikasında da digər mollanəsrəddinçilərlə yanaşı, Ə.Razi haqqında da maraqlı qeydlər verirdi: "Dostumuza, "Dabanıçatdax xala"ya: yazılan şeirlər bir az qıcqırıblar" (1909, №27). Bununla da, jurnal Ə.Raziyə daha yaxşı ictimai məzmunlu, bədii cəhətdən sanballı əsərlər yazmasını məsləhət görürdü. "Molla Nəsrəddin" jurnalı Ə.Razinin yaradıcılığına doğru istiqamət verərək onu reallığa, həyatiliyə, xəlqiliyə, satirik-yumoristik üsluba yönəldirdi.
Şairin inqilabdan əvvəl yazdığı şeirlərdə ikiüzlü və riyakar ruhanilər ("Mollalar", "Qazımız", "Qazının duası", "Ağamız", "Sənin olsun" və s.), məişətdəki yaramazlıqlar ("Günülər", "Arvad al", "Qayınanam", "Gəlin" və s.) tənqid hədəfinə çevrilir.
Ə.Razi ictimai-siyasi mövzuda yazdığı bir silsilə şeirlərində çarizmi, irticanı, qəddar senzuranı, hakim təbəqələri, yeniliyə qarşı çıxan mühafizəkar qüvvələri və despotları satira atəşinə tuturdu. Molla Nəsrəddinə (C.Məmmədquluzadə), Sabirə ithaf etdiyi əsərlərində doğru söz yazanların sərt ittihamla qarşılaşdığını göstərir. Şairin "Yazmıram", "Kəndlilər", "Molla Nəsrəddin", "Hophopa" və s. şeirlərində zəmanədən, mövcud quruluşdan narazılıq ifadə olunur, zəhmətkeş kütlənin hakim təbəqələr tərəfindən əzilməsi bəşəriyyətin ümumi bəlası kimi mənalandırılır.
Jurnalda Ə.Razi "Dabanı çatdaq xala", Ə.Nəzmi isə "Məşədi Sijimqulu" imzaları ilə çıxış edərək aşıq deyişmələri şəklində satirik mətbuatda yeni bir ədəbi manera seçir, biri qadınların, digəri isə kişilərin dilindən şeirləşməyə başlayır. Hər iki şair satira süngüsünü eyni hədəfə tuşlayır, eyni ictimai ideala xidmət edirdi.
C.Məmmədquluzadə Ə.Razinin satirik yaradıcılığını yüksək qiymətləndirmiş, "Molla Nəsrəddin"in bir çox nömrələrindəki karikaturalar Ə.Razinin satiraları əsasında çəkilmişdir. "Molla Nəsrəddin" jurnalı Təbrizdə nəşr edilərkən də C.Məmmədquluzadə Ə.Razini soraqlayıb tapmış və onun əsərlərini jurnalda dərc etmişdir.
Ə.Razi mollanəsrəddinçi olduğu üçün təqiblərə məruz qalmış, lakin jurnalla, onun əməkdaşları ilə əlaqələrini möhkəmlətmək məqsədi ilə Tiflisə getmişdi. Ə.Razi yazırdı: "... 1906-cı ilin noyabrında Tiflisə getdim. Davidov küçəsini və 24 nömrəli evi axtarıb tapdım. (Bu ev C.Məmmədquluzadənin yaşadığı ev və "Molla Nəsrəddin"in redaksiyası idi). Qapı açıldı. Məmmədquluzadə gülümsəyərək məni redaksiya otağına apardı və oturmaqda olan üç nəfərlə məni tanış etdi. Bunlardan biri Sabir, ikincisi Əliqulu Qəmküsar və üçüncüsü Qurbanəli Şərifov idi... altı aydan bəri həsrətini çəkib tanımaq istədiyim "Hophop"u gördükdə sevinib göyərçin kimi çırpınırdım" .
Ə.Razi "Molla Nəsrəddin"də və digər satirik jurnallarda "Dabanı çatdax xala", "Heyvərə", "Bambılı", "Düdük" və b. imzalarla çıxış etmiş, əsərlərində Şimali və Cənubi Azərbaycandakı həmvətənlərimizin çar və şah istibdadı altında əzilməsini, ağır və məşəqqətli həyat tərzi yaşamağa məhkum edilmiş qadınların acınacaqlı vəziyyətini əks etdirmişdir.
Ə.Razinin lirik şeirləri 1908, 1909-cu illərdə Gəncədə çap edilmiş "Nalələrim", "Fəğanlarım" kitabında toplanmışdır.
Şairin müxtəlif illərdə "Dabanı çatdax xala və heyvərə" (1912), "Dabanı çatdax xala" (1936), "Seçilmiş əsərləri" (1936), "Nalələrim, fəğanlarım" (1992) (təkrar nəşr) kitabları çap edilmişdir.
Ə.Razi "Molla Nəsrəddin"lə yanaşı, XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan (inqilabdan əvvəl) "Həyat", "İrşad", "Tazə həyat", "Bəhlul", "Zənbur", "Yeni irşad", "Səda", "Kəlniyət", "Yeni həqiqət", "İqbal", "Açıq söz", "Doğru söz", "Tuti", (sovet hakimiyyəti illərində) "Kommunist", "Maarif və mədəniyyət", "Mədəni hücum", "Kəndçi qəzetəsi" və s. mətbuat orqanları ilə əməkdaşlıq etmiş, şeir və məqalələri dərc olunmuşdur. O, həmçinin Firdovsinin min illik yubileyi ilə əlaqədar şairin "Şahnamə" poemasının bir bölməsini farscadan Azərbaycan dilinə tərcümə etmiş, "Qanlı toy", "Mehparə" və "Rüşvət" adlı poemalarını yazmışdır.
Gəncənin Əttarlar məhəlləsində anadan olan Ə.Razinin atası və ulu babası şam düzəldib satmaqla məşğul olduğundan o, "Şamçızadə" təxəllüsünü götürmüşdür.
Şair ictimai-siyasi hadisələrə ayıq və kəskin münasibətinə görə 1915-ci ilin əvvəllərində Gəncədən Bakıya, 1917-ci ildə isə Bakıdan Dağıstana sürgün edilmişdir.
Ə.Razi millət vəkili, Müsavat Partiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanovun rəisi olduğu Əksinqilabla Mübarizə Təşkilatında əvvəlcə kargüzar köməkçisi, sonra isə agentur (əməliyyat müvəkkili) vəzifəsində çalışmışdır.
1934-cü ildə Ə.Razi SSRİ Yazıçılar İttifaqının Birinci qurultayından sonra Azərbaycan Yazıçılar İttifaqı Gəncə şöbəsinin məsul katibi seçilmişdir.
30-cu illərin repressiyası Ə.Razidən də yan keçməmişdir. Azərbaycan Yazıçılar İttifaqının sədri S.Şamilov "Kommunist" qəzetinin 1937-ci il 17 mart tarixli nömrəsində "Ədəbiyyatda bolşevizm" adlı məqaləsində yazırdı: "Əli Razi (həqiqətdə isə Molla Əli) 1919-cu ildə kontrrazvedkanın naçalniki Şeyxzamanovun ən yaxın dostu, məşvərətçisi olub, Azərbaycan xalqını soymaq işində, milli qırğını qızışdırmaqla bu murdar quldurlara və Müsavat juliklərinə vaizlik etmişdir. Bu düşkün və xalq düşməni yazıçı maskası altında xeyli müddət Yazıçılar İttifaqının Kirovabad filialında rəhbərlik etməyə müvəffəq olmuşdur..." (S.Şamilov. Ədəbiyyatda bolşevizm. Kommunist qəzeti.17 mart 1937-ci il).
Ə.Razi 1937-ci ilin sonlarında həbs edilmiş, 1938-ci ildə xalq düşməni ittihamı ilə güllələnmişdir.
Ədəbiyyat:
İ.Ağayev. "Molla Nəsrəddin"in poetikası. Bakı, "Elm", 1985, 164 s.;
Mollanəsrəddinçi şairlər. (Tərtibçilər: A.Zamanov, K.Əliyev; Redaktor: A.Zamanov). Bakı, "Yazıçı", 1986, 279 s.;
F.Hüseynov. "Molla Nəsrəddin" və mollanəsrəddinçilər. Bakı, "Yazıçı", 1986, 279 s.;
Ə.R.Şamçızadə. Nalələrim, fəğanlarım. Bakı, "Elm", 1992, 116 s.;
T.Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. Bakı, "Nurlan", 2004, 984 s.;
S.Şamilov. Ədəbiyyatda bolşevizm // "Kommunist" qəzeti, 17 mart 1937.
filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 105-107