Elmira Qasımova
Elmira Kamil qızı Qasımova (18.08.1944, Bakı) - Mətnşünas, psevdonomastika mütəxəssisi. Filologiya üzrə fəlsəfə doktoru (1984).
Elmira Qasımova 1967-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirərək filoloq, dil və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. 1968-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın müxbir üzvü Ə.Mirəhmədovun rəhbərlik etdiyi mətnşünaslıq şöbəsində kiçik laborant kimi əmək fəaliyyətinə başlamışdır. Həmin ildə Ə.Mirəhmədovun rəhbərliyi ilə "Molla Nəsrəddin" jurnalının ərəb əlifbasından transfoneliterasiyasını çapa hazırlayan 3 nəfərdən – Ə.Hüseynov, T.Həsənzadə və E.Qasımovadan ibarət olan işçi qrupuna daxil edilmişdir.
E.Qasımova müxtəlif fasilələrlə "Molla Nəsrəddin" jurnalının III, V və VIII cildlərini, 1917, 1921, 1922, 1924, 1930-1931-ci illərinin mətnlərini ərəb əlifbasından transfoneliterasiya etmişdir. O, "Molla Nəsrəddin" jurnalının mətni üzərində uzun müddətdir ki, tədqiqat aparmaqda davam edir.
E.Qasımova 1984-cü ildə Ə.Mirəhmədovun rəhbərliyi ilə "Cəlil Məmmədquluzadənin gizli imza və naməlum əsərlərinin atribusiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
E.Qasımova Ə.Nəzminin "Molla Nəsrəddin" jurnalı və ümumən mətbuat tarixi üçün zəngin mənbə olan "Keçmiş günlər" (2006) mənzum xatirəsinin əlyazmasını, "Seçilmiş əsərləri"ni (2006), "Molla Nəsrəddin" jurnalının 1921-ci il Təbriz nüsxələrini (2006), mətbuatın 50 illiyi münasibətilə nəşr olunan "Əkinçi" (2008), H.Zərdabinin vəfatının bir illiyinə həsr olunmuş "Dəbistan" (1908) jurnalının xüsusi buraxılış sayını (2012) və s. kitabları transfoneliterasiya etmişdir.
E.Qasımovanın təqdim etdiyi dəyərli işlərdən biri Qafqaz Senzura Komitəsində Şərq Ədəbiyyatı və Mətbuatı üzrə ilk senzorumuz olan Ş.Mirzəyevin "tamamilə məxfi" sənədlərdən ibarət, rus dilində "Qafqazda türk mətbuatı tarixi haqqında materiallar"ı (2008) əsəridir. E.Qasımovanın mətnşünaslıq sahəsindəki xidmətlərindən biri də "İmzalar "Molla Nəsrəddin" (1906-1921)" (2011, I hissə) biblioqrafik göstəricisidir. Kitab təkmilləşdirilərək 2015-ci ildə yenidən nəşr olunmuşdur. (E.Qasımova, A.Əliyeva. "İmzalar". "Molla Nəsrəddin" (1906-1931)". Onun daha bir kitabı, gizli imzaların ilk biblioqrafik göstəricisi – Novruz Ağayev, Mərziyə Paşayeva. "İmzalar" (2015) əlyazma əsasında çap olunmuşdur.
E.Qasımovanın "Gizli imza və atribusiya" (2017), "Azərbaycan satirik mətbuatında gizli imzalar" (1906-1920), (Bakı, 2019) adlı monoqrafiyalarında C.Məmmədquluzadə və digər mollanəsrəddinçilərin gizli imzalarından söz açılmış, mühüm dəqiqləşdirmələr aparılmışdır.
Mətbuat tarixi, onun filoloji-tekstoloji tədqiqi və nəşri mətnşünas alimin fəaliyyət istiqamətinin əsasını təşkil edir. "Molla Nəsrəddin"ə "tale yazım" deyən E.Qasımova 1988-1993-cü illərdə Azərbaycan Radiosunun ədəbi-dram verilişləri redaksiyasının nəzdindəki "Molla Nəsrəddin" radio jurnalının ssenari müəllifi kimi fəaliyyət göstərmişdir. Satirik yazılarını "Tək səbir", "Həqiqət", "İslam", "Vətənpərvər", "Azərbaycan qadını" və s. mətbaut səhifələrində müxtəlif gizli imzalarla dərc etdirmişdir.
Mətnşünaslığı ədəbiyyatşünaslığın başlanğıcı, əsası hesab edən E.Qasımova "Molla Nəsrəddin" jurnalı ilə bağlı tədqiqat işini bu gün də davam etdirir. "Molla Nəsrəddin" jurnalındakı onomastik vahidlər" cildi üzərində iş aparır.
Ədəbiyyat:
Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı, "Şərq-Qərb", 2008, 320 s.;
E.Qasımova. Gizli imza və atribusiya. Bakı, "Avropa", 2017, 296 s.;
E.Qasımova. Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920). Bakı, "Avropa", 2019, 194 s.
filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 78