Əbdürrəhimbəy Haqverdiyev


Əbdürrəhim bəy Haqverdiyev Əbdürrəhim Əsəd oğlu Haqverdiyev (17.05.1870, Şuşa – 12.12.1933, Bakı) - Görkəmli Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, tərcüməçi, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi (1932), "Molla Nəsrəddin" jurnalının fəal əməkdaşlarından biri, Cəlil Məmmədquluzadənin əqidə dostu və yaxın məsləkdaşı.
Əbdürrəhim bəy Haqverdiyev ibtidai təhsilini Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində almış, sonra isə Şuşa realnı məktəbində oxumuşdur (1881-1890). Tiflis realnı məktəbində və Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almış (1891-1899), həmçinin Peterburq Universiteti Şərq fakültəsində dinləyici olmuşdur. 1899-cu ildə Şuşaya qayıtmış, 1901-ci ildə Bakıya gələrək "Rus-müsəlman" məktəbində müəllim işləmişdir. 1906-cı ildə Yelizavetpol quberniyasından Rusiya Dövlət Dumasına deputat seçilmiş və Peterburqa getmişdir. Duma fəaliyyətini dayandırdıqdan sonra Bakıya qayıdan Ə.Haqverdiyev "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində müfəttiş işləmişdir (1907-1911). Bu illərdə o, Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı, Volqaboyunu gəzmiş və "Molla Nəsrəddin" jurnalında "Ceyranəli", "Xortdan", "Həkimi-nuni-səğir", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla hekayə və felyetonlar çap etdirmişdir. Həştərxanda yaşadığı dövrdə şəhərin mədəni-ictimai həyatında fəallıq göstərmişdir (1910). Sonra Ağdama köçərək orada yetimlər evinin müdiri (1911-1916), "Tiflisdə şəhərlər ittifaqının Qafqaz şöbəsi "Əxbarı" adlı aylıq məcmuənin müdiri vəzifəsində çalışmış (1917), Fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918). Ə.Haqverdiyev Dağıstanda Azərbaycan Demokratik Respublikasının səfiri işləmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra maarif komissarlığında incəsənət şöbəsinin müdiri, ADU-da müəllim (1922-1925), Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin sədr müavini və sədri (1923-1925) olmuş, Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal iş aparmışdır (1924).

Ə.Haqverdiyev Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv (1924), Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) seçilmişdir. Ə.Haqverdiyevin əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

Yazıçı 1907-ci ildən "Cəhənnəm məktubları" povestini, 1908-ci ildən "Mozalan bəyin səyahətnaməsi", 1910-cu ildən isə "Marallarım" adlı silsilə satirik hekayələrini məhz ilk dəfə "Molla Nəsrəddin" jurnalında çap etdirmişdir.

Bədii yaradıcılığa 19-cu əsrin 90-cı illərində başlayan ədib "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892), "Dağılan tifaq" (1896), "Bəxtsiz cavan" (1900), "Pəri cadu" (1901), "Ağa Məhəmməd şah Qacar" (1907), "Ağac kölgəsində" (1921), "Köhnə dudman" (1927) və s. dram, "Xortdanın cəhənnəm məktubları" (1906), "Marallarım" (1910-1927), "Şeyx Şəban" (1915), "Mirzə Səfər" (1918) və b. nəsr əsərlərini yazmışdır. Eyni zamanda ədib Şekspirin "Hamlet", Şillerin "Qaçaqlar", Volterin "Soltan Osman", Zolyanın "Qazmaçılar", "Andersenin "Bülbül", "Şahın təzə libası", Lanskoyun "Qəzəvat", Çirikovun "Yəhudilər", "Korolenkonun "Qoca zəng çalan" əsərlərini dilimizə tərcümə etmişdir.
Ədibin hekayələrinin bir qismi "Marallarım" (1927), "Hekayələr" (1940), "Seçilmiş əsərləri" I, II cild (2005) kitablarında toplanmışdır.

"Molla Nəsrəddin" jurnalı Ə.Haqverdiyevin satirik-yumoristik yaradıcılığının inkişafında və formalaşmasında, ictimai xarakter daşımasında mühüm rol oynamışdır. 1887-ci ildə C.Məmmədquluzadə ilə ilk tanışlığını yada salan ədib "Molla Nəsrəddin" haqqında xatiratım" əsərində yazır: "Mirzə Cəlil ilə birinci dəfə mən Şuşa realnı məktəbin yuxarı siniflərində oxuduğum zaman tanış olmuşdum. Yay fəslində üç nəfər İrəvan müəllimi Şuşa müəllimlərinə qonaq gəlmişdilər; bunların birisi Cəlil Məmmədquluzadə idi. Onunla yavıq tanış olmağım 1906-cı sənəsinin noyabr ayında müyəssər oldu" (Ə.Haqverdiyev. Seçilmiş əsərləri. II cild. Bakı, "Lider". 2005, s.372). Həmin ilin may ayında "Molla Nəsrəddin" jurnalının birinci sayının Şuşada "şəhər əhalisi arasında bir bomba tək partladığının" şahidi olan Ə.Haqverdiyev noyabr ayında Peterburqdan Tiflisə gəlib, məcmuənin redaktoru ilə görüşmüş və 1907-ci ildən əsərləri "Molla Nəsrəddin" səhifələrində dərc olunmağa başlamışdır. Ümumiyyətlə, Ə.Haqverdiyevin C.Məmmədquluzadə ilə səmimi dostluğu və "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlığı sonadək davam etmişdir.

Ədib C.Məmmədquluzadənin xarakterini belə səciyyələndirir: "Mirzə Cəlil zatən az danışan, böyük məclislərdən qaçan, yığıncaq xoşlamayan, təklik sevən bir şəxs idi. Bununla bahəm, düşmənlə də görüşüb, bir az söhbət etdikdən sonra düşmənin ürəyini ələ alıb, özünə şərik etməz idisə də, jurnal düşmənliyindən çəkindirirdi... Mirzə Cəlil dost qazanmaqda, ziyalıları işə çəkməkdə məharət yetirmişdi. Yazmaq istedadı olanlara və mövzu qarşısında məəttəl qalanlara mövzu verməkdə yədi-beyzası var idi. Guya ki, mövzuları cibindən çıxardırdı" (Ə.Haqverdiyev. Seçilmiş əsərləri. II cild. Bakı, "Lider", 2005, s.373).

"Molla Nəsrəddin" jurnalı Ə.Haqverdiyevə öz dövrünün ictimai haqsızlığını, sosial-mədəni geriliyini tənqid və ifşa etmək, milli və bəşəri ideyaları təlqin və təbliğ üçün geniş imkanlar açmış və yazıçını "Molla Nəsrəddin" ədəbi məktəbinin əsas yaradıcılarından birinə çevirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli sərəncamı ilə Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi ölkə miqyasında UNESKO səviyyəsində geniş qeyd edilmişdir.

Ədəbiyyat:

M.C.Paşayev, F.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, "Maarif", 1982, 428 s.;
T.Mütəllimov. Əbdürrəhim bəy Haqverdiyevin poetikası. Bakı, "Yazıçı", 1988, 328 s.;
M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. Bakı, "Nurlan", 2008, 183 s.;
Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı (Müəlliflər kollektivi). Bakı, "Elm və təhsil", 2018, 332 s.


filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 86-88

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə