Ulu öndər Heydər Əliyev və "Molla Nəsrəddin"

Azərbaycan xalqının ictimai-siyasi, ədəbi-mədəni həyatında müstəsna xidmətləri olan Ulu öndərimiz, görkəmli dövlət xadimi Heydər Əliyev (1923-2003) azad, müstəqil, suveren bir dövlətin qurucusu və zəmanəmizin dahi lideri kimi mənalı ömrünü doğma xalqının tərəqqisinə və xoşbəxtliyinə həsr etmişdir. Milli ədəbiyyatımızı, mədəniyyətimizi, dilimizi öz varlığı qədər sevən Heydər Əliyev mənəvi sərvətlərimizə həmişə diqqət və qayğı göstərmişdir. Klassik irsimizə, mənəvi dəyərlərimizə böyük önəm verən Ulu öndərimiz bizi bütün dünyaya tanıtdıran, kimliyimizi, varlığımızı təsdiq edən söz sənətkarlarımızı, görkəmli ziyalılarımızı daim uca tutmuş, onların xidmətləri haqqında söylədiyi qiymətli fikirlərdən hər kəs qürur hissi duymuşdur. Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi illərdə (1969-1982) mövcud rejimin çətinliklərinə baxmayaraq, Heydər Əliyev ölkəmizin bütün istiqamətlər üzrə böyük inkişafına nail olmaqla bərabər, həm də ədəbiyyat və incəsənətimizin, elmin və ictimai fikrin inkişaf etdirilməsi vasitəsilə xalqımızın milli şüurunun oyanışı, milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsi, azərbaycançılıq ideyalarının qüvvətləndirilməsi sahələrində böyük xidmət göstərmişdir. XX əsrin yetmiş-səksəninci illərində Azərbaycan ədəbiyyatının qüdrətli simaları olan N.Gəncəvi və İ.Nəsiminin, M.P.Vaqifin və M.F.Axundzadənin, N.Nərimanovun və C.Cabbarlının, Ü.Hacıbəyovun və S.Vurğunun, S.Rəhimovun, S.Rüstəmin və başqalarının yubileylərinin keçirilməsi, görkəmli yazıçılarımızın Bakı şəhərində əzəmətli heykəllərinin ucaldılması, adlarının əbədiləşdirilməsi, ev muzeylərinin yaradılması, yazıçı və şairlərimizin əsərlərinin ölkəmizdə və dünya dillərində xarici ölkələrdə çap olunması, ədəbi-tarixi şəxsiyyətlərimiz haqqında bədii əsərlərin yazılmasına, kinofilmlərin çəkilişinə xüsusi diqqət yetirilməsi xalqımızın ümummilli inkişafına, yeni nəsillərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə təkan verən böyük hadisələrdir.

Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri və Siyasi Büronun üzvü kimi (1982-1986) dünyada qəbul edilən görkəmli dövlət xadimi olmuşdur. Taleyin hökmü ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyərkən (1991-1993) Azərbaycanın bu ayrılmaz parçasını düşmən işğalından xilas etmiş, regionda hərtərəfli böyük inkişafın əsaslarını yaratmışdır.

Müstəqil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yeni tarixi epoxada (1993-2003) böyük xilaskarlıq missiyası həyata keçirərək, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə nail olmuş, hüquqi demokratik dövlət quruculuğunun möhkəm əsaslarını yaratmışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müstəqillik epoxasında da elmin, ədəbiyyat və incəsənətimizin inkişaf sahəsində tarixi xidmətlər göstərmiş, Azərbaycanın dövlət ideologiyası səviyyəsində qəbul edilməsini təmin etmişdir. Bu yeni tarixi epoxada Heydər Əliyevin rəhbərliyi ilə “Kitabi-Dədə Qorqud” dastanlarının 1300, Məhəmməd Füzulinin 500, Cəlil Məmmədquluzadənin 125, Hüseyn Cavidin 120 illik, müasiri olduğu yazıçı və şairlərin növbəti yubileylərinin qeyd olunması, latın qrafikasına keçmək haqqında dövlət səviyyəsində qərarın qəbul edilməsi, müstəqil dövlətçilik uğrunda mübarizədə yaxından iştirak etmiş sənətkarların “İstiqlal” ordeni ilə təltif olunması, Yazıçılar Birliyinin və onun ədəbi-mətbu orqanlarının büdcə vəsaiti hesabına maliyyələşdirilməsi, yaradıcı qüvvələrə dəstək vermək üçün Prezident təqaüdünün müəyyənləşdirilməsi, ölkəmizdə ədəbiyyat və mədəniyyətin inkişafında yeni bir inkişaf mərhələsinin yaradılması ilə nəticələnmişdir.

Hakimiyyətdə olduğu bütün dövrlərdə zəngin və çoxşaxəli Azərbaycan ədəbiyyatına, milli mətbuatımıza və onun yaradıcılarına yüksək qiymət verən Heydər Əliyev görkəmli Azərbaycan yazıçısı C.Məmmədquluzadə irsinə, onun redaktorluğu ilə nəşr edilən “Molla Nəsrəddin” jurnalına və mollanəsrəddinçilərin yaradıcılığına həmişə böyük dəyər vermişdir. O, “Molla Nəsrəddin” ədəbi hərəkatının yaradıcısı C.Məmmədquluzadə, bu məktəbin aparıcı qüvvələri olan M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü.Hacıbəyli, Ə.Nəzmi, Ə.Qəmküsar, S.Mümtaz və başqalarının satirik mətbuatımızın, Azərbaycan ədəbiyyatının təşəkkülü, formalaşması və inkişafındakı böyük xidmətlərini xalqımızın tarixinə yazılmış ən qiymətli səhifələr hesab etmişdir: “XX əsr Azərbaycan ədəbiyyatının tarixinə Sabir, C.Məmmədquluzadə və inqilabi-demokratik “Molla Nəsrəddin” jurnalı ətrafında birləşərək... maarifçilik və demokratik ənənələri davam və inkişaf etdirən digər yazıçıların parlaq adlarını yazmışdır”.

Görkəmli Azərbaycan yazıçısı C.Məmmədquluzadənin (1869-1932) yaradıcılığına xüsusi rəğbət bəsləmiş Ulu öndər Heydər Əliyev böyük ədibin redaktorluğu ilə çap olunmuş “Molla Nəsrəddin” jurnalının fəaliyyətinə də yüksək qiymət vermişdir. Heydər Əliyevin 1994-cü il tarixli sərəncamı ilə böyük ədibin anadan olmasının 125 illik yubileyinin keçirilməsi və yubiley mərasimində dövlət başçısının məruzə ilə çıxış etməsi həmin ehtiramın nümunəsidir.

C.Məmmədquluzadənin anadan olmasının 125 illiyinə həsr olunmuş möhtəşəm tədbirdə məruzə ilə çıxış edən Heydər Əliyev belə bir mərasimi böyük yazıçının ölməz ədəbi irsinə Azərbaycan dövlətinin və xalqının verdiyi yüksək dəyərin təzahürü kimi səciyyələndirmişdir. Azərbaycan Dövlətinin Memarı C.Məmmədquluzadə yaradıcılığına və onun ədəbi fəaliyyətinin “şah əsəri” olan “Molla Nəsrəddin” jurnalına xüsusi önəm verərək, böyük realist ədibin ölməz əsərləri ilə Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizənin bu gün də davam etdiyini bəyan edərək demişdir: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda, o bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır”.

C.Məmmədquluzadə yaradıcılığında Azərbaycanın ictimai-siyasi həyatı, sosial mühiti, elm və təhsil məsələləri, qadın azadlığı, xurafatın, cəhalətin tənqidi kimi taleyüklü məsələlərlə yanaşı, həm də beynəlxalq aləmdə baş verən qlobal problemlərə də geniş yer verilmişdir. Ulu öndərimiz yazıçının yaradıcılığındakı bu milli və bəşəri dəyərləri, mütəfəkkir ədibin sənətkarlığının çoxcəhətliyini qiymətləndirmişdir: “Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşünası, siyasətşünası, alimi Cəlil Məmmədquluzadə xəzinəsini, yaradıcılığını araşdıracaq, onu tədqiq edərək yeni-yeni kəşflər edəcəkdir. Cəlil Məmmədquluzadə yaradıcılığı Azərbaycanın mənəviyyatını, mədəniyyətini, ədəbiyyatını dünyaya nümayiş etdirən və xalqımızın nəyə qadir olduğunu göstərən böyük bir sərvətdir”. Ulu öndər Heydər Əliyev böyük ədib C.Məmmədquluzadənin Azərbaycan nəsri, publisistika və dramaturgiyasının inkişafındakı çoxşaxəli fəaliyyətinə işıq salaraq, həm də böyük realist ədibin yaradıcılığında mühüm yer tutan tarixilik, millilik və müasirlik kimi məsələlərin təhlilə cəlb olunmasının zəruriliyini ön plana çəkir. Milli mətbuatımızın ilk satira orqanı olan “Molla Nəsrəddin” jurnalının təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə demokratik ideyaların yayılmasında, xalqların azadlıq mübarizəsinə istiqamətləndirilməsində müstəsna rola malik bir jurnal kimi səciyyələndirir. Cəmiyyətimizin bütün sahələrində olduğu kimi elm, təhsil, mədəniyyət, incəsənətlə sıx bağlı olan, ədəbiyyatımızın və onun yaradıcılarının tarixi xidmətlərini göz önünə gətirən Ümummilli liderimiz C.Məmmədquluzadəni təkcə öz əsərləri ilə deyil, həm də onu bütün dünyada tanıtdıran və şöhrət qazandıran “Molla Nəsrəddin” jurnalıvasitəsilə Azərbaycan xalqının milli şüurunun formalaşmasındakı, mətbuatımızın inkişafındakı misilsiz rolunu xüsusi nəzərə çarpdırmışdır: “Cəlil Məmmədquluzadə dühası “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı. “Molla Nəsrəddin”, onun vasitəsilə C.Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar”.

C.Məmmədquluzadəyə “sadəcə bir ədəbiyyatçı”, yazıçı, publisist kimi yox, həm də böyük ictimai xadim və böyük siyasətçi” kimi yanaşmağın zəruriliyindən bəhs edən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın ictimai-siyasi həyatında, milli məfkurənin, müstəqil dövlətçilik təfəkkürünün və azərbaycançılıq ideologiyasının formalaşmasında mütəfəkkir ədibin ardıcıl və mütəşəkkil fəaliyyətini ön plana çəkir. C.Məmmədquluzadə yaradıcılığının bütün sahələrini diqqət mərkəzində saxlayan Ümummilli liderimiz “Molla Nəsrəddin” jurnalının 25 illik fəaliyyəti dövründə böyük ədəbi qüvvələri öz ətrafına birləşdirməsini, onların Azərbaycan ədəbiyyatının satirik qolunun inkişafındakı mühüm xidmətlərini, sonrakı mərhələdə milli mətbuatımızın təşəkkülündəki müstəsna rolunu xüsusi qeyd etmiş və onun qoyub getdiyi zəngin irsi xəzinə adlandıraraq böyük ədibə sonsuz ehtiramını bildirmişdir.

Mətbuat tariximizdə özünəməxsus yeri olan “Molla Nəsrəddin” jurnalının milli-mənəvi dəyərlərimizin qorunması, XX əsr Azərbaycan ədəbiyyatının təkamül prosesi və ideya istiqamətlərinin müəyyənləşməsindəki əvəzsiz xidmətlərindən bəhs edən Ulu öndərimizin “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında imzaladığı fərmanda deyilir: “Molla Nəsrəddin”in müasir ədəbiyyat, maariflənmə, demokratikləşmə uğrunda mübarizəsi, onun güclü satirası jurnalla əməkdaşlıq edən şair və yazıçıların yaradıcılıq istiqamətlərini müəyyən etmiş, onların görkəmli sənətkar kimi formalaşmasında həlledici amil olmuş, beləliklə də, “mollanəsrəddinçilik” adlı böyük bir ictimai-ədəbi hərəkat yaranmışdır”. Beləliklə, Heydər Əliyev “Molla Nəsrəddin” jurnalının ədəbi məktəb yaratmasını ədəbi məktəb yaratmış nadir mətbuat orqanı hesab etmişdir.

C.Məmmədquluzadə yaradıcılığında xalqımızın folkloruna, şifahi söz sənətinə yüksək dəyər verərək ondan yaradıcılıqla bəhrələnmişdir. Böyük ədibin xalqın əsrlərcə yaratdığı zəngin söz xəzinəsinə ziyalı münasibəti “Molla Nəsrəddin”də dərc etdiyi məqalə və felyetonlarda da əksini tapmışdır. Yazıçının milli kökə, folklora bağlılığı onun bu zəngin sərvətimizə xüsusi rəğbətindən irəli gəlirdi. Məhz Heydər Əliyevin də C.Məmmədquluzadə irsini milli özünüdərkin, milli ruhun, adət-ənənələrin, çoxəsrlik zəngin dəyərlərin qoruyucusu və təbliğatçısı kimi qiymətləndirməsi xalqın inkişafında bu sahələrə xüsusi diqqət yetirilməsindən irəli gəlirdi.

Heydər Əliyev C.Məmmədquluzadəni özünün müasiri, bugünkü Azərbaycanın fəal qurucusu, cəsarətli, vətəndaşlıq hissini uca tutan bir yazıçı kimi xarakterizə edərək deyir: “O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik. Ona görə də C.Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın formalaşmasına, yaranmasına və onun konsepsiyasının elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və çox kömək edəcəkdir”.

“Molla Nəsrəddin” jurnalı Azərbaycan dilinin milli təəssübkeşi olmuş, öz səhifələrində dərc etdiyi məqalə, felyeton, satirik şeir, teleqraf xəbərləri və digər janrlı yazılarda ana dilimizin rus, ərəb, fars və sair dillər vasitəsilə korlanmasına qarşı çıxmış, yad dillər içərisində itib-batmasından ciddi narahatlıq keçirmişdir. Realist sənətkar bu taleyüklü məsələyə ciddi önəm vermiş, az qala jurnalın hər sayında bu problemin aktuallığından söhbət açmış, Azərbaycan dili haqqında həm özünün, həm də mollanəsrəddinçi əqidə və məslək dostlarının yüzlərlə yazılarını xalqa çatdırmışdır. Ümummilli lider C.Məmmədquluzadənin ana dilini milli müstəviyə çıxarmasını, xalqımızın müqəddəratının əsas atributlarından biri kimi səciyyələndirməsini yazıçının vətəndaşlıq mövqeyi və azərbaycançılıq ideologiyasının təzahürü kimi mənalandırır: “C.Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Onun daim işlətdiyi “Vətən, Vətən, Vətən! Millət, Millət, Millət! Dil, Dil, Dil! sözləri xalqımızın, millətimizin fikirlərini, arzularını ifadə edir. Ədibin ana dilinə – Azərbaycan dilinə böyük diqqəti, ana dilini bilməyə səsləməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinin zəruriliyinə dair fikirləri, yazıları o vaxt üçün vacib idi, bu gün də çox aktualdır”.

Ulu öndər Heydər Əliyev ana dilinin saflığı uğrunda bütün ömrü boyu mübarizə aparmış böyük ədibimizin bu sahədəki fəaliyyətini diqqət mərkəzinə çəkməklə dövlət müstəqilliyi dövründə xalqımızın ana dilini uca tutmasını zəruri saymışdır.

Heydər Əliyev C.Məmmədquluzadənin “Anamın kitabı” əsərinə istinad edərək bildirmişdir ki, bu gün də belə hallar mövcuddur. O, realist sənətkarın belə aktual bir mövzuya müraciət etməsini C.Məmmədquluzadənin uzaqgörənliyi və milli təəssübkeşliyi ilə əlaqələndirmişdir: “Anamın kitabı” əsəri Azərbaycan üçün çox dahiyanə əsərdir. Çünki bizim xalqımız, respublikamız Şərqin və Qərbin, Şimalın və Cənubun qovuşuğundadır. Əsrlər boyu ayrı-ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur. Mədəniyyətimizin və elmimizin inkişafına da bu təsirlər olmuşdur. Ancaq xalqımızın dahi simaları Azərbaycan dilini, Azərbaycan milliliyini, milli şüurunu, milli məfkurəsini daim yaşatmışdır”.

C.Məmmədquluzadənin məşhur “Ölülər” əsərinə Heydər Əliyev tərəfindən aşağıdakı kimi yüksək qiymət verilmişdir: “Mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna (“Ölülər”ə – İ.H.) bərabər, buna bənzər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof, psixoloq olduğunu göstərir, həm də onun özünəməxsus fitri istedadını əks etdirir. “Ölülər” əsəri ölməz əsərdir”.

1995-ci ildə Azərbaycan dilini dövlət dili kimi Azərbaycan Respublikasının Konstitusiyasına daxil etməklə dövlət səviyyəsində böyük tarixi missiyanı həyata keçirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin “Molla Nəsrəddin” və mollanəsrəddinçilərlə bağlı həyata keçirdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar 6 fevral 2009-cu ildə imzaladığı Sərəncamda deyilir: “Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan “Molla Nəsrəddin” jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formalaşmasına öz layiqli töhfəsini vermişdir. Klassik Azərbaycan və dünya bədii fikri ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnən sənətkarın milli oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərq ölkələrinin ədəbiyyatına böyük təsir göstərmişdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Cəlil Məmmədquluzadənin anadan olmasının 150, “Molla Nəsrəddin” jurnalının 100, 110 illik yubileylərinin keçirilməsi və mollanəsrəddinçilərin yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi klassik irsimizə və milli mətbuatımıza verilən yüksək qiymətin real təzahürü və təntənəsidir.

Ədəbiyyat:

Cəlil Məmmədquluzadənin anadan olmasının 150,“Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. “Xalq qəzeti”, 28 mart 2000-ci il, №64;
Azərbaycan Respublikası Prezidentinin görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 125 illiyinin qeyd olunması haqqında Sərəncamı, 1994-cü il;
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar Sərəncamı. “Azərbaycan” qəzeti, 6 fevral 2009-cu il, №29;
Cəlil Məmmədquluzadə Azərbaycan xalqının milli dirçəlişində əvəzsiz rol oynamışdır. (Cəlil Məmmədquluzadənin 125 illik yubileyində nitq). Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, “Ozan”, 1999, 496 s.;
Dünya korifeylərinin öncülü (Ü.Hacıbəyovun 110 illik yubileyində nitq). Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, “Ozan”, 1999, 496 s.;
Dahi Füzulinin yubileyi ədəbiyyatımızın və mədəniyyətimizin bayramıdır. (M.Füzulinin yubileyi üzrə Dövlət Komissiyasının növbəti iclasında çıxış). H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, “Ozan”, 1999, 496 s.;
İ.Həbibbəyli. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, “Nurlan”, 2007, 696 s.;
Xalq işinə xidmət etməli (Azərbaycan yazıçılarının VI qurultayında nitq). H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, “Avropa”, 1999, 496 s.;
İ.Həbibbəyli. Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, “Əcəmi”, 2013, 272 s.;
İ.Həbibbəyli. Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat məsələləri. “Azərbaycan qəzeti”, 27 aprel 2010-cu il;
G.Babayeva. Heydər Əliyev və Cəlil Məmmədquluzadə irsi. “Azərbaycan” qəzeti, 12 fevral 2019.


akademik İsa Həbibbəyli
filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva

Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 9-13

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə