İslam Ağayev


İslam Ağayev İslam Məmməd oğlu Ağayev (20.08.1932, Bakı, Bülbülə k.–27.01.2014, Bakı) - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, yazıçı, şair, Azərbaycan Yazıçılır Birliyinin üzvü. İslam Ağayev ilk təhsilini Bakının Bülbülə kəndində almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir (1952-1957).
Azərbaycan Dövlət kitabxanasında baş biblioqraf işləmiş (1957-1960), 1960-cı ilin iyun ayından ömrünün sonunadək AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsindən baş elmi işçi, şöbə müdirliyinədək yüksəlmişdir.

İ.Ağayev 1964-cü ildə "Satirik "Zənbur" jurnalı" mövzusunda namizədlik, 1984-cü ildə isə "Molla Nəsrəddin" jurnalı və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının ideya-bədii inkişafı problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. İ.Ağayev mollanəsrəddinşünas alim kimi geniş ictimai auditoriyada yaxşı tanınsa da, elmi yaradıcılıq məcrasının hüdudları daha genişdir. Onun ədəbiyyatşünaslıq elminə gətirdiyi "unudulmuşlar", acı həqiqətlər, mənəvi repressiyalara məruz qalmış şəxsiyyətlər və onların elmi-ədəbi bəraəti missiyası bütöv bir mərhələ təşkil edir. İ.Ağayevin XIX əsrin sonları – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və dövri mətbuatının tarixi, şəxsiyyətləri, ideya və nəzəri problemləri mövzusunda 15 kitabı, 200-dən çox məqaləsi dərc edilmişdir.

1976-1987-ci illərdə nəşr edilmiş 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın əsas məqalə və 2004-2005-ci illərdə çap olunmuş 2 cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın baş redaksiya heyətinin üzvü və əsas məqalə müəlliflərindəndir. O, yaradıcılığında XX əsr Azərbaycan satirik ədəbiyyatının problemlərinə, tanınmış nümayəndələrinin yaradıcılığının tədqiqinə geniş yer vermiş və dövri mətbuatın elmi-nəzəri məsələlərindən bəhs etmişdir. "Satirik "Zənbur" jurnalı" (1969), "Molla Nəsrəddin"in tarixi hünəri" (1976), "Əliqulu Qəmküsar" (1976), "Əli Razi Şamçızadə: həyatı və yaradıcılığı, əsərlərindən seçmələr" (1992), "Molla Nəsrəddin"in poetikası" (1985), "Əlabbas Müznib: həyatı, yaradıcılığı, əsərlərindən seçmələr" (2005), "Tarixi yaddaşımızın böyük yadigarı", "Molla Nəsrəddin-100" (2006), "Ədəbiyyat, mətbuat və publisistika problemləri" (Məqalələr toplusu. 2006) və s. monoqrafiyaların, sanballı elmi-publisistik əsərlərin müəllifidir.

Ədəbiyyat:

A.Rüstəmli. Müdriklik mücəssəməsi. Bakı, "Elm və təhsil", 2014, 476 s.;
S.Rzasoy. İslam Ağayev: ömür və yaradıcılıq etüdləri. Bakı, "Tural-Ə", 2002, 124 s.


filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 177

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə