Cəlil Məmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (Molla Nəsrəddin). (22.02.1869, Naxçıvan şəhəri – 04.01.1932, Bakı)
"Molla Nəsrəddin" jurnalının baş redaktoru, yazıçı, dramaturq, naşir, jurnalist, pedaqoq, tərcüməçi, ictimai xadim.
Cəlil Məmmədquluzadə ilk təhsilini (1873-1878) mollaxanada, sonra isə Naxçıvan şəhər üçsinifli məktəbində almışdır (1879-1882). Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmiş (1882-1887), burada A.O.Çernyayevski (1840-1894), D.D.Semyonov (1834-1902), N.O.Lomouri (1852-1915), Mirzə Əbdüssəlam Axundzadə (1843-1907), Səfərəli bəy Vəlibəyov (1861-1902) kimi tanınmış pedaqoqlardan dərs almışdır.
C.Məmmədquluzadə 1887-1897-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, İrəvan quberniyasının Uluxanlı məktəbində 8 sentyabr 1887-ci il tarixdən həmin ilin 25 dekabrınadək (3 ay 17 gün), Baş Noraşendə 13 yanvar 1890-cı ilədək (2 il 19 gün), Nehrəmdə isə 7 ilə qədər (1890-1897) müəllimlik etmişdir. Bədii yaradıcılığa Baş Noraşendə başlayan ədib "Çay dəstgahı" (1889) adlı ilk alleqorik dramını burada işləyərkən yazmış və Azərbaycan dramaturgiyasına birpərdəli səhnəciklər yaratmaq ənənəsini gətirmişdir. O, "Kişmiş oyunu" pyesini (1892), "Danabaş kəndinin əhvalatları" povestini (1894) isə Nehrəm məktəbində çalışdığı dövrdə qələmə almışdır. 1895-ci ildə Moskva və Peterburqa gedərək Rusiya imperiyası daxilində baş verən prosesləri izləmiş, latın əlifbasına keçmək barədə danışıqlar aparmışdır. Naxçıvanda və İrəvanda hüquq orqanlarında işləmişdir (1897-1903).
Publisistik fəaliyyətə 1902-ci ildən başlayan yazıçı "Kaspi" qəzetində "İrəvan" və "İrəvan müxbirimizdən" başlığı altında ilk yazılarını dərc etdirir. "Kafkaz", "Həyat", "İrşad", "Vozrojdeniye", "Şərqi-Rus" və s. mətbuat orqanlarında publisistik əsərlərlə çıxış edir.
C.Məmmədquluzadənin yazıçı, jurnalist, nasir kimi püxtələşməsində tanınmış publisist, ictimai xadim Məhəmmədağa Şahtaxtlının (1846-1931) və onun redaktoru olduğu "Şərqi-Rus" (1903-1905) qəzetinin böyük rolu olmuşdur. M.Şahtaxtlının dəvəti ilə "Şərqi-Rus"la əməkdaşlığa başlayaraq (1903) "Poçt qutusu", "Kişmiş oyunu" əsərlərini bir çox məqalə və tərcümələrini ilk dəfə bu qəzetdə dərc etdirmişdir. O, 23 noyabr 1904-cü ildən "Şərqi-Rus" qəzetinin müvəqqəti redaktoru işləmişdir. "Şərqi-Rus" bağlandıqdan sonra Ö.F.Nemanzadə və tacir M.Ə.Bağırovla birlikdə qəzetin mətbəəsini almış və ona "Qeyrət" adı vermişdir. Mətbəə-nəşriyyatda yazıçının "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "İranda hürriyyət" kitabçaları, müxtəlif intibahnamə və təqvimlər çap edilmişdir. Həmin dövrdə Tiflisdə uşaqlar üçün məktəb və pansion açır, "Novruz" adlı gündəlik qəzet çıxarmağa icazə alsa da (1905), dövrün tələbatını nəzərə alaraq satirik orqanın nəşrinə üstünlük verir. C.Məmmədquluzadənin baş redaktorluğu ilə ilk sayı 7 aprel 1906-cı ildə Tiflisdə nəşr olunan "Molla Nəsrəddin" jurnalı həm Azərbaycanda, həm də bütün Şərqdə birinci satirik, rəngli-şəkilli mətbuat orqanı idi. Jurnal müsəlman Şərqinin həyatında, xüsusən Azərbaycan xalqının milli oyanış və dirçəlişində mühüm rol oynamışdır. Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Razi Şamçızadə kimi şair və yazıçıların jurnal ətrafında birləşməsi "Molla Nəsrəddin" ədəbi məktəbinin yaranmasına və beynəlxalq aləmdə böyük nüfuz qazanmasına rəvac vermişdir.
C.Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalındakı fəaliyyətini aşağıdakı mərhələlərə ayırmaq olar:
1906-1914-cü illər – Tiflis mərhələsi
1917-ci il – Milli Demokratik Cümhuriyyət ərəfəsi dövrü
1921-ci il – Cənubi Azərbaycan mərhələsi
1922-1931-ci illər – Sovet hakimiyyəti illəri.
"Sizi deyib gəlmişəm" xitabı "Molla Nəsrəddin" jurnalının proqramı kimi qəbul olunmuş, C.Məmmədquluzadə və onun mollanəsrəddinçi müasirlərinin timsalında "Molla Nəsrəddin" ədəbi məktəbi formalaşmışdır. C.Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalında yazılarını "Molla Nəsrəddin", "Ağzı oruc", "Adaş", "Axund Molla Tarqulu", "Babi", "Baksoyuz üzvü", "Bekker", "Bir nəfər", "Cırcırama", "Cin", "Dəhrə", "Dəmdəməki", "Dəngəsər", "Dərdmənd", "Dərin savadlı", "Fəhlə", "Həmşəri" və s. imzalarla çap etdirmişdir. Yazıçının başlanğıc mərhələdə qələmə aldığı "Niyə məni döyürsünüz", "Qəbirdən məktub", "Molla Nəsrəddin"in cavabı", "Necə qan ağlamasın...", "Baş", "Misyonerlik", "Mikroblar" və s. məqalə və felyetonları Azərbaycan satirik publisistikasının dəyərli nümunələridir. C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatına böyük demokratik ədib, vətəndaş milli yazıçı, kiçik hekayənin, tragikomediya janrının, satirik publisistikanın yaradıcısı və böyük ustadı kimi daxil olmuşdur. Özünəqədərki çoxəsrlik ədəbi fikirdə yaranıb formalaşma prosesi keçirmiş ümummilli ideyalar C.Məmmədquluzadənin yaradıcılığının timsalında yüksək səviyyədə inkişaf edərək Azərbaycan ədəbiyyatının həmişəlik bədii sərvətinə çevrilmişdir. Ədibin fikrincə, "Vətən, vətən, vətən! Dil, dil, dil! Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-noi bəşər üçün özgə nicat yolu yoxdur" (C.Məmmədquluzadə. Seçilmiş əsərləri. Bakı, "Çinar-çap", 2003, s.450). Yazıçı Azərbaycan ədəbiyyatına milli istiqlal ideyalarını və motivlərini gətirməklə yanaşı, həm də ictimai həyatda Azərbaycanın milli oyanışı, dirçəlişi və müstəqilliyi uğrunda mübarizənin möhkəm təməllərini yaratmışdır. C.Məmmədquluzadə Azərbaycanda milli istiqlal ədəbiyyatının sərkərdəsidir.
XX əsrin əvvəllərində ədib bədii yaradıcılıqla ardıcıl məşğul olmuş, "Poçt qutusu" (1903), "Usta Zeynal" (1905), "İranda hürriyyət" (1906), "Dəllək" (1906), "Qurbanəli bəy" (1906), "Quzu" (1914), "Nigarançılıq" (1916), "Konsulun arvadı" (1918) və s. hekayələrini yazmışdır. "Ölülər" tragikomediyasını yazması (1909) və Bakıda uğurla tamaşaya qoyulması (1916) onun ədəbi şöhrətini artırmışdır. Bu, bütövlükdə türk-müsəlman dünyasında, o cümlədən Azərbaycandakı mənəvi buxovları, əsarəti, fanatizmi və xurafatı böyük cəsarətlə yıxıb dağıdan dahiyanə əsərdir. Azərbaycan ədəbiyyatında mövhumat və cəhalət əleyhinə yazılmış "Ölülər" qədər təsirli ikinci bir əsər tapmaq çətindir. Realist sənətkar "Kamança" (1920), "Anamın kitabı" (1920) və "Dəli yığıncağı" (1926) pyesləri ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoymuşdur. "Kamança" pyesi Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsinə həsr olunmuş ilk bədii əsərdir. Pyes erməni-Azərbaycan münaqişəsinin baş verdiyi günlərdə Qarabağda yaşayan ədibin real həyati müşahidələri əsasında yazılmışdır. "Anamın kitabı" tragikomediyası ədəbiyyatımızda milli istiqlala, azərbaycançılıq ideologiyasına həsr olunmuş ən ciddi və təsirli dram əsəridir. "Anamın kitabı" Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi anasıdır. Milli müstəqillik və birlik, soykökə dərin bağlılıq, milli ideologiya və istiqlal uğrunda mübarizə kimi aktual məsələlər "Anamın kitabı" əsərinin mövzusunu və qayəsini təşkil edir. Ədibin "Danabaş kəndinin müəllimi" pyesində (1921) maarifçilik məsələsindən bəhs olunur. C.Məmmədquluzadənin "Dəli yığıncağı" tragikomediyasında hadisələr zaman və məkan etibarilə dəyişdirilsə də, guya XIX əsr İran Azərbaycanını əhatə etsə də, əslində, pyesdə keçən əsrin 20-ci illərində Şura Azərbaycanında baş vermiş proseslər əks etdirilmiş, bütövlükdə mərkəzdən göndərilən yadlar tərəfindən idarə olunan yeni qurulmuş Azərbaycan cəmiyyəti "dəli yığıncağı" adlandırılmışdır. Ədib "Danabaş kəndinin məktəbi" povestinin ilk variantını 1896-cı ildə yazmış, 1921-ci ildə əsər üzərində yenidən işləyərək təkmilləşdirmiş və Maarif Komissarlığının nəşriyyatına təqdim etmiş, lakin əsərin ikinci variantı itib-batmış, yalnız ilk variantı 1936-cı ildə işıq üzü görmüşdür. Ömrünün sonlarına yaxın, 1930-cu ildə yazdığı "Ər" pyesində sovet hakimiyyəti illərində cəmiyyətdə baş verən çaşqınlıq, mənəvi gərginlik, xaos və hərcmərclik tənqid olunmuşdur. C.Məmmədquluzadə "Dəli yığıncağı" əsərindən başlayaraq ölkəyə xalqın dilini bilməyən adamların rəhbərlik etməsinin tənqid olunması işini davam etdirmiş və xalqın öz içindən çıxmış liderlərin yetişməsi ideyasını irəli sürmüşdür.
C.Məmmədquluzadə 1914-cü ildə Birinci Dünya müharibəsinin ölkədə yaratdığı mürəkkəb vəziyyətə və maliyyə məsələlərinə görə,"Molla Nəsrəddin" jurnalında fəaliyyətini bir müddət dayandırmağa məcbur olmuş və 1917-ci ildə yenidən davam etdirmişdir. 1917-ci ildə Rusiyada Romanovlar sülaləsinin devrilməsi, ölkədə demokratik meyillərin artması "Molla Nəsrəddin"də dərc olunan məqalə və felyetonların məzmununda da öz əksini tapmışdır. Ədib bu illərdə jurnalda çap etdirdiyi "Azadeyi-vicdan", "Avampəsənd nitqlər", "Təzə partilər", "Qondarma bəylər", "Mübarəkbadlıq" və s. publisistik əsərlərində xalqı siyasi proseslərə, demokratik dövlət quruculuğuna hazırlamaq vəzifələrini uğurla həyata keçirmişdir. Yazıçının bu dövrdə qələmə aldığı və publisistikasının şah əsəri sayılan "Azərbaycan" məqaləsi (1917) milli oyanış və siyasi intibah dövrünün həqiqi bədii manifesti, xalqımızın müstəqil və demokratik dövlət quruculuğu prosesindəki ümummilli vəzifələrinin tərcümanıdır. Tiflis Müsəlman Komitəsinin yığıncağında Qafqazın mərkəzində yaşayan azərbaycanlılar qarşısında çıxış etmək üçün məruzə kimi hazırlanmış "Cümhuriyyət" məqaləsində (1917) Azərbaycanda respublika tipli dövlət qurulmasını arzu edən və bu yeni cəmiyyətin siyasi-inzibati prinsiplərini xalqa çatdıran C.Məmmədquluzadə cümhuriyyətşünas ədib olduğunu qəti şəkildə nümayiş etdirmişdir.
Yazıçının ana dilinin təbliğinə, cənublu həmvətənlərimizin həyatına həsr edilmiş məqalə və felyetonlarında milli-mənəvi özünüdərk, xalqların öz müqəddəratını təyin etmək hüquqları və müstəqillik uğrunda mübarizəsi məsələlərinə geniş yer verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə C.Məmmədquluzadə əsasən, Qarabağda – Kəhrizli kəndində yaşamış, Həmidə xanımla birlikdə Ə.Cavanşirdən qalmış böyük təsərrüfatı idarə etmiş və bədii yaradıcılıqla məşğul olmuşdur. O, türk əsgərləri ilə birlikdə Əsgəran döyüşündə iştirak etmişdir. Ədib 1920-ci ilin sentyabrından 1921-ci ilin may ayınadək Cənubi Azərbaycanın Təbriz şəhərində yaşayıb fəaliyyət göstərmişdir. Burada "Molla Nəsrəddin"in 8 sayı çap edilmiş, "Ölülər" əsəri Təbriz teatrının səhnəsində tamaşaya qoyulmuşdur (1 may 1921-ci il).
C.Məmməquluzadənin Təbriz dövrü publisistikasında vətəndaşlıq cəsarəti, açıq milli mövqe qabarıq şəkildə diqqəti cəlb edir. Cənubi Azərbaycan mərhələsində meydana çıxmış "Bikarlar məhəlləsi", "Millət", "Firqələr davası", "Vətən xadimləri", "İranda ləqəblər", "Tüstü", "Dövlətli xanımlar" və s. məqalə və felyetonlar milli-satirik publisistikamızın kamil nümunələridir.
1921-ci il iyunun 24-də yeni hökumətin dəvəti ilə Bakıya dönən ədib N.Nərimanov, D.Bünyadzadə, Ə.Qarayevlə görüşmüş, "Molla Nəsrəddin"in yenidən nəşrə başlaması üçün bir sıra məsələləri müzakirə edib qərar qəbul edilməsinə nail olmuşdur. Jurnalın fəaliyyətə başlaması üçün R.Axundov və S.Ağamalıoğlu müəyyən köməkliklər göstərmişlər. "Molla Nəsrəddin" ədibin vətənə qayıdışından 1 il 4 ay sonra, yəni 1922-ci il noyabrın 2-də Bakıda nəşrə başlamışdır. İlk nömrələrin mətnini C.Məmmədquluzadə özü yazsa da, sonralar yenə də Ə.Haqverdiyev, Ö.F.Nemanzadə, Ə.Nəzmi, M.S.Ordubadi, xalq rəssamı Ə.Əzimzadə, məşhur fırça ustası T.Benedikt və başqa mollanəsrəddinçiləri, C.Cabbarlı, B.Talıblı, Ə.Vahid kimi yazıçı və şairləri ətrafına toplaya bilmişdir. Q.Xalıqov, İ.Axundov və başqa gənc rəssamlar redaksiyaya işə cəlb olunmuşdur.
C.Məmmədquluzadənin ictimai fəaliyyətinin ən qaynar dövrü "ümid və inam mərhələsi"nə (1921-1923) aiddir. Bu dövrdə yazıçı Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinə (1926), Yeni Əlifba Komitəsinə (1924), Mərkəzi İstilah Komissiyasına (1924), Azərbaycan mətbuatının 50 illik yubileyini keçirən təşkilat komitəsinin tərkibinə (1926) üzv seçilmiş, çoxcəhətli iş aparmışdır. Ədib Respublika Beşinci Şuralar Qurultayında Həmid Sultanovun təklifi ilə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi üzvlüyünə namizədliyə qəbul edilmişdir (26 mart 1927). O, Mərkəzi İcraiyyə Komitəsinin Bakıdakı iclasları ilə yanaşı, Xankəndi və Lənkəranda keçirilən səyyar yığıncaqlarda da iştirak etmiş, bəzi qərar və tövsiyələrin hazırlanmasına cəlb olunmuşdur.
1922-ci ildə "Yeni yol" qəzetinin redaktoru təyin edilən C.Məmmədquluzadə yeni əlifba uğrunda fəal mübarizəyə qoşulur. Latın əlifbasının ittifaq miqyasında təbliği və tətbiqi məqsədilə Azərbaycan MİK sədri S.Ağamalıoğlunun başçılığı ilə C.Məmmədquluzadə, V.Xuluflu, X.S.Xocayev və B.Çobanzadədən ibarət heyət 1924-cü ilin payızında Krım, Tatarıstan və Orta Asiyaya səfərlər etmişdir.
C.Məmmədquluzadənin bu illərdə yazdığı "Şərq fakültəsi", "Hamballar", "Şeir bülbülləri", "İki ər", "Şəhər və kənd", "Qoşa balınc", "Saqqallı uşaq", "Kişmiş oyunu", "Konsulun arvadı", "Pirverdinin xoruzu", "Xanın təsbehi", "Taxıl həkimi", "Zırrama", "Buz", "Yan tütəyi" və s. hekayələrində 20-30-cu illərdə baş verən proseslər, müşahidə olunan ziddiyyətlər və yeni dövrün spesifikası əks etdirilmişdir.
20-ci illərdən etibarən C.Məmmədquluzadənin həyatında şübhə və sarsıntı mərhələsi başlanır. Yeni ictimai-siyasi şərait, vulqar-sosioloji təmayül və respublikada onlara rəvac verən bəzi ziyalılar C.Məmmədquluzadəyə qərəzli münasibət bəsləyir və jurnala qarşı yersiz hücumlar edirdilər. 1922-ci il noyabrın 7-də Bakıda M.Ə.Sabirin heykəlinin açılışına dəvət almayan ədib dəfələrlə rəsmi dairələrin soyuq münasibəti ilə qarşılaşır. Keçirdiyi sarsıntılar tədricən onun sağlamlığına ciddi təsir göstərmiş, iki dəfə Borjomidə (1928-1930) və Kislovodskidə (1930) müalicə olunmuş, Şuşada (1931) istirahət etmiş, lakin səhhətindəki problemlər aradan qalxmamışdır. 1929-1932-ci illərdə ədibin yaradıcılığında durğunluq dövrü başlanmış, bu mərhələdə cəmi bir neçə əsər ("Proletar şairi" (1929) hekayəsi, "Ər" pyesi və s.) yazmışdır.
C.Məmmədquluzadə 1907-ci il iyunun 15-də Qarabağın məşhur xanlarından olan Əhməd bəy Cavanşirin (1828-1902) qızı Həmidə xanımla (1873-1955) ailə həyatı qurmuş, Mirzə Cəlilin bu nikahdan Midhət (1908-1932) və Ənvər (1911-1979) adlı iki oğlu dünyaya gəlmişdir. Midhət Məmmədquluzadə Azərbaycan Politexnik İnstitutunun Hidrotexniki qurğular fakültəsini bitirmiş, Dövlət Plan Komitəsində Mingəçevir su-elektrik stansiyasının layihəsini hazırlayan komissiyanın elmi katibi vəzifəsində çalışmışdır. Ənvər Məmmədquluzadə Azərbaycan Tibb Universitetinin məzunu olmuş, Böyük Vətən müharibəsi illərində sovet ordusunun tərkibində İrana getmiş, taleyin hökmü ilə həyatının qalan hissəsini həmin ölkədə yaşamışdır. Ə.Məmmədquluzadə Bakıda ikən evləndiyi Tibb İnstitutunun məzunu Məhin Dadipurdan 1940-cı ildə Mehri Məmmədquluzadə (Səqqətçiya) dünyaya gəlmişdir. Ə.Məmmədquluzadə İranda Məhin Dadipurdan ayrılmış, polyak qızı Zotiya Bahrinovskaya ilə ailə qurmuşdur. Bu nigahdan Midhət Cavanşiri (2013-cü ildə Tehranda vəfat etmişdir), Teymur Cavanşiri (1992-ci ildə Tehranda dünyasını dəyişmişdir), İrena Cavanşiri və Nizhət Cavanşiri dünyaya gəlmişdir.
Hal-hazırda Mirzə Cəlilin nəslinin davamçılarından Martin Cavanşiri Polşada, Ramin Cavanşiri İslandiyada (Midhət Cavanşirinin övladı), Məhin Səqqətçiya və Nizhət Şəcəri (Ənvər Məmmədquluzadənin övladları) Fransada, İrena Süleymani (Ənvərin qızı) İranda yaşayırlar. İ.Həbibbəylinin dəvəti ilə C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri 16-21 noyabr 2019-cu ildə Bakıda olmuş, ulu babalarının ev muzeyini və məzarını ziyarət etmişlər (İ.Həbibbəyli. Mirzə Cəlilin nəsil şəcərəsi. "Qobustan" jurnalı, 1999, №2, s.23-24).
1931-ci ildə "Molla Nəsrəddin" jurnalının 25 illiyinin Bakıda qeyd olunmaması, sonra isə Mübariz Allahsızlar İttifaqının orqanına çevrilməsi C.Məmmədquluzadəyə ağır mənəvi zərbə vurmuşdur. Görkəmli yazıçı 1932-ci il yanvarın 4-də vəfat etmiş və Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.
C.Məmmədquluzadə əsərlərinin nəşri və tədqiqinə keçən əsrin 30-cu illərindən başlanılmışdır. Ədəbiyyatşünas H.Səmədzadə ədibin "Danabaş kəndinin əhvalatları" povestinin və "Dəli yığıncağı" tragikomediyasının əlyazma variantlarını əldə edib, 1936-1938-ci illərdə ayrı-ayrı kitablar şəklində çap etdirmişdir. O, həmçinin C.Məmmədquluzadənin "Əsərləri"nin komediyalardan və hekayələrdən ibarət iki cildini hazırlayıb 1936-cı ildə tənqidçi Ə.Nazimin müqəddiməsi ilə oxuculara çatdırmışdır. Sonrakı nəşrlər bu ikicildliyin zəminində meydana çıxmışdır. 1947-ci ildə H.Səmədzadə Ə.Mirəhmədovla birlikdə yazıçının "Əsərləri"nin üçüncü cildini nəşrə hazırlayıb tanınmış yazıçı və alim M.C.Paşayevin müqəddiməsi ilə çap etdirmişdir. Bu cilddə yazıçının məqalələri və felyetonları toplanmışdır. C.Məmmədquluzadənin üçcildliyinin (I cild 1966, II-III cildlər 1967) və altıcildliyinin (1983-1985) çapa hazırlanması və nəşri Ə.Mirəhmədov və T.Həsənzadə tərəfindən həyata keçirilmişdir. C.Məmmədquluzadə və Həmidə xanımın məktublarının kitab halında nəşrə hazırlanmasında da Ə.Mirəhmədovun xidmətləri vardır. Kitab akademik İ.Həbibbəylinin xüsusi redaktorluğu ilə 1994-cü ildə nəşr edilmişdir. Professor Ə.Şərif yazıçının 1905-ci ildə "Kafkazskiy raboçi listok" qəzetində dərc edilmiş "Binəsiblər" və "Xeyir-dua" adlı məqalələrini və "Kaspi" qəzetində çap olunmuş yazılarını aşkara çıxarıb nəşr etdirmişdir ("Ədəbiyyat və incəsənət" qəzeti, 1956, №15). C.Məmmədquluzadənin "Dram və nəsr əsərləri" (1958), "Felyetonlar, məqalələr, xatirələr, məktublar" (1961), H.Məmmədquluzadənin "Mirzə Cəlil haqqında xatirələrim" (1967;1981) və C.Məmmədquluzadə haqqında qiymətli məqalələr, nadir xatirələr ilk dəfə professor A.Zamanovun rəhbərliyi və fəaliyyəti sayəsində ədəbi ictimaiyyətə çatdırılmışdır. Tədqiqatçı F.Bayramovun nəşr etdirdiyi "Biblioqrafiya" (1966) yazıçının anadan olmasının 100 illik yubileyinə qədərki çap işlərini əhatə edir.
C.Məmmədquluzadənin əsərlərinin atribusiya işində Q.Məmmədli, T.Həsənzadə, E.Qasımova, İ.Ağayev və başqalarının mühüm rolu olmuşdur. Xarici tədqiqatçılardan A.Benniqsen, H.Brandes, M.Tərbiyət, S.Sərdarniya və başqaları da C.Məmmədquluzadə haqqında araşdırmalar aparmışlar.
Mirzə Cəlilin bir sıra əsərlərinin müəllifinin dəqiqləşdirilməsi və ilk dəfə aşkara çıxarılması akademik İsa Həbibbəylinin adı ilə bağlıdır. İ.Həbibbəyli ədibin 156 felyetonunu, 35 məqaləsini, 14 şeirini, 9 məktubunu, 2 tərcüməsini, "Ər", "Lənət" və "Oyunbazlar" dramlarını aşkara çıxarıb çap etdirmişdir. Həmçinin Fransa, Macarıstan, Gürcüstan, Özbəkistan, Misir Ərəb Respublikası, Bolqarıstan, Litva, Tacikistan, Türkiyə, Rusiya, Pakistan və İran kimi ölkələrdə Mirzə Cəlil irsinə dair bir sıra kitablar və elmi məqalələr nəşr etdirmiş, yazıçının əsərlərini dünya oxucularına çatdırmışdır. Bundan başqa, Bakıda, Nehrəmdə və Baş Noraşendə ev muzeylərinin yaradılmasına müvəffəq olmaqla yanaşı, Naxçıvan Dram Teatrında səhnələşdirilən "Çay dəstgahı", "Kişmiş oyunu" və "Kamança" tamaşalarının, Bakıda Akademik Milli Dram Teatrında oynanılan "Ölülər" (2016) tamaşasının məsləhətçisi olmuşdur. 2004-cü ildə "Əsərləri"nin 4 cildliyini tərtib etmiş, müqəddimə və izahlarla nəşrə hazırlamışdır. Azərbaycan və rus dillərində yazıçının nəsil şəcərəsini və həyat yolunu əks etdirən albom hazırlayıb çap etdirmişdir. NDU-da C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalına həsr olunmuş xüsusi kurslar təşkil etmişdir.
C.Məmmədquluzadə irsinin sistemli şəkildə öyrənilməsi ilə ilk dəfə Ə.Nazim (1906-1938) məşğul olmuşdur. O, 1928-ci ildə "Türk yurdu" jurnalında "Yeni azəri ədəbiyyatı haqqında", "Molla Nəsrəddin"in nəşri haqqında", "Cəlil Məmmədquluzadə və yaradıcılığı" kimi elmi məqalələr çap etdirmişdir. Sonralar böyük sənətkarın yaradıcılığından bəhs edən bir sıra kitablar nəşr olunmuşdur. M.İbrahimovun "Böyük demokrat" (1939), "Böyük şairimiz Sabir" (1962), M.Əlioğlunun "Cəlil Məmmədquluzadənin dramaturgiyası" (1954), Ə.Şərifin "Cəlil Məmmədquluzadə ("Molla Nəsrəddin")" (1946), "Molla Nəsrəddin"in yaranması" (1968), M.C.Paşayevin "Cəlil Məmmədquluzadənin realizmi haqqında" (1966), Ə.Mirəhmədovun "Azərbaycan "Molla Nəsrəddini" (1980), M.Məmmədovun "Cəlil Məmmədquluzadənin bədii nəsri" (1968), F.Hüseynovun "Adi əhvalatlarda böyük həqiqətlər"(1977), Ə.Hüseynovun "Sənət yanğısı" (1979), X.Əlimirzəyevin "Problemlər və xarakterlər dramaturgiyası" (1979), H.Əfəndiyevin "M.F.Axundovun realist-satirik nəsrinin davamçıları"(1974), İ.Həbibbəylinin "Cəlil Məmmədquluzadə" (1987), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" (1997), "Cəlil Məmmədquluzadə. Biblioqrafiya" (2005), "Cəlil Məmmədquluzadə (Tanıtma kitabı)" (2009), A.Məmmədovun "Nəsrin poetikası (XIX əsrin II yarısı)" (1990), T.Əlişanoğlunun "Əsrdən doğan nəsr (XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası)" (1999), A.Məmmədlinin "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" (2003) monoqrafiyaları C.Məmmədquluzadə irsinin araşdırılması istiqamətində aparılmış dəyərli tədqiqatlardır.
"Cəlil Məmmədquluzadə ensiklopediyası" (2008) və M.F.Axundzadə kitabxanası tərəfindən hazırlanmış Cəlil Məmmədquluzadə "Biblioqrafiya"sı (2019) mirzəcəlilşünaslığa dair sanballı nəşrlər kimi mühüm əhəmiyyətə malikdir.
Azərbaycanda C.Məmmədquluzadənin adının əbədiləşdirilməsi istiqamətində böyük işlər görülmüş, əsərləri dönə-dönə nəşr olunmuş, xarici dillərə tərcümə olunmuş, haqqında sanballı elmi əsərlər yazılmış, Xalq yazıçısı Anarın "Qəm pəncərəsi" filmi çəkilmişdir. Anadan olmasının 100, 125, 140 və 150 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd edilmişdir. Bakıda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında, Naxçıvan şəhərinin mərkəzi meydanında və Cəlilabadda ucaldılan heykəlləri Cəlil Məmmədquluzadənin şəxsiyyətinə və sənətinə ümumxalq ehtiramının ifadəsidir.
Ədəbiyyat:
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə. Biblioqrafiya. Bakı, "Elm", 2005, 160 s.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan, "Əcəmi", 2009, 424 s.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə (Tanıtma kitabı). Naxçıvan, "Əcəmi", 2009, 170 s.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bakı, "İşıq", 1987, 190 s.; H.Məmmədquluzadə. Mirzə Cəlil haqqında xatirələrim. Bakı, "Gənclik", 1981, 154 s.;
C.Məmmədquluzadə. Əsərləri. 4 cilddə (tərtib edən, ön sözün və şərhlərin müəllifi: İ.Həbibbəyli). Bakı, "Öndər", 2004;
Mirzə Cəlil və məmmədquluzadələr. Məktublaşma (tərtib edən və ön sözün müəllifi: İ.Həbibbəyli). Bakı, "Çinar-çap", 2009, 472 s.;
C.Məmmədquluzadə. Biblioqrafiya. (tərtib edənlər: M.Vəliyeva, L.Şirinova, H.Manafova, elmi redaktoru K.Tahirov, ön sözün müəllifi İ.Həbibbəyli). Bakı, "Zərdabi-Nəşr", 2019, 756 s.;
Cəlil Məmmədquluzadə 150 il. Məqalələr, esselər, müsahibələr, şeirlər (baş redaktor İ.Həbibbəyli, tərtib edəni E.Nəcəfov). Bakı, "Ecoprint", 2019, 719 s.;
Nəticəsi Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışında. // "525-ci qəzet", 18 noyabr 2019.
akademik İsa Həbibbəyli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 48-54