Mirzə Ələkbər Sabir
Ələkbər Məşədi Zeynalabdin oğlu Tahirzadə (30.05.1862, Şamaxı – 12.07.1911, Şamaxı) - Mollanəsrəddinçi şair, Azərbaycan satirik poeziyasının banisi.
"Sabir" təxəllüsü ilə məşhur olan Mirzə Ələkbər Sabir Tahirzadə Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində yeni şeirin – inqilabi satira (poeziya) məktəbinin banisi və bayraqdarıdır. O, ilk təhsilini əvvəl mollaxanada, sonra XIX əsrdə şair və maarif xadimi kimi məşhur olan S.Ə.Şirvaninin yeni üsullu məktəbində almış, ilk poetik qələm təcrübələrini həmin məktəbdə yazmışdır. Onun şeirlərini S.Əzim redaktə etmiş, şagirdinin poetik istedadının inkişafına qayğı göstərmişdir. Gənc şair M.Ə.Sabir 1884-cü il avqustun 22-də səyahətə çıxmış, Yaxın və Orta Şərqin bir çox mədəni mərkəzlərində olmuşdur.
XIX əsrin sonlarına doğru M.Ə.Sabirin ədəbiyyat və sənətə baxışları, yaradıcılıq amalı aydınlaşmağa başlamış və o, şeiri – söz sənətini xalqa zövq verən, düzgün yol göstərən ən qiymətli, iri bir gövhərə bənzətmiş, yaradıcılıqda ancaq həqiqəti, xalqa və vətənə xidməti özünə amal seçdiyini bəyan etmişdir.
XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan ictimai-mədəni fikrinin əsasını təşkil edən maarifçi düşüncəyə yeni keyfiyyət-siyasi məzmun, milli azadlıq və mübarizlik ruhu da əlavə olunmağa başlayır. M.Ə.Sabir də bu prosesin içində yeni məzmunlu və istiqlal ruhlu poeziya yolunda inamla addımlayır; bir-birinin ardınca nəşr edilən "Şərqi-Rus", "Həyat", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Bəhlul", "Dəbistan", "Rəhbər", "Füyuzat", "Səda", "Həqiqət", "Günəş", "Yeni Füyuzat" və başqa mətbuat orqanları ilə fəal əməkdaşlıq edir, şeir, felyeton və məqalələrini çap etdirir, bəzilərinin Şamaxı üzrə xüsusi müxbiri, yaxud sonralar əməkdaşı kimi çalışır.
"Həyat" qəzetində çap etdirdiyi (10 fevral 1906) "Bir məclisdə on iki kişinin söhbəti" adlı proqram xarakterli satirasında cəmiyyətdə hər biri bir zümrəni təmsil edən 12 tipi bir-bir sanki rüsvayçılıq kürsüsünə çıxarıb özlərini danışdırmaq üsulu ilə onları ifşa edir. "Molla Nəsrəddin" nəşrə başlayandan (7 aprel 1906) sonra Sabir üçün əlverişli şərait yaranır; o jurnalda və digər mətbuat orqanlarında ("İrşad", "Tazə həyat", "Bəhlul", "Dəbistan", "Rəhbər", "Füyuzat", "Səda", "Həqiqət", "Günəş", "Yeni Füyuzat" və s.) bir-birinin ardınca çap etdirdiyi "Nə işim var?!", "Oxutmuram, əl çəkin!", "Nəfsin qərəzi, əqlin mərəzi", "Bakı fəhlələrinə", "Fəhlə özünü...", "Əkinçi", "Dilənçi", "Səbr eylə!", "Nə yazım?!", "Sərhesab", "Mənimki belə düşdü", "Qoyma, gəldi!", "Ürəfa marşı", "Qocalar marşı", "Xəsisin heyfi, varisin keyfi", "Tömeyi-nəhar", "Satıram!", "Səttarxana!", "İstiqbalımız lağlağıdır", "İstiqbal bizimdir!", "Fəxriyyə", "Bura say!", "İran özümündür", "Osmanlılar, aldanmayın...", "Ağladıqca kişi qeyrətsiz olur", "Yuxu" və s. satiralarında həmin satirik tiplər silsiləsinin daha geniş, çoxçeşidli və real mənzərəsini oxucuların, geniş ictimaiyyətin gözü qarşısında canlandırdı. Təsvir və boyalarının tünd və kəskin təsiri ilə milləti silkələyib oyatdı, onları özlərinin acınacaqlı vəziyyətinə heyrətdən bərəlmiş gözlərlə baxıb qarşılaşdıqları mənzərədən dəhşətə gəlib silkinməyə, təmizlənib dəyişməyə sövq etdi. Beləliklə, M.Ə.Sabir satirasının inqilabi, dəyişdirici gücü bütün cəmiyyəti, əsrlərdən bəri pas atmış beyinləri, buxovlanıb yatırılmış ruhları hərəkətə gətirdi. Satiralarında "Hophop", "Güləyən", "Ağlar güləyən", "Əbunəsr Şeybani", "Boynuburuq", "Boynuyoğun", "Qabaqda gedən zəncirli", "Çaydaçapan", "Obaşdançı", "Məczub", "Hörümçək", "İran qurdu", "Nizədar" və s. bütövlükdə 50-ə yaxın satirik gizli imzadan istifadə etdi. Onun yaradıcılıq üslubunu davam etdirən şairlər yetişdi, Sabir poeziya məktəbi yarandı.
Sabir ictimai-milli və mədəni tədbirlərdə - kitabxana-qiraətxana, teatr təşkili, məktəb açmaq, Azərbaycan müəllimlərinin I və II qurultay qərarlarının təqdiri, təbliği və həyata keçirilməsində fəal iştirak etdi. Məqalə və şeirlərində gənc nəsli oxumağa, tərəqqiyə səslədi. "Yaz günləri", "Uşaq və buz", "Analar bəzəyi", "Cütçü" və s. klassik uşaq şeirlərini yazdı. Şamaxıda özünün açdığı "Ümid" məktəbində, Bakının Balaxanı kəndində "Camaat məktəbi"ndə müəllimlik edib səriştəli pedaqoq kimi də məşhurlaşdı. Eyni zamanda Bakıdakı mətbuat orqanlarında da çalışdı.
Tiflisdə nəşr edilən "Molla Nəsrəddin" jurnalı Sabir yaradıcılığında tam bir dönüş mərhələsinə çevrildi. Bu jurnalla əməkdaşlığı Sabir şeirinin ideya-bədii yönümünü, üslubunu dəyişmiş, onun qələminə itilik, kəsərlilik, realizminə dərinlik və həyatilik vermişdir. "Molla Nəsrəddin" jurnalı vasitəsilə M.Ə.Sabir Yaxın Şərq ölkələrində, eləcə də beynəlxalq aləmdə yeni tipli satiranın banisi kimi tanındı. Şairin ecazkar poeziyası dövrün parlaq ədəbi-bədii güzgüsü idi. Jurnalın bir sıra karikaturaları Sabirin mənalı misraları, beytləri əsasında çəkilir, onun ideya-bədii yönümünü müəyyən edirdi. Şairin yaradıcılığının çoxçeşidli mövzuları, ideya-bədii məziyyətləri onun şeir məktəbinə mənsub olan başqa mollanəsrəddinçi şairlərə də güclü təsir göstərirdi.
Mollanəsrəddinçi şairin düzü düz, əyrini əyri yazması, mövhumatı, geriliyi, fanatizmi ifşa etməsi, qadın azadlığını, elmi, maarifi təbliğ etməsi, demokratik fikirlər irəli sürməsi yaşadığı qaranlıq mühiti ona qarşı çevirmişdir. Buna baxmayaraq, dövrün, za-manın bütün çətinliklərinə mərdliklə sinə gərən şair "Molla Nəsrəddin" ədəbi məktəbinin əsl yaradıcılarından biri kimi ədəbiyyat və mətbuat tariximizdə dərin izlər qoydu. Həyat hadisələrinə kəskin tənqidi münasibət, yaşadığı ictimai mühitin eybəcərliklərinə qarşı amansızlıq, köhnəliyi yer üzündən silmək, yenilik uğrunda aramsız mübarizə Sabir realizminin ana xəttini təşkil edir.
M.Ə.Sabir köhnə formanı yeni məzmuna uyğunlaşdırmağı bacaran ustad sənətkardır. O, klassiklərin məhəbbət mövzulu qəzəl, mürəbbe, tərkibbənd, məsnəvi, rübai, mü-xəmməs şeir şəkillərini XX əsrin ictimai-siyasi hadisələrinə uyğunlaşdıraraq tamamilə orijinal bir üslub və ifadə tərzi yaratmışdır. M.Ə.Sabirin klassik Şərq şairləri Firdovsiyə, Xaqaniyə, Hafizə, Sədiyə, Füzuliyə, S.Ə.Şirvaniyə, M.Hadiyə, o cümlədən türk şairlərindən Raciyə, N.Kamala, M.Əkrəmə, A.Cövdətə yazdığı nəzirələr onun novator-luğunu göstərən əsl sənət nümunələridir.
Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır.
(M.Füzuli)
Təhsili-ülum etmə ki, elm afəti-candır.
həm əqlə ziyandır,
Elm afəti-can olduğu məşhuri-cahandır,
mərufi-zamandır.
(M.Ə.Sabir)
Şair Füzuli qəzəlinin forma və məzmununda ciddi dəyişiklik yaratmış, Füzulinin aşiq obrazı Sabirdə elmdən, mədəniyyətdən qaçan bir cahillə əvəz olunmuşdur. Birinci şeirin aşiqanə məzmunu ikincidə öz yerini ictimai məzmuna və satirik üsluba vermişdir.
Şairin ədəbi irsi bütövlükdə xalqın azadlıq uğrunda mübarizəsini, arzu və istəklərini, məişətini əks etdirən canlı və parlaq nümunədir. O, "Bir utan", "Qurban bayramı", "Bizə nə", "Ey pul", "Mətləbi andırmaq olurmu?", "Dilənçi", "Paradır", "Hər nə verirsən, ver" və başqa satiralarında cəmiyyətin ziddiyyətli məqamlarını ustalıqla qələmə almışdır. M.Ə.Sabir vətən torpağının şirəsini, məzlum camaatın qanını soran mülkədarları, pul düşkünü kapitalistləri, yetim malı ilə dolanan, xalqı qaranlıqda saxlamağa çalışan fırıldaqçı mollaları, soyuqqanlı ziyalıları öldürücü satirik gülüşə, sarkazma hədəf seçmişdir.
M.Ə.Sabirin Təbrizdə genişlənən milli azadlıq hərəkatının başçısı Səttarxana həsr etdiyi şeiri o dövrdə Cənubi Azərbaycanda geniş yayılmış və xalqın dilinin əzbəri olmuşdur. Şair "İstiqbal bizimdir", "İran niyə viran oldu", "Neçin verməyir", "Satıram", "Yetim Məmdəli", "Etməzmidim", "Mir Haşım", "Belə düşdü", "İran özümündür" satiralarında vətən və millət xainlərinin xarakterini açır, mənfi tipini yaradır, el gücünə, xalqın azadlıq ideyalarına dərin sevgi və inam duyğularını tərənnüm edirdi.
M.Ə.Sabir yaradıcılığında elm, təhsil, maarif məsələləri xüsusi yer tutur. Şairin "Ay başıbəlalı", "Elm təhsili", "Oğlum", "Oxut-muram, əl çəkin", "Üsuli-cədid", "Bəxtimiz oğlan imiş", "Nə dərs olaydı" şeirləri; "Bu əməldən ucalarsan", "Utanmırsan, utanma" adlı bəhri-təvilləri dini mövhumatın şikəst etdiyi avam, fanatik, cahil insanların acınacaqlı taleyini əks etdirir.
Şair "Nədamət və şikayət", "Qoyma gəldi", "Uşaq", "Küpəgirən qarının qızlara nəsihəti", "Məsləhət" və bir çox əsərlərində haqqı, hüququ tapdanan qadınların acınacaqlı taleyindən söhbət açır. XX əsr Azərbaycan ədəbiyyatında qadın azadlığı mövzusunun köklü şəkildə qoyuluşu və hərtərəfli ədəbi-bədii həlli məsələsini nəsr və dramaturgiyada C.Məmmədquluzadə, satirik poeziyada isə M.Ə.Sabir qədər geniş işıqlandıran sənətkar tapmaq çətindir.
Sabir satiralarında fərdiləşdirmə ilə yanaşı, güclü ümumiləşdirmə xüsusiyyəti də vardır. Şairin "Dindirir əsr bizi, dinməyiriz", "Adətimiz daş idi dəva günü", "Amalımız, əfkarımız ifnayi-vətəndir", "Övladımız, əzkarımız əfsaneyi-zənndir", "Ta gəlirik biz də bir az anlayaq", "Sanma əzdikcə fələk bizləri viranlıq olur", "Yaşamaq istər isək, sırf əvam olmalıyız", "Kim nə deyər bizdə olan qeyrətə", "İntelligentik, gəzirik naz ilə..." misraları ilə başlayan satiraları orijinal sənət nümunələridir. Bu satiralarda forma, təsvir və ifadə vasitələri, satirik manera ayrı olsa da, məqsəd, məzmun və sənətkar idealı birdir.
M.Ə.Sabir "Molla Nəsrəddin" jurnalı vasitəsilə XX əsr Azərbaycan satirik poeziyasının zirvəsini fəth etmişdir. Böyük şairin tərəqqi, xoşbəxt həyat, işıqlı sabah amallı poeziyasının əbədiyaşarlığı özünü təsdiqləmiş və təsdiqləməkdədir.
M.Ə.Sabir qaraciyər xəstəliyindən əziyyət çəkmiş, Bakıda, Şamaxıda və Tiflisdə bir neçə ay müalicə olunsa da, şəfa tapa bilməmişdir. Şair 1911-ci il iyul ayının 12-də vəfat etmiş, Şamaxıda "Yeddigünbəz" qəbiristanlığında dəfn edilmişdir.
Ədəbiyyat:
A.Zamanov. Sabir gülür. Bakı, "Gənclik", 1981, 260 s;
M.C.Paşayev, F.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, "Maarif", 1982, 428 s.;
F.Hüseynov. "Molla Nəsrəddin" və mollanəsrəddinçilər. Bakı, "Yazıçı", 1986, 279 s.;
A.Bayramoğlu. Mirzə Ələkbər Sabir (Qısa tərcümeyi-hal). Bakı, 2001, 139 s.;
M.C.Paşayev. Azərbaycanda ədəbi məktəblər. Bakı, "Ziya-Nurlan", 2004, 392 s.;
İ.Həbibbəyli. XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. Bakı, "Nurlan", 2004, 164 s.;
A.Bayramoğlu. Bənzərəm bir qocaman dağa ki,... Bakı, 2010, 424 s.;
Mirzə Ələkbər Sabir-150. Biblioqrafiya. Bakı, 2012, 384 s.
filologiya üzrə elmlər doktoru, professor Alxan Məmmədov
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 243-246