Mollasrəddinçilik
"Molla Nəsrəddin" jurnalı vahid amal ətrafında birləşən yazıçıların ədəbi cəbhəsini yaratmış, "Molla Nəsrəddin" ədəbi məktəbini formalaşdırmışdır. "Molla Nəsrəddin" ədəbi məktəbi Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının əsasını təşkil etmişdir. Tənqidi realizm və "Molla Nəsrəddin" ədəbi məktəbi sinonim anlayışlardır.
"Molla Nəsrəddin" jurnalı və eyniadlı ədəbi məktəb mollanəsrəddinçilik adlanan xüsusi bir təlimi meydana çıxarmışdır. "Molla Nəsrəddin" ədəbi məktəbinin ideya-sənətkarlıq baxımından əsasını mollanəsrəddinçilik təlimi təşkil edir.
Mollanəsrəddinçilik – ictimai xarakterə malik olan ədəbi fikir cərəyanıdır.
Azərbaycançılıq – mollanəsrəddinçilik təliminin ideya əsasını və hərəkətverici qüvvəsini təşkil edir. Mollanəsrəddinçilik və azərbaycançılıq sinonim baxışlar səviyyəsində səslənir. Mollanəsrəddinçilik – azərbaycançılıqdır.
Kiçik adamın timsalında xalq anlayışını ədəbiyyata və mətbuata gətirmək və müdafiə etmək mollanəsrəddinçiliyin təməl şərtlərindəndir. Cəlil Məmmədquluzadə "kiçik adamın" böyük ədəbiyyata gətirilməsinin nümunəsini göstərmişdir.
Açıq ana dilində yazmaq, "açıq yazmağı da bacarmaq" mollanəsrəddinçilik hərəkatını təmsil edən şair və yazıçıların əsas üslubi istiqamətini müəyyən edir. "Molla Nəsrəddin" jurnalı sadə xalq danışıq dilini ədəbi dil səviyyəsinə qaldırmışdır.
Mollanəsrəddinçilik – ictimai satira vasitəsilə cəmiyyəti dəyişmək, yeniləşdirmək, xalqı irəli aparmaq, milli-mənəvi özünüdərk proseslərini dərinləşdirmək deməkdir.
Mollanəsrəddinçilik – ədəbiyyatda realizm və satira məktəbi kimi qəbul olunur. Mollanəsrəddinçilik – ədəbi hərəkatdır, tənqidi realizm cəbhəsindən ibarət ədəbiyyat cərəyanıdır.
Satiranın bütün gücü və imkanları mollanəsrəddinçilik təlimində öz əksini tapır. "Molla Nəsrəddin" jurnalının dili, üslubu, janrları, tipajları və karikaturaçılıq mollanəsrəddinçi poetikanın əsasını təşkil edir.
Mollanəsrəddinçilik – satirik publisistikanın siyasi kəsəri, yüksək vətəndaşlıq ruhu, forma müxtəlifliyi, zəngin sənətkarlıq imkanları mənasını da ifadə edir.
Mollanəsrəddinçilik – ədəbiyyatda və ictimai fikirdə demokratik proseslərin genişləndirilməsi və müdafiə olunması hərəkatı deməkdir.
"Molla Nəsrəddin" jurnalının çoxillik fəaliyyəti artıq tarixin faktına çevrilmişdir. Mollanəsrəddinçilik ideyaları və təlimi isə yaşayır və müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə uğurla xidmət edir.
"Molla Nəsrəddin" jurnalının latın qrafikası ilə yeni nəşrləri təzə epoxanın yeni nəsilləri üçün ibrətamiz tərbiyə, vətəndaşlıq və özünüdərk məktəbidir.
Mollanəsrəddinçilik – müstəqil dövlətçilik idealına və azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət etmək yolunda dönmədən davam etmək deməkdir.
Mollanəsrəddinçilik – daim hərəkətdə və inkişafda olan, yeniləşən və müasirləşən əbədiyaşar ictimai fikir və ədəbiyyat təlimidir.
Mollanəsrəddinçilik – həyatda və sənətdə əqidə adamı, məfkurə sahibi olmaq deməkdir. Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilər möhkəm əqidə ilə böyük sənətin vəhdətinin ölməz nümunəsidir.
"Molla Nəsrəddin" ədəbi məktəbinin azərbaycançılıq idealları müstəqil Azərbaycanda milli dövlətçiliyin daha da möhkəmlənməsinə, ədəbi-ictimai fikrin inkişaf etdirilməsinə uğurla xidmət göstərir.
Dahi Ü.Hacıbəylinin müxtəlif vaxtlarda dediyi aşağıdakı sözlər "Molla Nəsrəddin" jurnalının və mollanəsrəddinçilik təliminin həqiqi qiymətini ifadə edir: "Molla Nəsrəddin" də "Ölülər" kimi baltanı dibindən vuran əsərdir... Mollanəsrəddinçiliyi öldürmək olmaz!"
"Molla Nəsrəddin" ədəbi məktəbi və mollanəsrəddinçilik təlimi öz tarixi yolunu və missiyasını davam etdirir. Əbədidir.
Ədəbiyyat:
Ə.Mirəhmədov. Azərbaycan Molla Nəsrəddini. Bakı, "Yazıçı", 1980, 430 s.;
İ.Həbibbəyli. Mollanəsrəddinçilik təlimi və müasirlik. "Azərbaycan" qəzeti, 7 aprel 2009;
İ.Həbibbəyli "Molla Nəsrəddin" ədəbi məktəbi və mollanəsrəddinçilik. "Şərq qapısı" qəzeti, 9 aprel 2016;
İ.Həbibbəyli. C.Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilik. Bakı "Molla Nəsrəddin" jurnalı, 10 cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2017, s.3-22.
akademik İsa Həbibbəyli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 263-264