Mirzə Əli Möcüz


Mirzə Əli Möcüz Mirzə Əli Hacıağa oğlu Möcüz (29.03.1873, İran, Şəbüstər – 25.09.1934, İran, Şahrud) - Cənubi Azərbaycan şairi. Mirzə Əli Möcüz ilk təhsilini mollaxanada almışdır. 16 yaşında olarkən atası vəfat etmiş, sonra İstanbula qardaşlarının yanına gedərək kitab və tədris ləvazimatları satmaqla məşğul olmuşdur. M.Ə.Möcüz ilk şeirlərini də İstanbulda olarkən yazmışdır. Şairin yaradıcılığında mollanəsrəddinçilərin, xüsusilə M.Ə.Sabirin güclü təsiri özünü göstərir. M.Ə.Möcüzün əsərlərində məişət məsələlərindən başlamış böyük ictimai-siyasi hadisələrə qədər ən zəruri problemlər satirik bir üslubda əksini tapmışdır. Şair Cənubi Azərbaycanda M.Ə.Sabir ədəbi üslubunu layiqincə davam etdirən demokratik ruhlu, sadə ana dilində yazıb-yaradan qüdrətli bir xalq şairi kimi tanınmışdır. Şeirlərinin bir çoxu çap olunmamışdan əvvəl xalqın dilində əzbər olmuş və yayılaraq şöhrət qazanmışdır.

"Molla Nəsrəddin" jurnalının nəşri M.Ə.Möcüzü satirik tərzdə yazmağa ruhlandırmış, o, ömrünün sonunadək M.Ə.Sabir məsləkinə və üslubuna sadiq qalmışdır. O, ustadı M.Ə.Sabir kimi xalqını güldürərək düşündürmək və cəhalət yuxusundan oyadıb elmə, maarifə qovuşdurmaq amalı ilə yaşayırdı. "Mən xalqımı Sabir kimi oyadacağam" deməsi də şairi İranda istismarçı hakim dairələrin, dini xurafatı yayan mövhumat tərəfdarlarının, rüşvətxor dövlət məmurlarının, acgöz möhtəkirlərin təqibləri ilə üz-üzə qoymuşdur. 1921-ci ildə "Molla Nəsrəddin" Təbrizdə nəşr olunarkən M.Ə.Möcüzün şeirləri "Kabla Haxverdi" və "Təzə şair" kimi gizli imzalarla jurnalda dərc olunmuşdur. Şairin satirik şeirləri jurnalın 1, 2, 3, 4, 5, 6 və 8-ci nömrələrində yer almışdır. Həmin şeirlər 4 və 5-ci saylarda "Nisab" və "Hamamlarımız" adı ilə, digər nömrələrdə isə "Ədəbiyyat" başlığı altında dərc edilmişdir.

XX əsrin əvvəllərində İranda baş vermiş mühüm ictimai-siyasi hadisələr – 1905-1911-ci illərdə Səttarxan hərəkatı, ingilis və Amerika imperialistlərinin İrandakı müstəmləkəçilik siyasəti, inqilabi hakimiyyəti məğlubiyyətə uğratmaları, millət məclisinin istismarçıların əlinə keçməsi, şahlıq rejiminin azadlıq mücahidlərinə qarşı amansız, qanlı terroru, ölüm cəzaları kimi məsələlər M.Ə.Möcüz yaradıcılığının əsas leytmotivini təşkil edir. M.Ə.Sabir satiralarının təsiri ilə yaranan bu şeirlər Cənubi Azərbaycanda hakim təbəqələri amansızcasına ifşa edir, onların əsl simasını xalqa tanıtdırırdı.

Ş.M.Xiyabaninin rəhbərliyi altında çıxış edən demokrat partiyasının çağırışı ilə Təbrizdə milli istiqlaliyyət bayrağının ucaldılması, milli hökumət qurulması şairi qəlbən ruhlandırmış və o, "Payidar olsun cahan içrə demokrat firqəsi!" – deyərək doğma vətənində genişlənən milli azadlıq hərəkatını ürəkdən alqışlamışdır. M.Ə.Möcüz yaradıcılığında qadın azadlığı xüsusi yer tutur. Şərq qadınının nicat yolunu maarifləndirməkdə görən şair 1932-ci ildə çox böyük çətinliklə də olsa, qız məktəbi açmağa nail olmuşdur.

M.Ə.Möcüz 1933-cü ildə təqiblərdən qurtarmaq üçün doğma yurdunu tərk etməyə məcbur olub, İranın şimal-şərqindəki Şahrud şəhərinə köçmüş, 1934-cü il sentyabr ayının 25-də altmış bir yaşında orada vəfat etmişdir. Tədqiqatçı Q.Məmmədli 1942-ci ildə Təbrizdə olarkən S.Rüstəmin verdiyi şeir dəftərini oxumuş və onun M.Ə.Möcüzə məxsusluğunu müəyyənləşdirmişdir. Q.Məmmədli yazır: "Şair haqqında 1942-ci il fevralın 25-də "Vətən yolunda" qəzetində "Mirzə Əli Möcüz" başlıqlı ilk məqaləmi dərc etdirdim. Bu, mətbuatımızda Möcüzün adı çəkilən ilk yazı idi. Məqalənin yanında şairin bir-iki şeirini də çap etmişdik" (M.Ə.Möcüz. Əsərləri. Bakı, "Yazıçı", 1982, s.13). 1945-ci ilin sonlarında, şairin ölümündən on bir il sonra onun şeirlərinin bir hissəsi "Möcüzün seçilmiş əsərləri" başlığı altında iki min tirajla Təbrizdə çapdan çıxmışdır. "Azərbaycan" və "Vətən yolunda" qəzetləri bu münasibətlə xüsusi məqalələr vermişdir.

M.Ə.Möcüzün əsərləri Bakıda ilk dəfə 1954-cü ildə "Seçilmiş əsərlər" adı ilə Azərnəşr tərəfindən çap edilmişdir. 1963-cü ildə isə M.Ə.Möcüzün əsərləri Pavel Pançenkonun tərcüməsində "İzbrannıe" adı ilə ayrıca kitab şəklində ilk dəfə rus dilində Azərnəşr tərəfindən nəşr olunmuşdur. 1960-cı illərdə naşiri, çap olunduğu il, şəhər və mətbəəsi göstərilməyən "Külliyati-Divani Mirzə Əli Möcüz" adlı əsərlər məcmuəsi İrandan Bakıya, Azərbaycan SSR Elmlər Akademiyasının kitabxanasına göndərilmişdir. 1982-ci ildə Bakıda, "Yazıçı" nəşriyyatında, Q.Məmmədlinin ön sözü və izahları ilə "Mirzə Əli Möcüz. Əsərləri" adlı şeir kitabı çapdan çıxmışdır.

Ədəbiyyat:

M.Ə.Möcüz. Əsərləri. Bakı, "Yazıçı", 1982, 350 s.;
F.Hüseynov. "Molla Nəsrəddin" və mollanəsrəddinçilər. Bakı, "Yazıçı", 1986, 277 s.;
İ.Həbibbəyli. XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. Bakı, "Nurlan", 2004, 164 s.;
F.Xəlilov. Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz. Bakı, "Elm və təhsil", 2010, 418 s.;
F.Xəlilov. Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz. Bakı, "Elm və təhsil", 2010, 420 s.;
F.Xəlilov. Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi. Naxçıvan, 2011, 305 s.;
F.Xəlilov. Mirzə Əli Möcüz. XX əsr Cənubi Azərbaycan ədəbiyyatı tarixi. Bakı, "Qanun", 2013, s. 157-196.


filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 246-248

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə