Salman Mümtaz
Salman Məmmədəmin oğlu Əsgərov (Mümtaz) (20.05.1884, Şəki – 06.09.1941, Oryol) -
Mollanəsrəddinçi şair, jurnalist, ədəbiyyatşünas və mətnşünas alim.
Salman Mümtaz iki yaşında ikən ailəsi ilə birlikdə Aşqabada köçmüş, burada atası vəfat etmiş, başsız qalan ailə dayılarının himayəsinə keçmişdir.
S.Mümtaz Aşqabadda xalxallı Əsədullanın məktəbində oxumuş, ehtiyac üzündən məktəbi yarımçıq tərk etməyə məcbur olmuşdur. Müstəqil mütaliəsi sayəsində ərəb, fars, urdu və rus dillərini öyrənmiş, ticarətlə məşğul olaraq adlı-sanlı, inanılmış və tərəqqipərvər bir sərmayə sahibi kimi tanınmışdır.
1906-cı ildən (№21) "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlığa başlayan, 1918-ci ilə qədər, əsasən, Aşqabadda yaşayan S.Mümtaz jurnalın yaradıcı simaları olan C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ö.F.Nemanzadə, Ə.Nəzmi, Ə.Qəmküsar və başqaları ilə dostluq etmiş, jurnalda, əsasən, "Xortdan bəy", "Sərçəqulu bəy", "Xortdanqulu bəy", "Vasvası", "Turxan", "Mömin çinovnik" imzaları ilə satirik şeirlər, məqalə və felyetonlar nəşr etdirmişdir.
S.Mümtazın "Molla Nəsrəddin"də çap olunmuş ən irihəcmli əsəri "Mozalanbəyin səyahətnaməsi"dir. Z.Marağayinin məşhur "İbrahimbəyin səyahətnaməsi" romanının təsiri ilə qələmə alınmış bu əsər Ə.Haqverdiyev, Q.Şərifov və S.Mümtazın müştərək müəllifliyi ilə yazılmışdır. S.Mümtazın yazdığı hissə "Molla Nəsrəddin" jurnalının 1908-ci il 26, 28, 38 və 40-cı nömrələrində çap olunmuş, burada Aşqabad, Qoçan, Məşhəd, Xorasan və Nəcəf şəhərlərindəki fanatizm və cəhalətdən bəhs olunmuşdur.
Otuz ilə yaxın ticarətlə məşğul olub, Orta Asiyanın, Rusiyanın, İranın, Qafqazın müxtəlif şəhərlərində olan S.Mümtaz olduğu yerlərdə Azərbaycan və Şərq klassiklərinin divan və əlyazmalarını böyük sərvət və əmanət kimi qoruyub saxlamışdır. Sonralar o, bunlara geniş şərhlər yazıb kitab şəklində çap etdirməklə çoxsaylı unudulmuş şəxsiyyətləri Azərbaycan oxucusuna tanıtmış, ədəbiyyat və mədəniyyət tariximizə misilsiz töhfələr bəxş etmişdir.
1906-1917-ci illərdə Tiflisdə çıxan "Molla Nəsrəddin" jurnalı ilə yanaşı, Bakıda nəşr olunan "Tuti", "Kəlniyət", "İqbal" və s. mətbuat orqanları ilə əməkdaşlıq edən S.Mümtaz 1918-ci ildə ailəsi ilə Bakıya köçür. O, 1919-cu ildə Azərbaycan ədəbiyyatı tarixini tərtib etmək və ədəbi qüvvələri birləşdirmək məqsədi ilə təşkil olunan "Yaşıl qələm" cəmiyyətinə üzv olur və ilk iclasda böyük səxavətlə cəmiyyətə min manat ianə verir.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra (1920-ci ilin apreli) "Füqəra füyuzatı", "Mədəniyyət", "Şərq qadını", "Qızıl Şərq" jurnalları və "Kommunist" qəzeti ilə sıx əməkdaşlıq edən S.Mümtaz "Unudulmuş yarpaqlar" silsilə məqalələrini (1923-1924-cü illər) və "Kommunist" nəşriyyatında dalbadal Azərbaycan klassiklərinə aid kitabçalar çap etdirir (1925-1928).
S.Mümtaz 1926-cı ilin may ayında Azərbaycan Yazıçılar Cəmiyyətinə üzv qəbul olunur. O, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultayın işində yaxından iştirak edir, yenicə çap etdirdiyi "Nəsimi" kitabçasını qurultaya hədiyyə edir.
1932-ci ildən Azərbyacan Dövlət Muzeyində elmi işçi kimi fəaliyyət göstərən S.Mümtaz 1933-cü ildə Azərnəşrin ədəbi irs şöbəsinə müdir təyin olunur.
SSRİ Yazıçılar İttifaqının I qurultayında nümayəndə kimi iştirak edən S.Mümtaz 1937-ci ilin 8 oktyabrında qondarma xalq düşməni iddiası ilə ittiham olunaraq həbs olunur. O, 1941-ci il sentyabrın 6-da dustaqxanada vəfat edir. S.Mümtaza 1956-cı il noyabrın 16-da SSRİ Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilir və haqqındakı ittihamnamə ləğv edilir.
1903-cü ildən etibarən Azərbaycan ədəbiyyatı və dilinə dair materiallar toplayan S.Mümtaz klassiklərin əsərlərindən ibarət 24 kitab, 70-dən çox məqalə çap etdirmiş, 100-ə qədər Azərbaycan və Yaxın Şərq şairi haqqında tədqiqat aparmışdır. "Hatif İsfahani" (1913), "El ədəbiyyatı" (1920), "Şeyx Nizami Gəncəvi" (1925),"Qasım bəy Zakir" (1925), "Ağa Məsih Şirvani" (1925), "Nişat Şirvani" (1925), "Qövsi Təbrizi" (1925), "Molla Pənah Vaqif" (1925), "Molla Vəli Vidadi" (1925), "Nəsimi" (1926), "Mirzə Şəfi Vazeh" (1926), "Baba bəy Şakir" (1927), "Aşıq Abdulla" (1927), "Mirzə Nəsrullah bəy Didə" (1928),"Əski ədəbiyyatımızdan "Nəsihətnamə" (1934), "Dünya şairi Firdovsi"(1934), "Sarı Aşıq" (1935), "Əbülqasim Nəbati haqqında mülahizələrim" (1936) və s. bu kimi kitab və məqalələrin müəllifi olan S.Mümtaz Azərbaycan ədəbiyyatı tarixi və mətnşünaslığı sahəsində faydalı işlər görmüş, Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynamışdır.
Ədəbiyyat:
N.Nəcəfov. Salman Mümtazın ədəbi və elmi fəaliyyəti. Bakı, "Maarif", 1978, 98 s.;
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Salman Mümtazın adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli Sərəncamı;
K.Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı, "Elm və təhsil", 2015, 356s.
filologiya üzrə elmlər doktoru İslam Qəribli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 346-347