Muxtar Qasımov


Muxtar Rüstəm oğlu Qasımov (1911-1965) - Tarixşünas, maarif işçisi, tarix elmləri doktoru (1965).
Muxtar Qasımov MDU-nun tarix fakültəsini (1942) bitirmiş, SSRİ XİN Diplomatiya məktəbində oxumuşdur. Azərbaycan K(b)P MK-nın Siyasi maarif evində işləmiş, Bakı partiya məktəbində dərs demişdir. O, AK (b)P MK-da xalq təhsili şöbəsinin, APİ-də Sovet İKP tarixi kafedrasının müdiri olmuşdur. M.Qasımov 1952-ci ildə “Molla Nəsrəddin” jurnalında ictimai-siyasi ideyalar (1906-1917-ci illər)” mövzusunda namizədlik, 1965-ci ildə “Mübariz inqilabi-satirik “Molla Nəsrəddin” jurnalı və onun ictimai-siyasi istiqamətləri (1906-1931-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Çoxillik tədqiqatında alim bu qənaətə gəlir ki, “Molla Nəsrəddin” jurnalını öz dövrünün ictimai-siyasi hadisələri, Azərbaycan və b. Şərq ölkələrinin həyatı haqqında bir ədəbi-bədii ensiklopediya adlandırmaq olar: “Mənəvi mədəniyyətimizin tarixi ilə məşğul olan tarixçilərimizin, filosoflarımızın, iqtisadçılarımızın, ədəbiyyatçılarımızın və rəssamlarımızın hər biri “Molla Nəsrəddin” jurnalında öz sahəsinə aid zəngin material tapa bilər”. C.Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı haqqında fikirləri M.Qasımovun dövri mətbuatda nəşr olunmuş bir sıra məqalələrində və 1960-cı ildə çıxmış “Mübariz” inqilabi-demokratik “Molla Nəsrəddin” jurnalı” kitabında da öz əksini tapmışdır.

Ədəbiyyat:

Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı, “Şərq-Qərb”, 2008, 320 s.
M.Qasımov. “Molla Nəsrəddin” məcmuəsində ictimai-siyasi ideyalar (1906-1917-ci illər): 2 cilddə: tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya; S.M.Kirov adına ADU. Bakı, 1950, 738 s.
M.Qasımov. “Molla Nəsrəddin” jurnalı və onun ictimai-siyasi istiqamətləri: filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 1965, 357 s.


filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 304

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə