Əliabbas Müznib
Əliabbas Mütəllib oğlu Əhmədov (1883, Bakı – 1938) - Şair, publisist, ədəbiyyatşünas alim, naşir, tərcüməçi. Əliabbas Müznib yaradıcılığa romantik şeirlərlə başlamışdır. "Zənbur" (1909-1910), "Hilal" (1910-1911), "Şəhabi-saqib" (1911), "Dirilik" (1914-1916), "Övraqi-nəfisə" (1919) kimi mətbuat orqanlarında həm naşir, həm də redaktor kimi fəaliyyət göstərmişdir.
Onun yaradıcılığı həm çarizm, həm də sovet dönəminə təsadüf etdiyindən daim təqiblərə məruz qalmış, 1912-ci ildə Sibirə sürgün edilmiş, bir il sonra əfvə düşərək azad olsa da, 1937-ci ilin repressiyasından yaxa qurtara bilməmişdir.
30 illik yaradıcılıq dönəmində bədii, publisistik və elmi əsərlərinin toplandığı 40-a qədər kitabı çap olunmuşdur. Azərbaycan xalq ədəbiyyatının toplanması və nəşrində xüsusi rolu olan Ə.Müznib klassik irsin təbliğində də misilsiz xidmətlər göstərmişdir.
1907-1908-ci illərdə "Tazə həyat" və "İttifaq" qəzetləri ilə əməkdaşlığı onun tanınmasında, ədəbi aləmdə qəbul edilməsində böyük rol oynamışdır. Bundan sonra "İttifaq" qəzetində mürəttib olaraq işə başlamış və tezliklə onun istedadı üçün yeni qapılar açılmışdır. 1909-cu ildə "Hürriyyəti-bəşəriyyə" adlı şeirlər kitabı nəşr olunmuşdur. Bu vaxta qədər romantik üslublu əsərləri ilə çar istibdadını hədəf seçən sənətkar mollanəsrəddinçi M.Ə.Sabirlə tanışlıqdan sonra satirada qələmini sınamışdır. Onun "Fə’lə" rədifli şeirinin təsiri altında:
Bihudə nədir gəlmədəsən dadə, a fələ!
Qiymət nə verərlər belə fəryadə, a fələ!
– beyti ilə başlanan satirasını yazmışdır. Ə.Müzniblə M.Ə.Sabir arasındakı əlaqələr tezliklə dərin dostluğa çevrilmişdir. Bu dostluq dostluq sayəsində Ə.Müznibin yaradıcılıq üslubundakı alınma sözlər tədricən sıradan çıxmış, əsərlərində xəlqiləşmə müşahidə olunmağa başlamışdır. Ə.Müznib yaradıcılığındakı üslubi yeniləşmə onu "Zənbur"a gətirmiş, burada dövrün görkəmli ədəbi-ictimai xadimlərindən olan Ə.Əzimzadə və Ə.Nəzmi ilə tanış olmuşdur.
Ə.Müznibin yaradıcılığında ortaya qoyduğu sərt mövqe çarizmin siyasətinə uyğun olmadığı üçün 1912-ci ildə sürgünə göndərilmişdir. Sürgündən ailəsinə nəzmlə yazdığı məktublar siyasi lirikanın ən gözəl örnəklərindəndir.
Ə.Müznib əsərlərinin dilində müşahidə olunan ağırlıq, ərəb-fars dilindən alınma sözlərlə zəngin olması və bundan qaynaqlanan anlaşılmazlıq sənətdə xəlqiliyə önəm verən mollanəsrəddinçilərin tənqidinə məruz qalmışdır.
"Molla Nəsrəddin" jurnalının 1910-cu ilin 5-ci nömrəsində Ə.Müznibin "Həqiqət" qəzetində dərc edilmiş "Kabusi-əzim" məqaləsi C.Məmmədquluzadə tərəfindən tənqid olunurdu. Mirzə Cəlil məqalənin dilinin ağırlığına işarə edərək yazırdı: "Vətən övladına tövsiyə edərik ki, türk ədəbiyyatına ən parlaq nümunə olan bu açıq və fəsih yazıları əzbərləsinlər ki, təzədən ədib olmaq yolunu öyrənələr" ("Molla Nəsrəddin", 1910, № 5, s.3).
C.Məmmədquluzadə Ə.Müznibi sərt tənqid edərək üslubunda və yaradıcılıq manerasında yeniliklər etməsinin vacibliyini vurğulamışdır: "Sizin bu kifsimiş ibarələriniz, ürək bulandıran bu qeyri-təbii yazılarınız da münhəl və məqbul olacaq... Lakin burasını bilə bilmirik ki, "Həqiqət" ibarəsi yazı qıtlığınamı düşdü ki, bu cür qoxumuş yazıları camaatın burnuna soxub onları qəzetdən ikrah etdirir" ("Molla Nəsrəddin", 1907, № 9, s. 7).
Jurnalın 1914-cü il 16-cı sayında "Keyfsiz" imzası ilə dərc olunan "Al boynuna" şeiri Ə.Müznibə müraciətlə yazılmışdır. Bu şeirdə şair sərt tənqid olunmuş, dini dünyagörüşü şübhə altına alınmış, ona qarşı ağır ittihamlar irəli sürülmüşdür. Hətta müəllif daha da irəli gedərək, Ə.Müznibin qətlinin zəruriliyini vurğulamışdır.
Ədəbiyyat:
"Molla Nəsrəddin". 1907, №9, 7, 1910, №5, 3.;
İ.Ağayev. Əlabbas Müznib: həyatı, yaradıcılığı, mübarizəsi. Bakı, "Elm", 2000, 88 s.;
Ə.Müznib. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 256 s.
Vəfa Babasoy
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 109-110