Ömər Faiq Nemanzadə
Ömər Faiq Nemanzadə (24.12.1872, Gürcüstan, Ahısqa (Axalsıx), Azqur k. – 16.07.1937) - Publisist, maarifçi, ictimai xadim, mollanəsrəddinçi, Cəlil Məmmədquluzadənin məsləkdaşı.
Ömər Faiq Nemanzadə ilk təhsilini doğma kəndində aldıqdan sonra 1882-ci ildə anasının təkidi ilə İstanbula getmiş və "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Sonralar İstanbulun "Darüşşəfəq" məktəbində oxumuş, 1891-ci ildə oranı bitirmiş və Qalata poçtxanasında işləmişdir. O, 1894-cü ildə öz vətəninə dönmüş və Ahısqada, Şəkidə, Şamaxıda, Tiflisdə 10 ilə qədər müəllimlik etmişdir.
Ö.F.Nemanzadə Azərbaycanda ilk üsuli-cədid məktəbinin yaradıcılarından biri olmuşdur. Publisistik fəaliyyətə də bu illərdə başlamış və ilk yazılarını da Krımda nəşr olunan "Tərcüman"da çap etdirmişdir. Ö.F.Nemanzadə XX əsrin əvvəllərində Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetinin fəal əməkdaşlarından biri olmuş və C.Məmmədquluzadə ilə tanışlığı da buradan başlanmışdır. C.Məmmədquluzadə "Xatiratım"da yazır: "...yoldaşım Faiq Nemanzadəni mən birinci dəfə "Şərqi-Rus" qəzeti idarəsində gördüm və burada da onunla üns tutdum" (C.Məmmədquluzadə. Əsərləri. VI cild, Bakı, 1985, s.144).
"Şərqi-Rus" fəaliyyətini dayandırdıqdan sonra C.Məmmədquluzadə və Ö.F.Nemanzadə tacir M.Ə.Bağırovun maliyyə dəstəyi ilə mətbəəni almış və yenidən qurmuş, "Qeyrət" adı altında fəaliyyətə başlayaraq burada türk, fars və ərəbcə kitablar nəşr etdirmişlər. "Qeyrət" mətbəəsi müqaviləyə əsasən C.Məmmədquluzadənin ixtiyarına keçir."Molla Nəsrəddin" jurnalı da 1906-cı ildə həmin mətbəədə çap olunmağa başlayır. "Qeyrət" mətbəəsinin və "Molla Nəsrəddin" jurnalının yaradıcılarından olan Ö.F.Nemanzadə həm də qeyri-rəsmi ikinci redaktor vəzifəsini icra etmişdir. Ö.F.Nemanzadə Türkiyədə təhsil aldığına görə Mətbuat Komitəsi "Molla Nəsrəddin" jurnalının redaktorluğunun icrasına icazə verməmişdir. C.Məmmədquluzadə "Xatiratım"da yazır: "... mən hökumət darülmüəllimini bitirmiş bir cavan idim, amma Ömər Faiq Türkiyədə təhsil tapmış bir cavan idi və zənn edirəm ki, mətləb burada aşkar olur" (C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. IV cild, Bakı, "Öndər", 2004, s.59). Buna görə də C.Məmmədquluzadə Qarabağa gedərkən redaktorluq müvəqqəti olaraq M.Sidqiyə həvalə olunmuşdur. Amma
C.Məmmədquluzadə 1911-ci ildə Qarabağdan Tiflisə, M.Sidqiyə göndərdiyi məktubda yazırdı: "Bunu sənə qabaqlar da istəyirdim yazam ki, Faiq əfəndi bundan sonra orada sahibi-ixtiyardır, hər barədə: xərclər və pullar barəsində, habelə jurnalın məzmunu barəsində. Ondan sonra sənsən" (C.Məmmədquluzadə. Əsərləri. 4 cilddə. IV cild, Bakı, "Öndər", 2004, s.312). "Molla Nəsrəddin" jurnalı ilə bağlılığı Ö.F.Nemanzadənin publisistik fəaliyyətinin məhsuldar bir dövrünü təşkil edir və o, Mirzə Cəlilin ən yaxın dostuna və məsləkdaşına çevrilir. Ö.F.Nemanzadənin yazdığından bəlli olur ki, jurnalın mütləq "şəkilli olmasına" diqqət yetirilməlidir. Çünki xalq öz düşmənlərinin "canlı surətdə, gülməli şəkildə" məsxərəyə qoyulduğunu görəndə sevinəcək, "Molla Nəsrəddin"in simasında öz himayəçisini görəcəkdir. Bu, özünü doğrultdu. Ö.F.Nemanzadənin xatirəsində deyilir: "Jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən ətək-ətək söyüş, lənət və hədə kağızları alırdıq. Jurnala yuxarıdakı təbəqədən lənət, nifrət yağır, əməkçi deyilən aşağı təbəqədən isə hörmət qalxırdı. Birinin incidiyi, qəmləndiyi nisbətdə o birinin sevincini artırırdı. Göstərilən rəğbət inqilabın için-için qaynadığını, onun yaxında köpürüb daşacağını xəbər verən bir muştuluq yerində idi" (Ö.F.Nemanzadə. Xatirələrim. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, s.11).
"Molla Nəsrəddin" jurnalının birinci nömrəsini Mirzə Cəlillə Ömər Faiq birlikdə hazırlamış, şəkillərin mövzularını da özləri vermiş, teleqraf xəbərlərini, tapmacaları da bütün çətinliklərə qatlaşaraq müştərək tərtib etmişlər. Zəngin publisistik təcrübə qazanan Ö.F.Nemanzadə öz maraqlı yazılarını "Molla Nəsrəddin" jurnalının səhifələrində çap etdirməklə kifayətlənməmiş, həm də 1917-ci ilə kimi jurnalın məsul katibi olmuşdur. "Molla Nəsrəddin" jurnalı 1907-ci ildə müvəqqəti bağlanarkən Ö.F.Nemanzadə cəsarətlə yazırdı: "Bu az maarifimizlə olsa da, içimizdə bir çox mollanəsrəddinçilər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar... "Molla Nəsrəddin"i meydana gətirən fikirlər bağlanılmayacaq" ("İrşad" qəzeti, 1907, 13 iyul, №110).
Ö.F.Nemanzadə kəskin və cəsarətli çıxışlarına, prinsipial mövqeyinə görə təqiblərə məruz qalmış, dəfələrlə evində axtarışlar aparılaraq yazıları müsadirə edilmişdir. 1907-ci ildə həbs edilərək Metex qalasında saxlanılmış, xalqın tələbi ilə məhbəsdən azad olunmuşdur. M.Ə.Sabir isə ona "Soldumu ruzgarın, ey Faiqi-Nemanpəsər" misrası ilə başlayan şeir həsr etmişdir.
Jurnalın 33-cü sayında Sultan Əbdülhəmid haqqında verilmiş karikatura Ö.F.Nemanzadənin həbsinə səbəb olmuşdur. Bu məsələ jurnalda əksini tapmışdır. "Molla Nəsrəddin"in 1907-ci ilin 37-ci sayında Ö.F.Nemanzadənin O.Şmerlinq tərəfindən çəkilmiş ağzı qıfıllı, ayaqları qandallı və əlləri arxasında olan təsviri verilmişdir. Onun əhatəsində çar inzibati idarə orqanlarının şeytan xislətli məmurları zurna çalır, cahillər isə Ö.F.Nemanzadənin bu halını görərək sevinirlər. Şəklin altında Ö.F.Nemanzadəyə ironiya ilə yanaşanların dilindən bu nəzm parçası verilir:
Noldu balam ədaların,
Böyüklərə cəfaların,
O ucalan sədaların
Sən deyən oldu, biz deyən?!
"Molla Nəsrəddin" jurnalı nəşrə başladığı dövrdən Ö.F.Nemanzadə onun səhifələrində maraqlı və orijinal publisist yazıları, felyetonları ilə çıxış etmişdir: "Bilməli xəbərlər" (1906, №1), "Fatma xala" (1906, №26, 27), "Bir arvadın cavabı" (1906, №28), "Məktəb" (1907, №11), "Axır çərşənbə" (1907, №12), "Sirkə" (1907, №13), "Qəribə qutu" (1907, №16), "Xortdana məktub" (1907, №19), "Hicab məsələsi və cavabımız" (1907, №23), "Bakı dəryası" (1907, №27), "Cəhrəçi xala" (1907, №31), "Bakının əlacı" (1907, №31), "Oyun-oyuncaq" (1907, №47), "Ziyarət" (1908, №17), "Poçtxana" (1909, №8), "Nə deyim" (1910, №1), "Pişik" (1911, №3), "Ey İran" (1911, №3), "Söhbət" (1911, №10) və s.
Dövri mətbuatda "Molla Nəsrəddin", "Dərdmənd", "Dəli", "Mozalan", "Cəhrəçi xala", "Çoban", "Heyrani", "Məşrutəçi", "Lağlağı", "Ümidvar", "Ümid" və s. imzalarla çıxış edən Ö.F.Nemanzadə təkcə "Molla Nəsrəddin" jurnalında deyil, öz maraqlı yazılarını "Şərqi-Rus", "Tərcüman", "İrşad", "Həyat", "Açıq söz" və s. ədəbi məcmuələrdə də çap etdirmişdir.
1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti qurulanda Ö.F.Nemanzadə doğma yurdu Ahısqada türklərin azadlıq mübarizəsinin önündə getmiş və üç dəfə həbs edilmişdi. 1918-ci il fevralın 18-də gürcü menşevik parlamanın iclası Ö.F.Nemanzadə məsələsini müzakirə edərək həbsdən azad etməyə məcbur olmuşdur. Ö.F.Nemanzadə Bakıya gəlmiş və Azərbaycan Xalq Cümhuriyyətinin polis idarəsində nəzarətçi müfəttiş vəzifəsində çalışmışdır.
Ö.F.Nemanzadə 1920-ci ildə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, sonra "Yeni fikir" qəzetinin redaksiya heyətinin üzvü, 1921-1922-ci illərdə Gürcüstan İnqilab Komitəsinin üzvü olmuş və komitənin nəzdində yaradılmış müsəlman sektorunun sədri işləmişdir.
1920-ci illərin axırlarında Ö.F.Nemanzadə Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru işləmişdir. 1927-ci ildə Ö.F.Nemanzadənin xəstəliyini və xidmətlərini nəzərə alaraq ona ömürlük təqaüd kəsilmişdir. Ancaq o, yenə də xalq maarifi sahəsində işlər görür, dərsliklər hazırlanmasında iştirak edirdi. Ö.F.Nemanzadə 1927-ci ildən 1930-cu ilə qədər hər il nəşr olunan "Üçüncü il" dərsliyinin əsas müəlliflərindən biri idi.
Ö.F.Nemanzadə ömrünün son illərini xatirələr üzərində işləmiş və XIX əsrin səksəninci illərindən başlayaraq 1906-cı ilə qədər olan dövrü tamamlaya bilmişdir. Təəssüf ki, o, xatirələrini başa çatdırmamışdı.1937-ci ilin 16 iyulunda ata yurdu Axalsıxda (Gürcüstan) dincələrkən rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olunmuş və üç aydan sonra, oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "Üçlüyün" qərarı ilə güllələnmişdir. 1958-ci ildə Gürcüstan SSR Ali məhkəməsi ona bəraət vermişdir.
2006-cı ildə Ö.F.Nemanzadənin "Seçilmiş əsərləri" "Şərq-Qərb" nəşriyyatında çapdan çıxmışdır.
Ədəbiyyat:
F.Hüseynov. "Molla Nəsrəddin" və mollanəsrəddinçilər. Bakı, "Yazıçı", 1986, 279 s.;
Ş.Qurbanov. Ömər Faiq Nemanzadə. Bakı, "Gənclik", 1992, 208 s.;
Ö.F.Nemanzadə. Seçilmiş əsərləri. (Tərtib edən, ön söz və izahların müəllifi: Ş.Qurbanov). Bakı, "Şərq-Qərb", 2006, 352 s.;
Ö.F.Nemanzadə. Xatirələrim. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 352 s.
filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 228-231