Məmməd Səid Ordubadi
Məmməd Səid Hacıağa (Fəqir) oğlu Ordubadi (24.03.1872, Ordubad – 01.05.1950, Bakı) - Yazıçı, şair, dramaturq, publisist, ictimai xadim.
Məmməd Səid Ordubadi ilk təhsilini mollaxanada almış, sonra M.T.Sidqinin Ordubadda fəaliyyət göstərən "Əxtər" ("Ulduz") adlı üsuli-cədid məktəbində oxumuş, məktəbdən kənar vaxtlarında mədrəsədə ərəb və fars dillərini, sərf-nəhv və məntiqi öyrənmişdir.
Yaradıcılığa XIX əsrin 90-cı illərində başlayan M.S.Ordubadinin ilk əsərləri Azərbaycan və fars dillərində yazdığı aşiqanə şeir parçalarından ibarətdir. Ədibin "Şərqi-Rus" qəzetinə" adlı ilk mətbu şeiri, həmin qəzetin 1903-cü il 13 iyul tarixli 31-ci sayında "Kərbəlayi Məhəmməd Hacağazadə təxəllüsü Səid Ordubadi" imzası ilə dərc olunmuşdur. Onun "Qəflət" (1906), "Vətən və hürriyyət" (1907) adlı kitabları Tiflisdə C.Məmmədquluzadənin təsis etdiyi "Qeyrət" mətbəəsində nəşr edilmişdir. "Politika aləmindən" adlı ilk felyetonu "Molla Nəsrəddin" jurnalının 1906-cı il 2 iyun tarixli 9-cu sayında dərc edilmiş və tezliklə o, jurnalın əsas əməkdaşlarından birinə çevrilmişdir. M.S.Ordubadi "Molla Nəsrəddin"lə yanaşı, "Tuti", "İrşad", "Səda", "Sədayi-həqq", "Tərəqqi", "Tazə həyat" və s. qəzetlər, "Babayi-Əmir" jurnalı ilə də yaxından əməkdaşlıq etmiş və bu mətbuat orqanlarında çoxlu sayda şeir və felyetonları dərc olunmuşdur.
M.S.Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də mühərrirlik fəaliyyətində "Molla Nəsrəddin" jurnalının böyük rolu olmuşdur. 25 il öz yazıları ilə jurnalla əməkdaşlıq edən yazıçının yaradıcılığının realizm və demokratizm istiqamətində inkişaf etməsində, dünyagörüşündəki ziddiyyətlərdən azad olmasında mollanəsrəddinçi dostlarının böyük təsiri olmuşdur. Lakin ədibin jurnal səhifələrində dini mövhumatı, cəhaləti, nadanlığı tənqid edən yazıları dərc olunduqca onun Ordubadda yaşaması da çətinləşmiş və buna görə də Culfaya köçməyə məcbur olmuşdur. Yazıçı özü bu məsələni belə izah edir: "Əsərlərim artdıqca, xüsusən "Molla Nəsrəddin" məcmuəsindəki iştirakım sıxlaşdıqca düşmənlərim də artırdı".
M.S.Ordubadinin C.Məmmədquluzadə ilə tanışlığı hələ Nehrəmdə işlədiyi vaxtdan başlanmış, ikinci görüşü isə "Qəflət", "Vətən və hürriyyət" kitablarını "Qeyrət" mətbəəsində çap etdirən zaman baş tutmuşdur. 1907-ci ildən Culfaya köçən M.S.Ordubadi bu dövrdə ədəbi fəaliyyətini davam etdirməklə yanaşı, Cənubi Azərbaycanda Səttarxanın rəhbərliyi altında başlayan azadlıq hərəkatı ilə də maraqlanır, "Molla Nəsrəddin" jurnalında və digər mətbu orqanlarda İran həyatına dair çoxlu şeir, felyeton və digər yazılarla çıxış edir. Bu dövrdə ədibin "İki çocuğun Avropaya səyahəti" (1908), "Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab" (1914) romanları dərc edilir. 1911-ci ildə Bakıda milyonçu M.Muxtarovun maddi dəstəyi ilə H.Vəzirovun "Səda" mətbəəsində çap olunan "Qanlı sənələr" kitabında Ordubadi tarixi sənədlər və faktlar əsasında 1905-1906-cı illərdə çar hökumətinin fitvası və erməni daşnaklarının əli ilə törədilən milli qırğın faciəsini qələmə alır. Daha sonra "Baği-şah, yaxud Tehran faciəsi (1910), "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" (1914) pyeslərini çap etdirir.
1915-ci ilin yanvarında Culfada həbs olunaraq Saritsina (indiki Volqoqrad) sürgün edilən yazıçı bolşeviklərlə yaxınlaşmış və 1918-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. O, 1920-ci ilin mayında Bakıya gələrək "Əxbar" qəzetinin redaktor müavini işləmiş, bir qədər sonra isə redaktoru olmuşdur. 1925-1928-ci illərdə "Yeni yol" qəzetinin redaktoru və bir müddət "Molla Nəsrəddin" jurnalında redaktor müavini vəzifələrində işləmişdir.
M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapmışdır. O, dördcildlik "Dumanlı Təbriz" (1933-1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyyatında bu janrın əsasını qoymuşdur. Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" (1946-1948) romanında dahi Azərbaycan şairinin ölməz obrazını yaratmışdır. Onun yaradıcılığında "Döyüşən şəhər" (1938), "Gizli Bakı" (1940) romanlarının da xüsusi yeri var.
M.S.Ordubadinin əsərləri "Molla Nəsrəddin" jurnalında "Hərdəmxəyal" imzası ilə dərc olunmuşdur. "M.S.Ordubadinin satirik publisistikası "Molla Nəsrəddin" publisistika məktəbində xüsusi yer tutur. Dərin ictimai məzmunu, siyasi mahiyyəti və kəsəri etibarilə onun ən yaxşı satirik publisistika nümunələri bəzi hallarda bu işin böyük ustadı Cəlil Məmmədquluzadənin satiraları ilə yanaşı durmağa layiqdir. "Molla Nəsrəddin" məktəbindəki "balaca felyeton" janrı M.S.Ordubadinin kəşfidir" (akademik İ.Həbibbəyli). M.S.Ordubadi ilə C.Məmmədquluzadə arasında bəzən fikir ayrılığı da baş vermişdir. M.S.Ordubadi "Tazə həyat" qəzetinin mühərriri ilə Mirzə Cəlil arasında baş verən ixtilaf zamanı "Molla Nəsrəddin"ə əks mövqedə dayanmışdır. "Molla Nəsrəddin" jurnalı da M.S.Ordubadini "Qanlı sənələr" kitabında erməni-müsəlman qırğınının əsl səbəbkarının rus çarizmi olduğunu göstərmədiyinə görə ittiham etmişdi.
M.S.Ordubadi 1 may 1950-ci ildə vəfat etmiş və Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.
Ədəbiyyat:
M.S.Ordubadi. Böyük ədiblə görüşlərim (C.Məmmədquluzadə. Məqalələr. Xatirələr). Bakı, "Azərbaycan SSR EA nəşriyyatı", 1967, s.345-349;
F.Vəzirova. Məmməd Səid Ordubadi. Bakı, "Yazıçı", 1985, 188 s.;
İ.Həbibbəyli. XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. Bakı, "Nurlan", 2004, 164 s.;
Y.Axundlu. Azərbaycan tarixi romanı: mərhələlər, problemlər:1930-2000. (Elmi redaktoru: İ.Həbibbəyli). Bakı, "Adiloğlu", 2005, 550 s.;
İ.Həbibbəyli. Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi. Bakı, "Elm və təhsil", 2012, 92 s.;
Y.Axundlu. Məmməd Səid Ordubadi: həyatı, mühiti və yaradıcılığı. (Ön sözün müəllifi: akademik İ.Həbibbəyli). Bakı, "Elm və təhsil", 2012, 383 s.;
M.S.Ordubadi. Həyatım və mühitim (tərtib edəni: İ.Həbibbəyli). Naxçıvan, "Əcəmi", 2012, 334 s.
akademik Teymur Kərimli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 228-230