Oskar Şmerlinq
Oskar İvanoviç Şmerlinq (13.07.1863, Gürcüstan, Tiflis – 02.01.1938, Tiflis)- Boyakar, qrafik, mollanəsrəddinçi karikatura ustası. Oskar Şmerlinq mənşəcə almandır. Tiflis realnı gimnaziyasını bitirdikdən sonra Peterburq (1884-1889) və Münhen (1891-1893) rəssamlıq akademiyalarında təhsil almışdır. Bu illərdə görkəmli alman rəssamı Karl Zammer ilə tanışlığı, professor Fransua Rubonun sinfində oxuması O.Şmerlinqin bir rəssam kimi yetişməsində mühüm rol oynamışdır. Təhsilini başa vurduqdan sonra yenidən Gürcüstana qayıtmış və Tiflis Birinci Qadın Gimnaziyasının rəsm müəllimi kimi fəaliyyət göstərmişdir (1893-1897). Bu dövrdə onun yaradıcılığında Qafqaz və Gürcüstan həyatından alınmış portretlər, şəhər mənzərələri və peyzaj rəsmləri üstünlük təşkil etmişdir. Rəssamın həmin dövrlərdə yaratdığı "Suxumidə dəniz sahili" (1893), "Sahildə gecə" (1893), "Avropa yağışdan əvvəl" (1893), "Otlaqda" (1893), "Barjomi" (1893), "Telavidə körpü" (1895), "Axalkalaki" (1896), "Darvaza qarşısında" (1897) və s. əsərləri yağlı boya ilə çəkilmiş əlvan etüdlərdən ibarətdir.
O.Şmerlinq şəxsi təşəbbüsü ilə Tiflisdə ibtidai rəssamlıq məktəbi (1898), Qafqaz Təşviq Cəmiyyətinin nəzdində Tiflis Rəssamlıq və Heykəltəraşlıq Məktəbi (1902) təsis etmişdir. Onun rəhbərliyi ilə burada peşəkar rəssamlar və heykəltəraşlar hazırlanmışdır. Rəssamlıq Akademiyasından tanıdığı gürcü rəssamı Yakov Nikoladzeni, Münhendə birlikdə ali rəssamlıq təhsili aldığı alman İosif Rotteri də Tiflis Rəssamlıq və Heykəltəraşlıq Məktəbinə dəvət etmişdi. Burada formalaşmış münbit yaradıcılıq mühiti yeni istedadlı rəssamlar nəslinin yetişib ərsəyə gəlməsinə imkan yaratmışdır. Gürcü rəssamlığının görkəmli nümayəndələrindən olan Sado Qudiaşvili (1896-1978), Azərbaycanda realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922), İsmayıl Axundov (1907-1969), Qəzənfər Xalıqov (1903-1981) və başqaları O.Şmerlinqin rəhbərlik etdiyi Tiflis Rəssamlıq və Heykəltəraşlıq Məktəbinin yetirmələri idi.
O.Şmerlinqin karikaturaçı rəssam kimi məşhurlaşmasında "Molla Nəsrəddin" jurnalının böyük rolu olmuşdur. O, 1906-1917-ci illərdə jurnalın rəssamı olmuş, "Molla Nəsrəddin"in ideyalarını əks etdirən karikaturaları əsasən üz qabığında çap edilmişdir. 1906-cı ildə 19; 1907-ci ildə 30; 1908-ci ildə 11; 1909-cu ildə 33; 1910-cu ildə 23; 1911-ci ildə 8; 1912-ci ildə 1; 1913-cü ildə 1; 1917-ci ildə 24 nömrədə üz qabığını O.Şmerlinq çəkmişdir.
O.Şmerlinq C.Məmmədquluzadənin köməkliyi ilə azərbaycanlıların həyatını və psixologiyasını dərindən öyrənmiş, karikaturaların çəkilməsində bundan bacarıqla yararlanmış, satirik tiplərin geyimini, mimikasını, hərəkətlərini realistcəsinə əks etdirmişdir. Şmerlinqin "Sizi deyib gəlmişəm", "Qafqazda mədrəseyi-ruhaniyyə", "Niyə məni döyürsünüz", "Molla Nəsrəddin", "İran sərhəddində", "Xabi-qəflət", "Müsəlman məclisində rus zabiti", "Məmmədəli şahın Təbrizdən çıxması", "Dumaya seçilmiş millət vəkilləri", "Müsəlman məişəti", "Molla Nəsrəddin" məcmuəsi alanlar" və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlmişdir. O.Şmerlinqin çəkdiyi Molla Nəsrəddin portreti uzun illər müxtəlif süjetlərlə birlikdə ayrı-ayrı vəziyyətlərdə "Molla Nəsrəddin" jurnalında çap olunmuşdur. Azərbaycan xalq satirasının baş qəhrəmanı olan Molla Nəsrəddinin portreti alman rəssamı O.Şmerlinqin kəşfidir. Bu portret "Molla Nəsrəddin" jurnalı vasitəsilə Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, Qafqazda, hətta Avropa ölkələrində geniş yayılmış, indiyədək müxtəlif ölkələrdə çap olunan kitablarda Şmerlinqin yaratdığı Molla Nəsrəddin obrazından istifadə olunur.
"Molla Nəsrəddin" karikaturası üçün proqram hesab edilən və jurnalın birinci sayının üz qabığında verilmiş türk-müsəlman dünyasının oyanışına həsr olunmuş məşhur karikatura O.Şmerlinqə məxsusdur. Bu nadir rəsm əsəri C.Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının proqramı kimi düşünülmüş "Sizi deyib gəlmişəm" məqaləsinin üzvi tərkib hissəsi, satirik rəssamlıqdakı uğurlu əksidir. "Müsəlman dünyasının oyanışı" karikaturası, "Sizi deyib gəlmişəm" məqaləsindən doğan satirik qrafikanın, karikaturanın mükəmməl manifestidir.
O.Şmerlinq "Molla Nəsrəddin" jurnalında müəyyən süjet əsasında silsilə karikaturalar yaratmağın əsasını qoymuşdur. "Erməni-müsəlman münasibətləri", "Dumaya seçilmiş millət vəkilləri" və s. süjetli karikaturanın dəyərli nümunələridir. Onun karikaturalarının mənasını yazıb-oxumağı bacarmayan, "savadsızlıqla qara ömürlərini sürən" (C.Məmmədquluzadə) avam kütlə də başa düşmüş, maraqla izləmişdir.
C.Məmmədquluzadənin "Qeyrət" nəşriyyatında çap olunmuş "Usta Zeynal" (1906), "Qurbanəli bəy" (1907) və "İranda hürriyyət" (1907) kitablarına çəkdiyi illüstrasiyalar Şmerlinqin həm də mahir kitab rəssamı olduğunu göstərir.
O.Şmerlinq karikaturalarını "O.İ.Şlinq" və sadəcə "Şlinq" imzaları ilə çap etdirmişdir. Onun müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan 2000-dən çox əsəri vardır.
O.Şmerlinqi C.Məmmədquluzadə ilə iş, əqidə birliyi və səmimi dostluq münasibətləri bağlayırdı. O, C.Məmmədquluzadənin dəvəti ilə yenidən "Molla Nəsrəddin"də işləmək istəsə də, müxtəlif səbəblərdən bu arzu reallaşmamışdı. O.Şmerlinq C.Məmmədquluzadəyə ünvanladığı 7 may 1925-ci il tarixli məktubunda yazırdı: "... Şərq xalqlarının xeyrinə işləmək həvəsi məndə əvvəlki kimi güclüdür". İlk dəfə B.Kəngərli "Molla Nəsrəddin"ə bağlı olan ustad sənətkarın portretini yaratmışdır (1911). Gürcüstan Dövlət İncəsənət Muzeyində (2000) və Alman-Azərbaycan Mədəniyyəti Mərkəzində (8-9 dekabr 2000, Bakı) O.Şmerlinqin əsərlərinin sərgisi təşkil edilmişdir.
O.Şmerlinqin "Molla Nəsrəddin" jurnalındakı fəaliyyəti Azərbaycanda karikatura rəssamlığının inkişafına böyük təsir göstərmişdir.
Ədəbiyyat:
Oskar Şmerlinqin C.Məmmədquluzadəyə 7 may 1925-ci il tarixli məktubu. AMEA Əlyazmalar İnstitutunun fondu. A-6, Q-232, sax. vah. 235.;
M.Nəcəfov. Azərbaycanın karikaturaçı rəssamları. Bakı, "İşıq", 1972, 96 s.;
M.Kerbalaşvili. Oskar Şmerlinq.Bax: hesabat toplusu (məqalələr). Tbilisi, 2000;
İ.Həbibbəyli. Mollanəsrəddinçi karikatura ustası Oskar Şmerlinq. Naxçıvan, "Gəmiqaya", 2002, 52 s.
akademik İsa Həbibbəyli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 323-325