"Qəmişqulu"


Qəmişqulu "Qəmişqulu" - Antroponim (Gizli imza). "Molla Nəsrəddin" jurnalında işlənən koynonim imzalardan biri. İlk dəfə 1907-ci il 6-cı nömrədə "Qəmiş" imzası ilə "Teleqraf xəbərləri" dərc olunub. Peterburq, Tehran, Buxara, Badkubə (Bakı- G.Q), Gəncə şəhərlərindən olan şikayətlər verilib. Bu imza barəsində "İmzalar" kitabında qeyd edilir ki, "Qəmiş" – Qəhrəman Əliyev Sarovlu ("Molla Nəsrəddin", 1930), "Qəmiş" – Məmmədəli Məmmədtağı oğlu (Məmmədəli Sidqi) Səfərov ("Molla Nəsrəddin", 1910).
Hətta 1910-cu ildə "Qəmişüddövləzadə Kərbəlayi Səməd" imzası da burada yer alıb. Həmin ilin 21-ci nömrəsində "İmza Qəmişqulu" imzası ilə "Yuxu" adlı yazıda Vladiqafqaz mollası Molla İsmayılın yuxu əhvalatı ilə camaatı aldatmaq istəməsindən söhbət açılır. 29-cu nömrədə isə "Qəmişqulu" imzası ilə "Vladiqafqaz xəbərləri"ndə konsulun özbaşınalıqlarından bəhs edilir. Bu imza haqqında adıçəkilən kitabda yazılır ki, "Qəmişqulu" – Əliheydər Ağakərim oğlu Qarayev ("Tartan-partan", 1918) və "Qəmişqulu" – Süleyman Dadaş oğlu Məlikov ("Kommunist", 1924; "Molla Nəsrəddin", 1926)" (Q.Məmmədli, A.Əliyeva. İmzalar. Bakı, "Letterpress", 2015, s.88). 37-ci nömrədə "Poçta qutusu"nda "Ordubadda "Qəmiş" imzalı kağız yazana: Doğrudan da ki, qəmişsən", – cavabında həmin imzanın adı çəkilib.

1921-ci il Təbriz dövrünün 3-cü nömrəsində "Poçta qutusu"nda Mərənddən "Qəmişqulu lu"ya cavab verilmişdir. 1924-cü il 16-cı nömrədə "Qəmişqulu" imzasıyla "Tərsinə" başlıqlı yazıda dil və ünsiyyət problemlərinə toxunulub. Ümumiyyətlə, bu imzadan ən çox 1925-ci ildə istifadə olunub. Həmin ilin 12-ci nömrəsində "Ənzəli Qəmişi" imzalı "Krasnovodskdan" başlıqlı yazı verilmişdir. Jurnalın bu sayında "Qəmişalı" imzası ilə "Ola bilməz" rubrikasında Quba, Aşqabad, Cəbrayıl şəhərlərindəki qüsurlar göstərilib, "Qəmişqulu" imzası ilə "Sancılanmaq" sərlövhəli yazıda Tazə şəhərdə yeni üsullu qız məktəbindən gileylər dərc edilib. 1928-ci il birinci nömrədə "Dəliməhəmmədli Qəmişqulu" imzası ilə çap olunan "Kəramət" adlı yazıda dini mövhumat və fanatizmin ifşası mühüm yer tutur.

Jurnalın son illərində həmin imza ilə irihəcmli yazılar yer alıb. 1929-cu ilin 29-cu nömrəsində "Şərikli romanın son pərdəsi" əsərinin tamamlanıb-tamamlanmaması barədə mətbuatda gedən ziddiyyətli məlumatlardan bəhs edilib. 33-cü nömrədə isə artıq xalq arasında məsələ çevrilmiş "Könüllü vəkillər" lətifəsinin mətni verilib. 42-ci nömrədə "Baksayuz" papirosunun başına gələnlər" yazısında səmərələşdirmə kəlməsinin izahı belə verilir ki, 25 qəpiyə olan papiros həmin üsulların tətbiqindən sonra 29 qəpiyə qalxır. 1930-cu ilin 3-cü nömrəsində müxbirlərin müşavirə günləri okruqlarımızda Gəncə, Salyan, Nuxa, Ağdam, Bərdə, Quba, Ordubad, Naxçıvan müxbirlərinə yaradılan problemlərdən söhbət açılır. 7-ci nömrədə isə "Atana min rəhmət" başlıqlı yazıda artıq məsələ çevrilmiş əhvalatın mətni verilir. Zülmkar dəyirmançının oğlu atasından da zalım olduğu üçün atasına rəhmət oxutdurur. Müəllif bu nümunəni təzə çörək kitabçalarına aid edir. Aydın olur ki, təzə kitabçalardan sonra növbə daha da uzanırmış.

Ədəbiyyat:

"Molla Nəsrəddin" jurnalı. 1907, №6, 3; 1910, №21, №37; 1921, №3; 1924, №16, 6; 1925, №12, 8; №31, 3; №39, 4; №40, 3; №41, 7; №42, 6; №44, 7; №45, 4; №46, 5; №49, 4; №50, 6; 1926, № 2, 5; №5, 5; №7, 5; №8, 4; №14, 6; №18, 5; №20, 3; №24, 6; №29, 2; №32, 2; №33, 5; 1927, №50, 5; 1928, №1, 5; №4, 5; №16, 6; №19, 6; №20, 6; №24, 3; №24, 6; №26, 4; №26, 6; №30, 5; №30, 6; №31, 6; №33, 4; №34, 4; №34, 6; №40, 5; 1929, №29, 4; №33, 3; №42, 4; 1930, №3, 3, №7, 3.;
Q.Məmmədli, A.Əliyeva. İmzalar. Bakı, "Letterpress", 2015, 312 s.;
E.Qasımova. Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920). Bakı, "Avropa", 2019, 194 s.


filologiya üzrə fəlsəfə doktoru Gülnar Qasımlı
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 199-200

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə