"Mirzə Qoşunəli"
"Mirzə Qoşunəli" - Antroponim (Gizli imza). "Molla Nəsrəddin" jurnalının ilk illərində (1906-1917) istifadə olunan müştərək (koynonim) gizli imza.
N.Ağayev və M.Paşayevanın biblioqrafik göstəricilərində bu imzadan Ələkbər Üryan, Həsən İxfa Əlizadə və Yusif Kənan Rəhimzadə tərəfindən istifadə edildiyi göstərilir. Biblioqrafik göstəricilərdə "Molla Nəsrəddin"də "Mirzə Qoşunəli"dən inisial şəklində yaranan "Mirzə Qoşunəli"nin Yusif Kənan Rəhimzadəyə məxsusluğu da qeydə alınmışdır.
Bu imzanın "Mirzə Qoşunəli Təbrizi" olan ilk variantına jurnalın 1906-cı il 10 və 13-cü saylarında silsilə şəklində nəsrlə yazılmış "Qarabağdan məktub"un müəllifi müraciət etmişdir.
"Mirzə Qoşunəli" imzası ilə "Molla Nəsrəddin"in 1911-ci il 24-cü sayından başlamış 1912, 1913, 1917-ci illərdə mövzusu daha çox Qarabağ – Şuşadan alınmış satirik şeirlər dərc olunmuşdur ("Teatr pulu", 1911, №24; "Məişətimizə dair" 1911, №25, "Axundlar arzusu" 1911, №36, "Məhərrəm novhəsi" 1911, №40, "Dəlilər" 1912, №7, "Dinc otur" 1913, №29, "Şod, şod, şod" 1917, №15).
Jurnalın 1917-ci il 6-cı sayındakı "Poçta qutusu"nda redaksiyanın "Gəncədə Mirzə Qoşunəli"yə müraciəti imza müəllifinin haradan yazdığına daha bir işarədir.
Jurnalın səhifələrində (1911, №3; 1912, №9) imzanın "Nazimi: Mirzə Qoşunəli" variantı da var.
Mirzə Qoşunəli imzasından "Zənbur" (1909, 1910), "Kəlniyət" (1912-1913) jurnallarında da istifadə olunmuşdur.
Ədəbiyyat:
Q.Məmmədli, A.Əliyeva. İmzalar. Bakı, "Letterpress", 2015, 312 s.;
E.Qasımova, A.Əliyeva. İmzalar. Bakı, "Avropa", 2015, 198 s.;
E.Qasımova. Gizli imza və atribusiya. Bakı, "Avropa", 2017, 296 s.;
E.Qasımova. Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920). Bakı, "Avropa", 2019, 194 s.
filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 250-251