Qulam Məmmədli
Qulam Məmməd oğlu Məmmədli (25.03.1897, Təbriz – 18.11.1994, Bakı)
Görkəmli publisist, salnaməçi, Əməkdar mədəniyyət işçisi (1977), Əməkdar jurnalist (1984).
Qulam Məmmədlinin uşaqlıq və gənclik illəri Aşqabadda keçir. İlk təhsilini mollaxanada alır. Bir müddət çəkməçi yanında şagird, Nobelin neft zavodunda fəhlə, "Ruznameyi-Maverayi-Bəhri-Xəzər" qəzetində, sonra isə müxtəlif mətbəələrdə mürəttib işləyir. Fərdi qaydada savadını artırır, C.Məmmədquluzadəni, M.Ə.Sabiri, A.Səhhəti, A.Şaiqi, H.Cavidi, C.Cabbarlını mütaliə edir, "Molla Nəsrəddin", "Məktəb", "Babayi-Əmir", "Tuti" jurnallarını mütəmadi oxuyur, bəzən bu mətbuat orqanlarına yazılar da göndərirdi.
1916-cı il may ayının 15-də Aşqabadın dəmir yol vağzalında C.Məmmədquluzadəni və Ə.Qəmküsarı qarşılayan ziyalılar, qələm əhli arasında gənc mürəttib Q.Məmmədli də var idi. Şəhərdə "Ölülər" tamaşasının hazırlanmasında o, həvəskar aktyor kimi ciddi çalışsa da, son anda əsərin göstərilməsinə icazə verilmir. Bununla belə, gənc Q.Məmmədli C.Məmmədquluzadə ilə yaxından tanış olur, onun rəğbətini qazanır.
Q.Məmmədli ilk dəfə 1923-cü il iyun ayının əvvəllərində publisist Y.Nəsirli ilə Aşqabaddan Bakıya gəlir. Burada ilk getdikləri yer – "Yeni yol" qəzetinin redaksiyası, ilk görüşdükləri şəxs baş redaktor C.Məmmədquluzadə olur. Onun xeyirxahlığı sayəsində Q.Məmmədli 8 iyun 1923-cü ildən "Kommunist" qəzetinin mürəttibi işinə qəbul edilir. Bir müddət sonra isə "Molla Nəsrəddin" jurnalına da mürəttiblik edir. Peşəsi ilə əlaqədar o, burada C.Məmmədquluzadə, M.S.Ordubadi, C.Cabbarlı, S.Hüseyn, M.Sidqi, N.Bəsir, Ə.Bədəlbəyli və b. ilə yaxından tanış olur, dostluq edir.
Q.Məmmədli yalnız mürəttib deyil, həm də peşəkar təşkilatçı idi. I Bakı Türkoloji Qurultayına dəvət edilən nüfuzlu qonaqların Bakı Dəmiryol Vağzalında qarşılanması mərasimində (1926, fevral), eləcə də, qurultay nümayəndələri sırasında adı yazılmasa da, gənc, ucaboy Qulam Məmmədli də görünür.
Q.Məmmədlinin "Kommunist" qəzetində, "Molla Nəsrəddin" jurnalında mürəttiblik fəaliyyəti, yazarlarla sıx təmasları, canlı klassiklərdən qazandığı redaktəetmə səriştəsi ali jurnalistika təhsilinə bərabər idi. Sonralar Q.Məmmədli "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, "Kəndli qəzeti"nin redaktor müavini, daha sonra "Azərbaycan kolxozçusu", "Yeni yol" qəzetlərinin redaktoru vəzifələrində çalışır. Təbrizdə işıq üzü görən "Vətən yolunda" (1941-1942 və 1944-1945) adlı ordu qəzetində ədəbi işçi kimi fəaliyyətini davam etdirir. Burada Mirzə Məhəmməd Naxçıvani ilə sıx dostluğu və onun kitabxanasından səmərəli istifadə nəticəsində mollanəsrəddinçi şair Mirzə Əli Möcüzün "Seçilmiş əsərləri"ni (1945), Heyran Xanımın "Seçilmiş əsərləri"ni, "Bəxtiyarnamə" adlı kitabları ilk dəfə Təbrizdə nəşr etdirir.
O, 1947-ci ildən "Kommunist" qəzetinin şöbə müdiri, 1952-ci ildən "Kirpi" jurnalı redaksiyasında əvvəl məsul katib, sonra baş redaktor vəzifələrində işləmişdir. 1959-cu ildə fərdi təqaüdə çıxan Q.Məmmədli ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini (1969-1975) vəzifələrində çalışmışdır.
Q.Məmmədlinin Tarix İnstitutunda, Ədəbiyyat və İncəsənət arxivində çalışdığı dövr səmərəli və əhəmiyyətli olmuşdur. Böyük mütəfəkkir C.Məmmədquluzadənin 100 illik yubileyi münasibətilə onun 1966-cı ildə çap etdirdiyi "Molla Nəsrəddin" (564 s.) salnaməsi ustad sənətkara qədirşünaslıq nümunəsi olmaqla yanaşı, ədəbiyyat, mədəniyyət sahəsində Azərbaycan salnaməçilik məktəbinin bünövrəsini, təməl daşını təşkil edir. Minlərlə arxiv sənədlərinə, mətbuat səhifələrinə səpələnmiş faktları "iynənin ucu ilə" bir məcraya yönəltmək, bir süjet xəttində sıralamaq, səbrlə, təmkinlə bu sahədə yeni sistem yaratmaq əzabı müqayisəedilməz dərəcədə müşkül, məşəqqətli və mühüm işdir. "Molla Nəsrəddin" salnaməsi 1869-cu ildən 1932-ci il yanvar ayının əvvəllərinədək C.Məmmədquluzadənin həyatı, fəaliyyəti və yaradıcılığı haqqında mötəbər sənədlərə, etibarlı məxəzlərə istinad edilməklə zəngin materiallar toplusu, misilsiz mənbəşünaslıq abidəsidir. Bu dəyərli ensiklopedik məxəz müəllifin sağlığında iki dəfə (1966, 1984) böyük tirajla çap olunmuş, üçüncü nəşri 2009-cu ildə əməkdar elm xadimi, akademik İ.Həbibbəylinin tərtibi, təkmilləşdirməsi, geniş, dolğun ön sözü, yüksək dəyərləndirməsi ilə Naxçıvanda ("Əcəmi", 2009, 518 s.) nəfis şəkildə işıq üzü görmüşdür.
Q.Məmmədli milli salnaməçilik sahəsində elmi tədqiqatlarını daha uğurla davam etdirir, ömrünün ahıl çağında fədakarlığı ilə ən gənc tədqiqatçıları belə təəccübləndirirdi. O, bir-birinin ardınca "Hüseyn Ərəblinski" (1967, 292 s.), "Cahangir Zeynalov" (1968, 172s.), "Azərbaycan teatrının salnaməsi" (birinci hissə. 1974, 584 s., ikinci hissə 1983, 300 s.), "Cavid ömrü boyu" (1982, 298 s.), "Üzeyir Hacıbəyov" (1983, 550 s.), "Abbas Mirzə Şərifzadə" (1985, 242 s.), "Nəriman Nərimanov" (1987, 358 s.) adlı irihəcmli salnamələri nəşr etdirir.
Q.Məmmədlinin heyrətamiz tədqiqat işlərindən biri həcmcə yığcam, vəzncə ağır, sanballı "İmzalar" (1977, 120 s.) kitabıdır. Bu kitabı Azərbaycan mətnşünaslığının, gizli imza probleminin "Morze əlifbası" adlandırmaq olar. "Molla Nəsrəddin" jurnalında və bu ədəbi məktəbin ənənələrini davam etdirən satirik mətbuat orqanlarında dörd minə qədər gizli, örtülü imzanın kodunu, üst qatını mötəbər dəlil-sübutlarla açmaq, Çin səddini aşmaqdan asan deyil. "İmzalar" kitabı olmadan XX yüzilliyin əvvəlləri mollanəsrəddinçi satirik mətbuat orqanlarımızın milli ədəbiyyatşünaslıq üçün hazırladığı "sürprizlər"i təsəvvür etmək belə çətindir.
Q.Məmmədli milli salnaməçiliyin banisi, mətnşünaslıq, mənbəşünaslıq məktəbinin görkəmli nümayəndəsi idi.
Ədəbiyyat:
İ.Həbibbəyli. Qulam Məmmədli faktoru // Q.Məmmədli. "Molla Nəsrəddin": Salnamə /red. İ.Hacıyev. Naxçıvan, "Əcəmi", 2009, s. 3-11;
Q.Məmmədli. Ömür dəftərindən səhifələr. Bakı, "Təhsil", 2016, 184 s.;
A.Rüstəmli. Milli salnaməçiliyin banisi // "Azərbaycan" qəzeti, 2017, 5 aprel.
filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 206-207