İosif Rotter


İosif Rotter İosif Rotter. XIX əsrin ikinci yarısı və XX əsrin birinci yarısında yaşayan alman rəssamı, mollanəsrəddinçi karikatura ustası. İosif Rotter Münhen Rəssamlıq Akademiyasında təhsil almışdır. Tiflisdə yaşamış, burada rəssamlıq məktəbində müəllimlik etmiş, qəzet və jurnallara karikaturalar çəkmişdir. 1906-cı ildən 1914-cü ilə kimi "Molla Nəsrəddin"lə əməkdaşlıq etmişdir. 1908-ci ildə Bakıda nəşr olunan "Vay-vay" satira jurnalında karikaturalarla çıxış etmişdir. İ.Rotterin ştrix illüstrasiyaları və karikaturaları peşəkarlığı ilə fərqlənirdi. İ.Rotterin qrafik dəsti-xətti aydın və anlaşıqlıdır. O, rəsmlərində xırda ştrixlərə xüsusi əhəmiyyət verir, təsvirin həcm və ölçülərin real alınmasına nail olurdu.

Ştrix ustası kimi tanınan İ.Rotterin mürəkkəb kompozisiyalı əsərləri və intellektual səviyyəli oxucu üçün nəzərdə tutulmuş karikaturaları, hər şeydən əvvəl, sənət kamilliyi ilə seçilirdi. O, əsasən ştrixlərlə zəngin olan karikaturaların və xətti rəsmlərin mahir yaradıcısı idi. İ.Rotterin rəsmləri daha çox zərif və incə vasitələrlə işlənmiş, tiplərin hərəkətləri mürəkkəb rakursdan xırda detallar və dəqiqliklə təsvir edilmişdir. İ.Rotter öz satirik rəsmlərində tipin daxili aləmini açmağa çalışır, onun xarakterik cizgilərini böyük məharətlə çatdırmağa müvəffəq olurdu. Rəssamın uğurlu karikaturaları arasında "Molla Nəsrəddin"də çap olunan aşağıdakı karikaturaları göstərmək olar: "De görüm, hansınızı çox istəyirəm" (1906, 16 iyun, №11), "Nə tökərsən aşına, o da çıxar qaşığına" (1906, 23 iyun, №12), "Onlar da deyirlər ki, "Biz də müsəlmanıq" (1908, 6 yanvar, №1), "Qoy gəlsinlər, vallahi bu kitab ilə onların cavabını verə bilərəm" (1909, 26 aprel, №17). Bunlarla yanaşı, "Molla Nəsrəddin"də dərc olunan yüzlərlə satirik rəsm və karikaturalar da məhz bu böyük rəssamın əvəzsiz sənət inciləridir. İ.Rotter jurnalın daimi rəssamı kimi C.Məmmədquluzadə ilə həmfikir olmuş, maraqlı və yaddaqalan karikaturaları ilə geniş oxucuların marağına səbəb olmuşdur.

Jurnalda C.Məmmədquluzadənin "Təzə təlim kitabı" felyetonuna uyğun olaraq, İ.Rotterin çəkdiyi karikaturada xəncərlə bir-birinə hücum çəkən erməni və müsəlman obrazları canlandırılmışdır. Rəssam çox böyük uzaqgörənliklə iki kəndlinin ortasında təsvir etdiyi iblis vasitəsilə (rus imperiyasının simvolu – R.S) xalqları bir-birinə qırdıran, qızışdırıcılıq missiyasını yerinə yetirən üçüncü bir əlin militarist siyasətini tənqid obyektinə çevirmişdir.

İ.Rotterin "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi karikaturaların xeyli hissəsi cəhalətin, nadanlığın, fanatizmin ifşasına həsr olunmuşdur. Rəssamın "Bakıda Hacı Cavad məscidində" (1908, №5) karikaturasında Molla Məhəmməd sağ əlində Quranı, sol əlində isə murdar bir əşyaya toxunurmuş kimi, barmağının ucunda tutduğu "Molla Nəsrəddin"i göstərib deyir: "Evin yıxılsın, "Molla Nəsrəddin", sən bizim məscidləri və qəbristanlarımızı dağıtdın!.".

1906-1911-ci illərdə İranda, Təbrizdə baş verən məşrutə hərəkatı "Molla Nəsrəddin"in prioritet mövzularından idi. Jurnalda dərc olunmuş bir sıra felyetonlarda, şeirlərdə, teleqraf xəbərlərində və s. janrlı əsərlərdə bu aktual məsələyə xüsusi diqqət yetirilirdi. Bu baxımdan, Ə.Qəmküsarın "Gəldi yenə Rəhim xan İranə, bərəkallah!" satirası şairlə rəssamın ideyalarının harmoniyasını yaradan orijinal bir karikaturanın meydana gəlməsinə stimul vermişdir. İ.Rotterin bu mövzuda çəkdiyi karikatura məşrutə hərəkatının əleyhdarlarından olan Rəhim xanın riyakarlığını, xəyanətini açıb göstərən real sənət əsəridir.

Şeir jurnalda çap olunandan sonra (1910, №42) İ.Rotter Rəhim xanın tipik obrazını canlandırır. Ə.Qəmküsar xanı zalım, cəllad kimi təsvir edərək onu satira atəşinə tutur. İ.Rotterin təqdimatında isə Rəhim xan aciz, qorxaq və yazıq bir görkəmdə, əlində çamadan geriyə − İrana dönən vəziyyətdə göstərilmişdir. Lakin karikaturada diqqət çəkən başqa ştrixlər də təsvir olunmuşdur. Şəklin sol hissəsində xana "gəl-gəl" deyə işarə olunursa, digər tərəfdə isə güclü bir əl yumruqlarını düyünləyərək Rəhim xanı hədələyir. Karikaturadakı bu ziddiyyətli fon ölkədə hökm sürən və bir-birinə antoqonist münasibətdə olan şah tərəfdarları ilə onlara müxalif olan məşrutəçilərin simvolu kimi mənalandırılır.

"Molla Nəsrəddin" jurnalında çap olunan karikaturalarda Sultan Əbdülhəmid dönəmində Türkiyədə baş verən ədalətsizliklərə, xalqa divan tutan ikiüzlü siyasətbazların ifşasına olduqca geniş yer verilmiş və jurnalda aparıcı mövzuya çevrilmişdir. "Molla Nəsrəddin"in bu məsələyə dönə-dönə müraciət etməsi Türkiyə dövlətinin taleyi ilə bağlı dərin narahatlıqdan qaynaqlanırdı. İ.Rotterin jurnalın 1907-ci ilin 17-ci nömrəsində dərc etdirdiyi "Sultan Əbdülhəmidin dövri-səltənətində Xilafəti-islamiyyə" karikaturasında Qərb imperialistlərinin islam dünyasını, Türkiyəni parçalamağa yönəldilmiş məkrli və hiyləgər siyasəti çox kəskin şəkildə tənqid olunmuşdur. Karikaturada imperialist qüvvələrin islam dünyasını, o cümlədən Türkiyəni çökdürməsində, onlara rəvac verməsində başlıca qüvvənin Sultan Əbdülhəmid olması faktı göstərilir və ciddi ittihamla qarşılaşır. Əsərdə Osmanlı imperiyası qol-budaqları kəsilib qurumuş, çökmüş ağac kimi simvollaşdırılır. Karikaturada İzzət paşa, Muxtar paşa, Təhsin paşa, Zəki paşa, Şeyx Tahir, Şeyxül-islam kimi vəzifə və şöhrət düşkünləri ac qurdlar kimi ağaca darışmış və artıq onu yeyib qurtarmaqdadırlar. Mürəkkəb kompozisiyalı bu möhtəşəm karikaturada arxa fonda ağacın ətrafındakı dənizdə ingilis gəmiləri təsvir edilmişdir. Dünyanın bir çox dövlətlərinin tənqid hədəfinə çevrildiyi bu siyasi motivli karikatura birbaşa obyektə tuşlandığından Türkiyənin Tiflisdəki konsulu Feyzi bəy redaktora xəbərdarlığını çatdırmış və çar hakim dairələrinə şikayət etmişdir. "Molla Nəsrəddin"ə verilən ciddi xəbərdarlıqdan sonra jurnalda bir müddət (1907-ci ilin aprelin əvvəlindən − mayın sonuna kimi – R.S) Sultan Əbdülhəmidlə bağlı heç bir məlumat verilməmişdir. Bir müddətdən sonra jurnal yenidən Türkiyə mövzusuna müraciət etmişdir. İ.Rotterin çəkdiyi karikaturada (1907, №21) türk qiyafəsində bir kişi təsviri verilmişdir. O, qoltuğunda içi ətlə dolu böyük bir tabaq tutaraq ət tikələrini quduz köpəklərə paylayır. Kənarda isə ac-yalavac oturmuş türk itin ağzından ət parçalarını almaq istərkən məmurlar tərəfindən şallaqla döyülür və oradan uzaqlaşdırılır. Karikaturada quduz köpəklər imperialist dövlətlərin, dilənçi kişi isə fəqir, yoxsul, var-dövləti talanmış Türkiyənin rəmzi kimi mənalandırılmışdır. İ.Rotterin bu mövzuda olan daha kəskin xarakterli bir karikaturasında (1907, №33) Sultan Əbdülhəmid meymun şəklində Osmanlını bölüşdürməyə hazırlaşan imperialistlərin qarşısında əllərini sinəsində çarpazlayaraq müti və yaltaq bir görkəmdə təsvir edilmişdir. Bununla yanaşı, meymunun quyruğundan xarici ölkələrin ordenləri asılmışdır. İmperialistlərə təzim edən meymunun – Sultan Əbdülhəmidin dilindən verilən: "Baş üstə!" sözləri türk hökmdarının ifrat yaltaqlığının, acizliyinin ən yüksək sarkazmla ifadəsidir. Öz ölkəsinə xəyanət edən riyakar dövlət başçısının tənqidi yenidən çar senzurasının qəzəbinə düçar olmuşdur.

İ.Rotterin "Molla Nəsrəddin" jurnalındakı rəsmləri Azərbaycan realist təsviri sənətini, karikatura janrını mövzu və ideya cəhətdən zənginləşdirdi, həqiqəti ən dərin qatlarına qədər açıb göstərdi. Karikatura sənətinin aydın tendensiyasını, ideya-bədii istiqamətini müəyyənləşdirdi.

Ədəbiyyat:

"Molla Nəsrəddin". 1906, №11, №12; 1907, №1, №17; №21, №33; 1908, №1, №5; 1909, №17; 1910, №42;
M.Nəcəfov. Azərbaycanın karikaturaçı rəssamları. Bakı, "İşıq", 1972, 96 s.;
M.Nəcəfov. Rəssam və zaman. Bakı, "Gənclik", 1977, 174 s.;
B.Hacızadə. Azərbaycanda karikaturanın inkişafı. Bakı, "Səda", 2008, 316 s.;
G.Babayeva. The main targets of "Molla Nasreddin" caricatures ("Molla Nəsrəddin" karikaturalarının əsas tənqid hədəfləri). XIV International Scientific and Practical Conference "Social and Economic Aspects of Education in Modern society". June 25, 2019, Warsaw, Poland, s.33-37.


filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 170-172

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə