Məmmədəli Sidqi (Səfərov)
Məmmədəli Məhəmməd Tağı oğlu Səfərov (Sidqi) (1888-1956) - Görkəmli maarifçi, naşir, publisist, teatr xadimi.
XX əsrin I yarısında Azərbaycanda maarif, ədəbiyyat, mətbuat, teatr və digər sahələrdə mühüm xidmətlər göstərmiş Məmmədəli Sidqi Naxçıvan, Bakı və Aşqabad şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, ötən əsrin ilk onilliklərində "Həyat", "İrşad", "Molla Nəsrəddin", "İqbal", "Sovqat", "Bəsirət", "Tazə xəbər", "Sədayi-həqq", "Sədayi-vətən", "Həqiqət", "Babayi-Əmir", "Azərbaycan", "Zənbur", "Şeypur" və s. qəzet və jurnallarda "Zadə", "Rizə", "Əfi", "Bekar", "Qəmiş", "Bir naxoş", "Kabla Kövsər" və digər imzalarla dərc etdirdiyi çoxsaylı bədii və publisistik yazıların müəllifidir.
M.Sidqinin redaktorluğu ilə Bakıda 1918-1919-cu illərdə çıxan "Şeypur" jurnalı Azərbaycanın yenidən işğalına çalışan bolşeviklərin, torpaqlarımıza basqınlar edib qanlar tökən ermənilərin mənfur simasını ifşa edən satirik yazıları oxuculara çatdırmışdır.
Mətbuat tariximizdə mühüm mövqe tutan bu jurnalda M.Sidqi ilə yanaşı, S.Mənsur, C.Cabbarlı, S.Mümtaz, Ə.Müznib, Ə.Abid, M.Nasir və digər tanınmış ədiblərin aktual mövzularda bədii və publisistik əsərləri dərc edilib.
M.Sidqi 1910-1911-ci illərdə müvəqqəti olaraq "Molla Nəsrəddin" jurnalının müdiri vəzifəsini icra etmişdir. C.Məmmədquluzadə ailə məsələləri ilə bağlı Kəhrizli kəndində, digər şəhərlərdə olduqda M.Sidqi ilə sıx əlaqə saxlamış, ona məktublar yazaraq tövsiyələrini əsirgəməmişdir. M.Sidqi isə həmişə C.Məmmədquluzadənin etimadını doğrultmağa çalışmışdır.
Ədəbiyyat:
H.Həşimli. "Şeypur" jurnalı. Bakı, "Elm və təhsil", 2014, 280 s.; N.Səmədova. Məmmədəli Sidqinin şəxsi fondu. Bakı, "Elm və təhsil", 2015, 747s.
filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 231