"Teleqram Güllü"


Teleqram Güllü "Teleqram Güllü" - Antroponim (Gizli imza). Biblioqrafik mənbələrdə Böyükxanım Mehdiyevaya aid edilən gizli imza. Bu imzaya ilk dəfə "Molla Nəsrəddin" jurnalının 1923-cü il 33-cü sayında müraciət edilmişdir. "Teleqraf Güllü" imzası jurnalın 1923-1928-ci illərində, əsasən, "Arvadlar aləmindən" başlığı altında müntəzəm çıxış etmişdir. B.Mehdiyeva "Teleqraf Güllü"nü gizli imza kimi seçməsinin tarixi haqqında yazır:

"Məcmuədə "Çeri Məsmə" imzası ilə dərc edilmiş məqalə xüsusilə çox xoşuma gəldi... bir gün bir məqalə yazmaq qərarına gəldim. Məqalənin nə sərlövhəsi, nə də imzası var idi... Molla Nəsrəddin idarəsinə getdim... Molla əmi alıb oxudu və soruşdu... -Bəs imzası hanı?- Adımı yazmağa qorxuram, qaynatamgil biləcək, məni incidəcəklər...- Onda təxəllüsünüzü yazın... "Teleqraf Güllü" adını çəkdim. Bu ad mollanın xoşuna gəldi, mənə qələm verdi ki, məqaləni imzalayam... O gündən etibarən mən müntəzəm surətdə yazmağa başladım. Molla əmi yazılarımı təshih edib məcmuədə çap edirdi".

"Molla Nəsrəddin" jurnalında "Teleqraf Güllü" imzasının "Möcüziniz teleqraf Güllü" (1924, №2, s.5; 1925 №7, s.16) törəməsi də var.

Ədəbiyyat:

Q.Məmmədli, A.Əliyeva. İmzalar. Bakı, "Letterpress", 2015, 312 s.;
E.Qasımova, A.Əliyeva. İmzalar. Bakı, "Avropa", 2015, 198 s.;
E.Qasımova. Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920). Bakı, "Avropa", 2019, 194 s.


filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 379

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə