21 APR
2021
xeberler

NDU-da “Molla Nəsrəddin” jurnalının 115 illiyi ilə bağlı tədbir təşkil olunub

Naxçıvan Dövlət Universitetində “Molla Nəsrəddin” in 115 illik yubileyi qeyd olunub. Tədbirdə giriş sözü çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov Azərbaycanın ədəbiyyat tarixində əvəzsiz xidmətləri olan görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığından, onun təşəbbüsü, naşirliyi ilə dərc edilən “Molla Nəsrəddin” jurnalının milli mətbuatımızın inkişafında yeri və rolundan danışıb. Vurğulanıb ki, 2006-cı ildə jurnalın nəşrə başlamasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması, 2009-cu ildə C. Məmmədquluzadənin 140, 2019-cu ildə 150 illik yubileylərinin keçirilməsi ölkə prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlar məhz ulu öndərin uğurlu siyasətinin davamlı təzahürüdür.

Naxçıvan Muxtar Respublikasında Mirzə Cəlilin və digər mollanəsrəddinçilərin xatirəsi uca tutulur, ehtiramla yad edilir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında Mirzə Cəlilin və digər mollanəsrəddinçilərin xatirəsi uca tutulur, ehtiramla yad edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017- ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zərurui olan kitablar”ın siyahısına görkəmli ədibin “Hekayələri”nin də daxil edilməsi bu qayğının bariz nümunəsidir. “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov jurnalın 1906-cı ilin aprel ayından nəşrə başlandığını, 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə Təbrizdə, 1922-2931-ci illərdə isə Bakıda nəşr olunduğunu söyləyib. Bildirilib ki, Molla Nəsrəddinçilər məqalələrini “türkün ana dilində”, sadə danışıq tərzində, xalqın anlayacağı, başa düşəcəyi dildə yazdılar. C.Məmmədquluzadənin öz dili ilə desək “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”. Sonda “Jurnalistika” və “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası tələbələri “Sizi deyib gəlmişəm” məqaləsini, “Ölülər” pyesindən İsgəndərin monoloqu, “Millət necə tarac olur olsun, nə işim var?!” satirik şeiri, “Azərbaycan” məqaləsini və Mirzə Ələkbər Sabirin “Bir dəstə gül”, “Ey fələk zülmün əyandır” Bəhri-təvilini səsləndiriblər.

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə