Xəlil Musayev


Xəlil Musayev Xəlil İsrafil oğlu Musayev (Çoxski) (1890, Dağıstan, Çox k. – 1949, ABŞ, Betlehem) -Boyakar, karikaturaçı, mənzərə rəssamı. Xəlil Musayev 1910-1914-cü illərdə Tiflis Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində oxumuş, sonra təhsilini Münhen Rəssamlıq Akademiyasında davam etdirmişdir. 1913-1914-cü illərdə rəssamın "Molla Nəsrəddin" jurnalında 20-yə yaxın karikaturası çap olunmuşdur. X.Musayevin "Molla Nəsrəddin" jurnalında nəşr edilən rəsmləri sayca çox olmasa da, bədii keyfiyyətinə, sənətkarlığına görə seçilən və yaddaqalan əsərlərdir. X.Musayev karikaturalarını "Xəlil Musayev", "Xəlil", "Dagestanets", "Musayev Çoxski", "Xəlil ibn İsrafil Mussayev", "X.M." imzaları ilə dərc etdirmişdir.

X.Musayevin 1910-cu ildə Tiflisə gəlməsi, O.Şmerlinqin direktor olduğu Tiflis Rəssamlıq Məktəbində oxuması və B.Kəngərli ilə eyni bir vaxtda orada təhsil alması onun peşəkar bir rəssam kimi yetişməsində mühüm rol oynamışdır. Rəssamın yaradıcılığında realist məişət səhnələrinin təsvirinə və satirik karikaturalara daha çox yer verilmişdir. Məhz satirik rəsmlərə meyil etməsi X.Musayevi "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlığa həvəsləndirmişdir. Jurnalın əsas rəssamları O.Şmerlinq və İ.Rotter kimi böyük sənətkarlarla eyni mətbuat orqanında fəaliyyət göstərməsi X.Musayevin satirik karikatura ustası səviyyəsinə yüksəlməsinə təkan vermişdir. Rəssamın "Molla Nəsrəddin" jurnalının səhifələrində dərc edilən karikaturaları dövrün aktual problemlərini özündə ehtiva edən əsl sənət nümunələridir. X.Musayevin jurnalda çap edilən "Bizim əyləncəmiz" (1913, №3), "Culfada əvvəlinci parlamanın üzvü" (1913, №4), "Molla Nəsrəddin"in dostları və düşmənləri" (1913, №5), "Müsəlman cəmiyyəti-xeyriyyəsinin sədri" (1913, №6), "Qoymaram oğlumu məktəbə aparasan" (1913, №7), "Şamaxıda məktəb barəsində şura", "Maarifin mərkəzi olan Tiflis şəhərində müsəlmanların gecə-gündüz məşğuliyyəti" (1913, №9), "Bu komediyanı yazdım, amma aktyor tapa bilmirəm", "Müsəlman ziyalısı" (1913, №12), "Rəşt şəriətmədarı və rus konsulu" (1913, №13), "Xanəndələrimiz" (1913, №18) kimi satirik rəsmləri jurnalın ideoloji mübarizəsini, karikatura ənənələrini yaşadan peşəkar rəssam təxəyyülünün orijinal nümunələridir.

X.Musayevin "Molla Nəsrəddin"də çap etdirdiyi ilk karikaturası "Bizim əyləncəmiz" adlanır. Rəssam karikaturada nadanlıq və cəhalətin hökm sürdüyü bir məmləkətdə xalqın yumruq davasını əyləncəyə çevirdiyini satirik şəkildə əks etdirmişdir. Karikaturanın mərkəzində əlbəyaxa vəziyyətində bir-birinə ağır zərbələr endirən iki obrazın təsviri verilmişdir. Kənardan, hər iki tərəfdən bu qarşıdurmanı seyr edib aranı qızışdıranların üzündəki təəccüb, maraq, heyrət və sevinc hisslərini rəssam yüksək peşəkarlıqla yaratmışdır. Çoxfiqurlu kompozisiyada obrazların geyimləri, hərəkət və davranışları rəssam fikrinin əsl məqsəd və məramını açıqlaya bilmişdir. Rəssamın sənətkarlıqla üfüqi xətt boyunca təsvir etdiyi obrazlar iki cəbhədə qruplaşdırılmışdır. Onlar mərkəzdə gedən prosesləri maraqla izləyirlər. X.Musayevin tuş-pero texnikasında yaratdığı karikaturada personajların davranış tərzi ön plana çəkilmiş, mimika və jestlər reallığı əks etdirmişdir. Rəssamın dərin müşahidə qabiliyyəti onun obrazlar qalereyasının fərdi cizgilərində, rəng həllində və mükəmməl kompozisiyasında aşkara çıxır. X.Musayev karikaturada əksini tapan hadisələrin dramatik inkişafını təbii boyalarla cilalayır, rəsmin konturlarını dəqiq müəyyənləşdirir və fərdi cizgilərini qabarıq şəkildə əks etdirməyə müvəffəq olur. Buna görə də onun yaratdığı rəsmlərdə obrazın xarici görünüşü ilə daxili aləminin harmoniyası diqqəti cəlb edir, rəssamın peşəkarlığını və zəngin təcrübəsini özündə ehtiva edir.

X.Musayevin "Molla Nəsrəddin" jurnalının 1913-cü il tarixli 5-ci nömrəsində yaratdığı Molla Nəsrəddin obrazı O.Şmerlinq və İ.Rotterin eyni məzmunlu əsərlərindən tamamilə fərqlənir. "Molla Nəsrəddin"in dostları və düşmənləri" adlanan bu karikaturada rəssam kompozisiyanın mərkəzində ağ əbalı, əli çomaqlı, nurani bir xalq müdrikinin obrazını canlandırmışdır. Karikaturanın arxa planında, sağ tərəfdə əllərində dəyənək tutan, Molla Nəsrəddini hədələyən, onu ittiham edərək kinayə ilə baxan dini xurafatın təmsilçiləri təsvir olunmuşdur. Kompozisiyanın solunda isə xalqın elmli və savadlı nümayəndələri dayanıb Molla Nəsrəddinə böyük hörmət, ehtiram və ümidlə baxırlar. Rəssam yaratdığı kompozisiyada personajların təmsil etdiyi təbəqəni diqqət mərkəzində saxlamış, fərqlilik onların davranış və geyimlərində öz əksini tapmışdır. Yüksək peşəkarlıqla yaradılmış karikaturada obrazların fərdi cizgisi və sosial təbəqəsi aydın şəkildə nəzərə çarpır.

X.Musayev "Molla Nəsrəddin" jurnalı ilə yanaşı, "Kəlniyət", "Baraban" (rusdilli) və Dağıstanda nəşr edilən "Tanq çolpan" ("Dan ulduzu") satirik jurnalları ilə də əməkdaşlıq etmişdir. Gənc rəssamın istedadını və yaradıcılıq potensialını görən C.Məmmədquluzadə və Ə.Qəmküsar ona Avropaya gedib təhsilini davam etdirməyi məsləhət görür, hətta maddi yardım da göstərirlər. X.Musayev İtaliyaya gedərək orta əsr rəssamlarının əsərləri ilə yaxından tanış olur, Avropa rəssamlıq məktəbindən rəssamlığın sirlərini dərindən öyrənir və təhsilini Parisdə davam etdirir. O dövrdə Parisdə rəssamlıq təhsili alan SSRİ xalq rəssamı Lado Qudiaşvili X.Musayevin yüksək sənətkarlığından söhbət açaraq yazır: "Xəlil Musayevin dekorativ tətbiqi sənətə daha böyük marağı var idi. O zaman Tiflisdə açılmış Xalq Sənəti beynəlxalq sərgisində X.Musayevin əsəri gümüş medala layiq görülmüşdür. X.Musayev əsərlərinin mövzusunu həmişə xalq həyatından götürmüş, xalqın arzu və amallarından ilhamlanan rəssam bütün yaradıcılığı boyu "Molla Nəsrəddin" jurnalının böyük ənənələrinə sadiq qalmışdır".

Ədəbiyyatşünas V.Quliyev Polşada olarkən X.Musayevlə bağlı araşdırma aparmış və maraqlı faktlar aşkara çıxarmışdır: "Xəlil Musayevin izinə qafqazlı siyasi mühacirlərin Varşavada nəşr etdikləri "Şimali Kafkasiya –Severnıy Kavkaz" jurnalının 1938-ci il saylarını vərəqləyərkən yenidən düşdüm. Burada onun haqqında məqalə, foto-şəkli və əsərlərindən reproduksiya verilmişdi. Həmin dövrdə Berlində yaşadığı, mühacir həmvətənləri ilə əlaqələrini üzmədiyi bildirilirdi. Məqalədən artıq X.Musayev deyil, Xəlil bəy Musaysaul kimi tanındığı da məlum olurdu. Bu adla internetdə axtarış verəndə rəssamın həyatı, şəxsiyyəti və yaradıcılıq irsi ilə bağlı rus, ingilis və alman dillərində xeyli materiala və ayrı-ayrı tabloların reproduksiyalarına təsadüf etdim". X.Musayevin bioqrafiyası, xüsusən də həyatının yeniyetməlik və ilk gənclik dövrü ilə bağlı bir sıra məlumatlar onun 1936-cı ildə Münhendə çap olunmuş "Sonuncu cəngavərlər ölkəsi" ("DasLand der Letzter Ritter") kitabında toplanmışdır. Berlində yaşadığı illər bir rəssam kimi X.Musayevin yaradıcılığının məhsuldar dövrü sayıla bilər. Mövzu və üslubunun orijinallığı, avropalı tamaşaçılar üçün tamamilə yeni olan Qafqaz-Dağıstan həyatını fərdi, təkrarsız şəkildə əks etdirməsi onu tezliklə sənətsevərlər arasında məşhurlaşdırmışdı.

1925-1947-ci illərdə Cenevrə, Münhen, Berlin, Roma, Florensiya, İstanbul, Madrid, Tehran, Nyu-York kimi şəhərlərdə böyük maraq doğuran sərgiləri açılmışdı. İkinci Dünya müharibəsi başa çatandan sonra – 1947-ci ildə X.Musayev ABŞ-a mühacirət etmiş və iki il burada yaşadıqdan sonra, 1949-cu ildə vəfat etmişdir. Rəssamın məzarı Nyu-Yorkun təxminən yüz kilometrliyində yerləşən kiçik Betlehem şəhərindədir.

Ədəbiyyat:

H.İsrafilov, T.Həsənzadə. "Molla Nəsrəddin" karikaturaları. Bakı, "Azərbaycan Dövlət Nəşriyyatı", 1966, 70 s.;
M.Nəcəfov. Rəssam və zaman. Bakı, "Gənclik", 1977, 174 s.;
İ.Həbibbəyli. Mollanəsrəddinçi karikatura ustası. Oskar Şmerlinq. Naxçıvan, "Gəmiqaya", 2002, 52 s.;
B.Hacızadə. Azərbaycanda karikaturanın inkişafı. Bakı, "Səda", 2008, 318 s.;
V.Quliyev. "Molla Nəsrəddin" rəssamı: Xəlil Musayev. //"525-ci qəzet", 27 noyabr 2010.


akademik İsa Həbibbəyli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 161-163

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə