Abbas Zamanov

Abbas Fəttah oğlu Zamanov (10.10.1911, Naxçıvan, Şərur, Maxta k. – 01.04.1993, Bakı) - Görkəmli ədəbiyyatşünas, mətnşünas, filologiya elmləri doktoru (1966), professor (1971), Əməkdar elm xadimi (1980), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1983).
Abbas Zamanov 1960-1968-ci illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışmış, 1968-1971-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, Azərbaycan Dövlət Universitetində (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1971-1979) vəzifəsində işləmişdir. A.Zamanov Türkiyə Dil Qurumunun üzvü (1971-ci ildən) və Konya Səlcuq Universitetinin fəxri professoru olmuşdur (1989).
A.Zamanov "Gənc işçi" qəzetində məsul redaktorun müavini (1933-1934), "Ədəbiyyat qəzeti"ndə məsul katib, Azərnəşrin bədii ədəbiyyat şöbəsinin müdiri (1937-1939) vəzifələrində çalışmışdır.
XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının tədqiqində mühüm xidmətlər göstərmişdir. Onun tədqiqatlarında C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, S.M.Qənizadə, S.Vurğun, R.Rza irsinin və cənub mövzusunun araşdırılması geniş yer tutmuşdur. C.Məmmədquluzadə haqqında yazılmış məqalə və xatirələri toplayıb kitab halında nəşr etdirmişdir (1967). A.Zamanovun böyük demokrat yazıçının həyatı, mühiti, müasirləri və yaradıcılıq taleyi haqqında məqalələri mollanəsrəddinşünaslığa sanballı elmi töhfədir. O, H.Məmmədquluzadənin "Mirzə Cəlil haqqında xatirələrim" adlı memuarını ruscadan Azərbaycan dilinə çevirmiş, ön söz və izahlarla birlikdə, hər iki dildə kitab halında oxuculara çatdırmışdır (1967, 1970). A.Zamanovun tərtibi ilə nəşr olunmuş "Mollanəsrəddinçi şairlər" kitabında görkəmli mollanəsrəddinçilərin satirik şeirləri toplanmışdır (1986). Onun "Müasirləri Sabir haqqında" (1962), "Sabir və müasirləri" (1973), "Əməl dostları" (1979), "Sabir gülür" (1981), "Sabir bu gün" (1985) və b. əsərləri elmi-nəzəri ədəbiyyatşünaslığımızın böyük əhəmiyyətə malik qaynaqlarındandır.
A.Zamanovun "Sabir və müasirləri" monoqrafiyası Təbrizdə Əsəd Behrənginin tərcüməsində, "Cəlil Məmmədquluzadə" əsəri isə Ələkbər Qəhrəmaninin çevirməsində Tehranda fars dilində nəşr edilmişdir.
Professor A.Zamanov Bakı Dövlət Universitetinin filologiya fakültəsində "Molla Nəsrəddin" jurnalı" xüsusi kursunu tədris etmişdir.
Ədəbiyyat:
Müasirləri Abbas Zamanov haqqında (tərtib edəni və ön sözün müəllifi: İ.Həbibbəyli). Bakı, "Çinar-çap", 2003, 336 s.;
Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı, "Şərq-Qərb", 2008, 320 s.;
T.Əhmədov. Azərbaycan Yazıçıları XX-XXI yüzillikdə. Bakı, "Nurlar", 2011, 1056 s.;
K.Əliyev. Abbas Zamanov olmasaydı. Bakı, "Elm", 2011, 140 s.;
Elçin. Ədəbiyyat və cəsarət tərcümanı – Abbas Zamanov. Bakı, "Gənclik", 2016, 142 s.
filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 14