"Molla Nəsrəddin" jurnalı
Həftəlik, illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı.
Birinci nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə "Qeyrət" mətbəəsində çapdan çıxmışdır. Jurnal 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olunmuşdur. Müəyyən fasilələrlə 25 il fəaliyyət göstərən "Molla Nəsrəddin" jurnalının 741 nömrəsi (Tiflisdə 370, Təbrizdə 8, Bakıda 363) çap edilmişdir. Jurnalın redaktoru və naşiri böyük demokrat C.Məmmədquluzadə idi. 1910-1911-ci illərdə Məhəmmədəli Sidqizadə (M.Sidqi) bir neçə ay (13 noyabr 1910-cu ildən (№36) – 16 mart 1911-ci ilədək (№11), 5 yanvar 1911, №1 istisna olmaqla, C.Məmmədquluzadə) müvəqqəti müdir, Ə.Nəcəfov (Qəmküsar) ikinci redaktor (20 fevral 1913-cü ildən (№6) – 18 oktyabr 1914-cü ilə kimi (№25) vəzifələrini icra etmişlər.
7 fevral 1925-ci ildən (№6) sonuncu nömrəyədək (yanvar, 1931 №2) jurnal "Heyəti-təhririyyə" imzası ilə çıxmışdır.
"Zəmanənin özünün yaratdığı" "Molla Nəsrəddin" jurnalı Azərbaycan ədəbi-ictimai fikrinə yeni üslub, satirik publisistika, şeir və nəsr janrlarını gətirdi. C.Məmmədquluzadənin təşkilatçılığı ilə dövrün tanınmış şair, yazıçı və jurnalistləri – Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Qəmküsar, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Razi, M.Ə.Möcüz, B.Abbaszadə və O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə kimi karikatura ustalarının birgə fəaliyyəti "Molla Nəsrəddin"i satirik mətbuatın zirvəsinə ucaldaraq ədəbi məktəb səviyyəsinə çatdırmışdır.
"Molla Nəsrəddin"in "Sizi deyib gəlmişəm" adlı proqram məqaləsi jurnalın əsas məqsəd və məramını xalqa çatdırdı və onun gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdi. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində "Molla Nəsrəddin" jurnalı orijinal üslubu, dəst-xətti və çoxşaxəli satirik janrları ilə yeni ədəbi mərhələnin başlanğıcı olmuşdur.
Jurnalın nəşri böyük ədəbi hadisəyə çevrilərək ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. N.Nərimanov, Ü.Hacıbəyov, F.Köçərli, Ə.Hüseynzadə, Ə.Ağayev və b. "Molla Nəsrəddin"in nəşrə başlaması münasibətilə C.Məmmədquluzadəni təbrik etmiş və məqalələr dərc etdirmişlər. F.Köçərli "Tiflisskiy listok" qəzetində çap olunmuş məqaləsində jurnalın "müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədi"ni yüksək dəyərləndirmişdir: "Bu ilin aprel ayından Tiflisdə çıxan yumoristik "Molla Nəsrəddin" jurnalı ilk nömrələrindən başlayaraq bizim ölkənin müsəlmanları arasında canlı maraq oyatmışdır... Jurnalı... savadlı və mədəni azərbaycanlı – Mirzə Cəlil Məmmədquluzadə nəşr edir... "Molla Nəsrəddin" nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir... Jurnal hər şeydən çox müsəlmanlar arasındakı mövhumata, cəhalətə və fanatizmə gülür... biz C.Məmmədquluzadəyə səmimi qəlbdən müvəffəqiyyətlər arzu edir və ümidvarıq ki, müsəlman cəmiyyəti bu faydalı və yeganə jurnalın nəşrinə kömək göstərəcəkdir" (F.Köçərli. "Molla Nəsrəddin". "Tiflisskiy listok" qəzeti, 13 iyul 1906, № 147).
"Molla Nəsrəddin" jurnalının ilk nömrələri C.Məmmədquluzadə və Ö.F.Nemanzadənin səyləri ilə nəşr olunsa da, sonralar dövrün tanınmış yazıçı və şairləri, karikatura ustaları onun ətrafında birləşərək mükəmməl bir ədəbi məktəbin yaradıcılarına çevrildilər. C.Məmmədquluzadə bu ədəbi cəbhənin imkanlarından bəhs edərək yazır: "Molla Nəsrəddin" tək bir nəfər müəllifin əsəri deyil, "Molla Nəsrəddin" bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam" ("Kommunist" qəzeti, 1924, 14 mart, №60).
"Molla Nəsrəddin" ədəbi cəbhəsinin fəal üzvləri jurnalda öz yazılarını, əsasən, aşağıdakı imzalarla dərc etdirirdilər: C.Məmmədquluzadə "Molla Nəsrəddin", "Lağlağı", "Dəli", "Dəmdəməki", "Cırcırama", "Hərdəmxəyal" və s; M.Ə.Sabir "Hophop", "Ağlar güləyən", "Əbunəsr Şeybani", "Cingöz bəy"; Ə.Nəzmi "Məşədi Sijimqulu", "Sijimqulu", "Əlidəyənəkli", "Kefsiz"; Ə.Haqverdiyev "Həkimi-nuni-səğir", "Xortdan", "Ceyranəli", "Mozalan bəy"; Ə.Qəmküsar "Xadimi-millət", "O taylı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy"; Ö.F.Nemanzadə "Ümidvar"; M.S.Ordubadi "Hərdəmxəyal"; Ə.Razi "Dabanıçatdaq xala", Ə.Məhzun "Yetim cücə" və s.
"Molla Nəsrəddin" jurnalının birinci mərhələsində Ö.F.Nemanzadə 30-dan çox felyeton və məqalə dərc etdirmişdir. "Qeyrət" mətbəəsində "Qəflət" adlı kitabını nəşr etdirən M.S.Ordubadinin, jurnalın 4-cü sayından əməkdaşlığa qoşulan Ə.Nəzminin yeni satiriklər nəslinin formalaşmasında xüsusi rolu olmuşdur. M.Ə.Sabirin odlu satiraları "köhnə şeirlərlə yeni şeir arasında bir əsrlik qədər uçurum" əmələ gəlməsində həlledici dönüş yaratmış və mollanəsrəddinçilər ədəbi cəbhəsinin yaranmasına zəmin hazırlamışdır. "Molla Nəsrəddin"in səsinə dərhal səs verən Ə.Qəmküsarın jurnala gəlişi ilə (1906, №15; 22 və s.) mollanəsrəddinçi ədəbi cəbhənin yaranmasının labüdlüyü zəruri ədəbi-tarixi fakt kimi diqqəti cəlb etmişdir. 1906-cı ildə Ə.Razi (Şamçızadə), M.M.Hatif (Axundov), Ə.Əzimzadə, Ə.Şərifzadə və başqalarının "Molla Nəsrəddin" jurnalı ilə yaradıcılıq əlaqələri, ilk publisist məqalə və satirik şeirlərini çap etdirmələri mollanəsrəddinçilik hərəkatının sürətlənməsinə ciddi təkan vermişdir.
"Molla Nəsrəddin" məcmuəsinin birinci sayının "xalq arasında bomba kimi partladığının" şahidi olan Ə.Haqverdiyev 1906-cı ildə Tiflisə gələrək C.Məmmədquluzadə ilə görüşmüş, 1907-ci ildən jurnalla əməkdaşlığa başlamışdır. Ədibin jurnalda dərc olunmuş "Xortdanın cəhənnəm məktubları", "Mozalanbəyin səyahətnaməsi", "Bomba", "Marallarım" və s. əsərləri onu mollanəsrəddinçi nəsrin əsas yaradıcılarından birinə çevirmişdir. Beləliklə, "Molla Nəsrəddin" ədəbi məcmuəsinin birinci mərhələsi, əsasən, başa çatmışdır. Bu mərhələ ədəbi cəbhənin ilkin ideya-sənətkarlıq xüsusiyyətlərinin formalaşması və mollanəsrəddinçilərin ilk dəstəsinin meydana çıxıb jurnalın ətrafında birləşməsi ilə səciyyələnir.
"Molla Nəsrəddin" jurnalının ikinci mərhələsi 1908-1911-ci illəri əhatə edir. Bu illərdə mollanəsrəddinçi ədəbi cəbhə "Hammal"- B.Abbaszadə (1869-1926), "Qızdırmalı" – M.H.Zeynalov (1884-1919), "Xortdan bəy" – S.Mümtaz (Əsgərov) (1884-1938), "Məhkəmə pişiyi" – C.Əsgərzadə (1885-1966), "Yetim cücə" – Ə.Məhzun (Rəhimov) (1884-1934) və başqalarının hesabına daha da genişlənmiş və möhkəmlənmişdir.
"Molla Nəsrəddin" jurnalı 25 illik fəaliyyəti dövründə zülm və istibdada qarşı çıxaraq mütləqiyyəti, çar-üsul idarəsini, hakim təbəqələrin "parçala və hökm sür" müstəmləkəçilik siyasətini, mövhumat, xurafat, cəhalət, dini fanatizm, qadın hüquqsuzluğu və s. aktual məsələləri jurnalın prioritet mövzusuna çevirmiş və satira atəşinə tutmuşdur.
XX əsrin əvvəllərində, inqilabların tüğyan etdiyi bir dövrdə təşəkkül tapan "Molla Nəsrəddin"in əsas məramnaməsi azadlıq hərəkatına rəvac vermək, doğma xalqına məxsus milli dəyərləri qorumaq, köhnəliyə qarşı kəskin mübarizə aparmaq idi. Mövcud quruluşda cəmiyyətin problemləri – ölkədəki irticaçı qüvvələrin ifşası, Dünya müharibəsinin qlobal xarakter aldığı bir şəraitdə ideoloji axınlara qarşı mübarizə, şovinizmin, burjua millətçiliyinin tənqidi, ana dilinin saflığı, klassik ədəbiyyatın, mənəvi sərvətlərimizin qorunması kimi önəmli məsələlər "Molla Nəsrəddin"in taleyüklü proqramının dərin məzmunlu leytmotivini təşkil edir və onun ədəbi-bədii qayəsinə çevrilirdi. Jurnalda nəsihətçilik motivi arxa plana keçir, daha çox mübarizlik ruhu, satirik yolla ifşa üslubu qabarıq şəkildə önə çəkilirdi.
Mollanəsrəddinçilər Azərbaycan varlığını, gerçəklikləri, xalqın haqq səsini Şərq və Qərb dünyasına çatdırmaq missiyasının ağırlığını çiyinlərinə götürməklə XX əsrin əvvəllərində yaranan "Molla Nəsrəddin" ədəbi məktəbinin memarına çevrildilər. Ötən bir əsrdən artıq dövr ərzində hələlik satirik-demokratik mətbuatın inkişafı sahəsində "Molla Nəsrəddin"dən, romantik istiqamətdə isə "Füyuzat"dan uca zirvə fəth edilməmişdir.
Jurnalın ideya istiqamətini müəyyənləşdirən əsas amillərdən biri onun realist ədəbiyyat yolunu tutması, satirik üslubu, karikaturalar vasitəsilə ən dərin mətləbləri ifadə etməsi olsa da, hər şeydən əvvəl, dövrlə, real şərait və ictimai varlıqla bağlılığı ilə şərtlənmişdir. C.Məmmədquluzadə "Xatiratım"da yazır: "Şərqin qaranlığını təsəvvür edəndə insana elə bir təəccüb, heyrət üz verir ki, axırda əcayib bir şeyə gülən kimi, burada da insana bir mayeyi-gülünc və məzhəkə üz verir... Və belə gülünc bir zamanda, belə quli-biyabanı bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər "Molla Nəsrəddin"in yaranmağı təbii deyil? (C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. IV cild. Bakı, "Öndər", 2004, s.69).
"Molla Nəsrəddin" jurnalı nəşrə başladığı dövrdən Azərbaycan dilinin varlığı, saflığı uğrunda ardıcıl və prinsipial mübarizə aparır, öz səhifələrində dərc etdirdiyi "Ana dilində məktəb", "Qatış-bulaş", "Gəncədə kitabfüruşdan","Dil", "Pək eyi", "Zəncir", "Bizim obrazovannılar" kimi felyetonlarda, satirik şeir və karikaturalarda ana dilinin yad təsirlərə məruz qalmasından bəhs edir, öz dilinə etinasız yanaşanlar ciddi tənqid atəşinə tutulurdu.
Jurnalın 1906-cı ilin onuncu nömrəsində "İdarəyə göndərilən məktub və məqalələr açıq türk dilində yazılmış olmasalar, çap olunmayacaqlar" epiqrafı "Molla Nəsrəddin"in ana dilimizin təəssübkeşliyinin yüksək təzahürü idi. Sadə, aydın və xəlqi bir dildə yazan "Molla Nəsrəddin"in üslubu böyük mütəfəkkir Əli bəy Hüseynzadə tərəfindən təqdir edilmişdir: "Yaxşı yazırsınız... Açıq yazmağı da bacarmaq lazımdır".
"Molla Nəsrəddin" ədəbi cəbhəsində birləşən mollanəsrəddinçilərin də maarifçi realistlər və romantiklər kimi yaradıcılığının aparıcı mövzusu, ana xətti dövrün ağrılı, həllini gözləyən problemləri idi. Jurnal bu məsələləri müxtəlif janrlı yazılarla- felyeton, satirik şeir (taziyanə, dəyənək, qırmanc və s.), teleqraf xəbərləri, hesab məsələləri, lüğətlər, elanlar, atalar sözləri, bayatılar, tapmacalar... və kəskin satirik karikaturalar vasitəsilə oxuculara çatdırırdı.
C.Məmmədquluzadənin rəhbərlik etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbi qayə və məqsədinə uyğun olaraq köhnəni tənqid, yeniliyi, elm və mədəniyyəti yorulmadan təbliğ edirdi. O, mövhumatı, sxolastik təlim üsullarını rədd etdiyi kimi, qabaqcıl maarifçi ideyaları, elmi, məktəbi də təbliğ edir, onun yayılıb inkişaf etməsinə çalışırdı. O, cahillə alimi, şəriət ehkamları ilə həqiqi, dünyəvi elmi, zahidlə arifi müqayisə edir, bunlardan hansının faydalı olduğunu sadə dildə xalqa çatdırırdı. C.Məmmədquluzadənin "Elm və təhsil məsələləri", "Gimnaziyada təzə məscid", "Müəllimlər", "Niyə məni döyürsünüz", "Niyə mən dərsdən qaçdım", "Üsuli-cədid", "İrəvan seminariyası və qazının nitqi", "Uşaqlarımız", "Bakılılara", "Xeyirxahlıq" və s. felyetonlarında maarif sahəsindəki pərakəndəlik, özbaşınalıq, biganəlik, elmə, təhsilə yanlış, səthi münasibət ciddi şəkildə və bütün xırda detallarına qədər açıqlanaraq ifşa olunur. M.Ə.Sabirin "Elm təhsili", "Oğlum", "Oxutmuram, əl çəkin", "Üsuli-cədid", "Nə dərs olaydı", "Uçitellər", "Neçin məktəbə rəğbətim olmayır", "Məktəb uşaqlarına töhfə", "Məktəbə tərğib" kimi satirik və didaktik mahiyyətli şeirlərinin və Ə.Nəzminin "Məktəb", "Olsun", "Nə idi", "Pozdu işi bu qəzet yazanlar", "Çalışma elm üçün", "Molla arifə deyir", "Tazələr" və s. satiralarının bir qismində məktəb və maarifin düşmənləri, gənc nəslin tərbiyəsində köhnə, dini sxolastik yolu müdafiə edənlər tənqid olunur, bir qismində isə uşaqların yeni ruhda tərbiyə edilməsi, məktəbə, elmə, təhsilə rəğbət hissi təlqin edilir.
Azərbaycan ədəbiyyatının "Molla Nəsrəddin" dövrü milli bədii fikrin inkişafında yeni və xüsusi bir mərhələdir. Bu mərhələ C.Məmmədquluzadə başda olmaqla "Molla Nəsrəddin" ədəbi cəbhəsinin gərgin, ardıcıl və prinsipial mübarizəsi sayəsində intişar tapmışdır. "Molla Nəsrəddin" dövrü, ilk növbədə, xalq satirası və klassik ədəbi ənənə zəminində yaranmışdır. Bu mərhələnin təşəkkülü və inkişafında milli ədəbiyyatın çoxəsrlik satira ənənələrinin mühüm rolu olmuşdur. Jurnal xalq ədəbiyyatındakı müdriklik, hazırcavablıq, xəlqilik və sadəlik kimi mühüm keyfiyyətlərə sadiq qalmış, folklordan alınmış "Atalar sözü" bölməsi bütün fəaliyyəti boyu "Molla Nəsrəddin" jurnalını müşayiət etmişdir. Jurnalda tapmaca, lətifə, bayatı və nağılların ideya-bədii xüsusiyyətlərindən geniş istifadə olunmuşdur. "Molla Nəsrəddin"də xalq satirası ənənələri bir neçə istiqamətdə özünü büruzə vermişdir. Mollanəsrəddinçilər xalq ədəbiyyatından mövzu, süjet, obraz, bədii təsvir və ifadə vasitələrini götürərək onlardan yaradıcılıqla bəhrələnmiş, mətləbə satirik don geydirmişlər.
"Molla Nəsrəddin" jurnalı cəmiyyətdə baş verən heç bir hadisəyə biganə qalmamışdır. Keçən əsrin əvvəllərində Zaqafqaziyanı saran erməni-müsəlman məsələləri jurnalın səhifələrində geniş işıqlandırılmışdır. Milli məsələlərə həsr olunmuş "Erməni", "Erməni-müsəlman davası", "Şühəda", "Əvvəlinci söz", "Ermənilər gördülər ki...", "Həsəd", "İttihad", "Zəngilan" və s. felyetonlarda əsrlərlə davam edən erməni-müsəlman qarşıdurmasının baş vermə səbəbləri və onun törətdiyi fəlakətlərin acınacaqlı nəticələri real lövhələrlə oxuculara çatdırılmışdır. C.Məmmədquluzadə "Xatiratım" əsərində milli qırğına rəvac verənlərin kimliyi haqqında açıqlama verərək yazır: "Erməni-müsəlman davasının tarixini oxuyanlar və yıxılmış Nikolay arxivini qurdalayıb oradan gizli və sirli materiallar tapanlar elə bir sənədlərə rast gəldilər ki, erməniləri müsəlmanların, müsəlmanları ermənilərin üstünə küşkürən tək bircə Rusiya hökuməti idi" (C.Məmmədquluzadə. Əsərləri. 4 cilddə. IV cild, Bakı, "Öndər", 2004, s.61.)
Mollanəsrəddinçi nəsrdə, publisistikada və satirik şeirdə qadın azadlığı problemi üstünlük təşkil etmişdir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Razi və başqalarının yaradıcılığında Azərbaycan qadınlarının düşdüyü ağır vəziyyət realistcəsinə əks etdirilmişdir. M.Ə.Sabirin "Barışnalara dair", "Küpəgirən qarının qızlara nəsihəti", "Dilbər", "Üç arvad", "Gavur qızı", "Qoyma gəldi", "Çatlayır, Xanbacı, qəmdən ürəyim" və s. şeirlərində qadın probleminin bir çox aspektdən şərhi diqqət mərkəzində saxlanılmışdır. Ə.Nəzmi yaradıcılığında qadınların əsarətdən qurtarması bütövlükdə cəmiyyətin qurtuluşu kimi mənalandırılır. "Dabanı çatdaq xala" təxəllüsü ilə yazıb-yaradan Əli Razi qadın azadlığı probleminə həsr olunmuş satiralarında folklor elementlərindən istifadə etməklə böyük populyarlıq qazanmışdır.
"Molla Nəsrəddin" türk-müsəlman ölkələrində, eləcə də Yaxın Şərqdə geniş yayılmış, xalqların azadlıq, müstəqillik və demokratiya uğrunda mübarizəsində mütəşəkkil və ardıcıl rol oynamışdır. Jurnal Azərbaycan ədəbi-ictimai fikrinə yeni üslub, yeni baxış və düşüncə tərzi gətirməklə yanaşı, həm də yayıldığı ölkələrdə demokratik ictimai fikrin təkamülünə, satirik mətbuat və ədəbiyyatın inkişafına güclü təsir göstərmişdir. "Molla Nəsrəddin"in Tiflis, Təbriz və Bakı saylarında nəinki regionun, bütövlükdə az qala Yer kürəsinin ictimai-siyasi gedişatının nəbzi döyünür.
Jurnal fəaliyyətə başladığı dövrdən İran-Cənubi Azərbaycan məsələlərini daim gündəmə gətirmiş, 1906-1911-ci illər İran məşrutə inqilabı, onun rəhbərləri Səttarxan və Bağır xan "Molla Nəsrəddin"in baş mövzularına çevrilmişdir. "Bu gün Kərbəla meydanı- Azərbaycan meydanıdır" – deyən C.Məmmədquluzadə Cənubi Azərbaycanda baş verən inqilabın əsas məqsəd və məramını açıqlamışdır. Bununla yanaşı, jurnal İranda hökm sürən şahlıq rejiminə, xalqı zülm və istibdad altında saxlayan qanlı hakimiyyətə qarşı çıxır və müntəzəm olaraq öz səhifələrində yazılar dərc edirdi. Buna görə də Tehran Milli Əncüməni sədrinin teleqramına əsasən çar hökuməti "Molla Nəsrəddin"in İrana göndərilməsi və yayılmasını qadağan etmişdi.
"Molla Nəsrəddin"in tənqid hədəfi seçdiyi daxili və xarici düşmənləri – çar hakim dairələri, Qafqaz canişinliyi, İran və Türkiyə mütləqiyyətinin mühafizəkar xadimləri, xanlar, bəylər və b. jurnalı hər vəchlə gözdən salmağa, onun nəşrinin dayandırılmasına çalışırdılar. Jurnalın redaktoru, müxbir və yazarları ölümlə, təhdidlə üz-üzə qalmış, ciddi xəbərdarlıqlar almış, buna görə də bəzən jurnalın nömrələri müsadirə edilmiş və fəaliyyətində fasilələr yaranmışdır. C.Məmmədquluzadə isə dəfələrlə məhkəmə məsuliyyətinə cəlb edilərək cərimə olunmuşdur. Lakin bütün çətinliklərə sinə gərən "Molla Nəsrəddin" və mollanəsrəddinçilər bir çox məhrumiyyətlərlə üzləşsələr də, fədakarlıqla öz haqq səslərini dünyaya çatdırmışlar. "Molla Nəsrəddin" jurnalı sərhədləri aşaraq demokratik ideyalarını yayır, bəşəriyyəti azadlıq və müstəqillik uğrunda mübarizəyə səsləyir, zülm və istibdadın zəncirini qıraraq xoşbəxt bir cəmiyyətin yaradılmasının labüdlüyünü bəyan edirdi. Jurnal bu yüksək amalların təbliğatçısına çevrildiyindən Qafqazdan Rusiyaya, Yaxın və Orta Şərqə qədər geniş bir coğrafi ərazidə yayılmışdır. Orta Asiya, Krım, Bakı, İrəvan, Kazan, Ufa, Həştərxan, Orenburq, Təbriz, Tehran, Ərzurum, İstanbul, Qahirə, Bombey, Kəlküttə və b. şəhərlərdə minlərlə oxucunun rəğbətini qazandı. Özbəkistanda çıxan "Muştum" jurnalı yazırdı: "Molla Nəsrəddin"! Sən İrandan Şərqi Türküstana qədər, Azərbaycandan Tatarıstana, Başqırdıstandan, Qazaxıstandan Beynən-nehreynə qədər, hətta Krımdan Dağıstana qədər öz əlini uzatdın və qafil müsəlmanları yuxudan oyatdın" ("Muştum" jurnalı, Daşkənd, 5 iyul 1924, №23).
C.Məmmədquluzadənin səyləri nəticəsində "Molla Nəsrəddin" jurnalı 1921-ci ildən fəaliyyətini Təbriz şəhərində davam etdirmişdir. C.Məmmədquluzadə qısa müddətdə mətbəə və şəkil məsələlərini həll etmiş, materialları işləyib hazırlamış və 1921-ci ilin 20 fevralında jurnalın birinci sayı çapdan çıxmışdır. Satirik formasına, ictimai məzmununa, sadə, anlaşıqlı dilinə, tərtibinə, karikaturalarına görə "Molla Nəsrəddin" jurnalı Təbrizdə böyük əks-sədaya səbəb olmuşdur. Üç ay ərzində Təbrizdə 8 sayı nəşr olunan "Molla Nəsrəddin" jurnalı İranın, xüsusən də Cənubi Azərbaycanın konkret tarixi şəraitdəki əsas problemlərini əhatə edə bilmişdir. Qərbin güclü dövlətlərinin azadlıq diplomatiyası adı altında İranın sərvətlərini çapıb talaması, xalqı mənəvi əsarətə salması tənqid atəşinə tutulmuş, İrandakı missionerlik və xristian təbliğatı qətiyyətlə pislənilmişdir. Öz ənənələrinə sadiq qalan "Molla Nəsrəddin" Cənubi Azərbaycandakı mənəvi əsarəti, iqtisadi geriliyi, milli-mədəni inkişafa buxov olan bütün əngəlləri tənqid etmişdir. Jurnal cəhalət və xurafatdan yaxa qurtarmağın yollarını araşdırmış, elmə, maarifə yiyələnməyin, mənfi adətlərdən əl çəkməyin zəruriliyini gündəmə gətirmişdir.
"Molla Nəsrəddin"in Təbriz dövrü Cənubi Azərbaycanda illərdən bəri yaranmaqda olan mollanəsrəddinçi meyillərin, əhval-ruhiyyənin ədəbi ictimai mühit səviyyəsinə qalxmasına səbəb olmuşdur. Qısa müddətdə Təbrizdə mollanəsrəddinçi şair, publisist, nəqqaş, müxbir, abunə müvəkkili və mətbəə işçilərinin ədəbi cəbhəsi yaranmışdır. Jurnalın ətrafında Əbülfət Ələvi, İsgəndərxan Qəffari Sürxpuş, "Tazə şair", "Kabla Haxverdi" gizli imzaları ilə satirik şeirlər dərc etdirən Mirzəli Möcüz Şəbüstəri kimi ziyalı və şairlər, Seyid Əli Behzad, Mir Müsəvvir Nəqqaş kimi rəssamlar toplaşmışdır.
C.Məmmədquluzadənin Cənubi Azərbaycana səfəri və "Molla Nəsrəddin"in Təbriz nəşrləri Arazın o tayında ictimai-mədəni mühitin dirçəldilməsinə, milli oyanışa, demokratik hərəkata, satirik ədəbiyyat və mətbuatın inkişafına müsbət təsir göstərmişdir.
Bakı mərhələsində (1922-1931) jurnalın redaktoru "mənəvi terrora" məruz qalmış, "Molla Nəsrəddin" isə dövrün tələblərinə cavab verməyən, həyatla ayaqlaşa bilməyən bir mətbuat orqanı kimi təqib olunmuşdur. Xüsusilə jurnalın İranla bağlı yazıları "Molla Nəsrəddin"ə qarşı münasibəti daha da sərtləşdirmiş, Azərbaycan K(b)P Rəyasət Heyəti 26 aprel 1926-cı il tarixdə jurnalla bağlı xüsusi qərar qəbul etmişdir. Hətta "Molla Nəsrəddin"in İrana münasibəti təhrif olunmuş formada Moskvanın hakim dairələrinə çatdırılmış, Çiçerin (SSRİ Xalq Xarici İşlər komissarı) bunu qonşu dövlətlə əlaqələrin pozulması cəhdi hesab etmişdir. C.Məmmədquluzadə İran mövzusunda qələmə aldığı bir məqalədə yazır: "Bu məqalə Tehrana gedib çatan kimi yəqin ki yenə şah həzrətləri (Rza şah – İ.H) yapışacaq Moskvanın yaxasından. Lakin əbəs yerə. Səbəbi odur ki, "Molla Nəsrəddin" məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. "Molla Nəsrəddin"i nə Moskva yaradıbdır və nə də şura hökuməti yaradıbdır. Bu, bitərəf vərəqdir ki, iyirmi iki il bundan qabaq şahlar, sultanlar və krallar ilə söhbət eləməyə adətkərdə olubdur" (C.Məmmədquluzadə. Mətbuat bayramı, yaxud təcavüzkarlıq. "Molla Nəsrəddin" 5 may 1927, №19). C.Məmmədquluzadə bir daha sübut etmişdir ki, "ideya adamı" olduğu halda, "ideologiya adamı" deyildir.
Azərbaycan K(b)P MK-nın 9 aprel 1929-cu il tarixli plenumunda "Dini xurafatla mübarizədə Respublika Partiya Təşkilatının vəzifələri haqqında" məsələ müzakirə olunmuş və qətnaməyə "Molla Nəsrəddin" jurnalının "din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil edilməsinə" dair ayrıca bir təklif daxil edilmişdir (Azərbaycan KP-nin qurultayları, konfransları və MK plenumlarının qətnamə və qərarları. I c., Bakı, Azərnəşr, 1987, s.492). Jurnalın əleyhdarları "Molla Nəsrəddin"in Allahsızlar İttifaqının orqanı kimi nəşr edilməsini qərarlaşdırsalar da, C.Məmmədquluzadə Azərbaycan KP MK katibliyinə məktub yazaraq "Molla Nəsrəddin"in "Allahsız" deyil, məhz 25 ili tamam olana kimi öz adı ilə çıxmasına icazə istəmişdir (8 fevral 1930).
"Molla Nəsrəddin" Mübariz Allahsızlar İttifaqının orqanına çevrilsə də, "Allahsız" adı ilə nəşr edilməmişdir. 1931-ci ilin yanvar ayında 2 sayı çapdan çıxdıqdan sonra fəaliyyətini dayandırmışdır.
Azərbaycan mollanəsrəddinşünaslıq elminin formalaşması və inkişafında Ə.Nazim, H.Səmədzadə, Ə.Şərif, M.C.Paşayev, M.İbrahimov, A.Zamanov, Ə.Mirəhmədov, Q.Məmmədli, F.Hüseynov, N.Axundov, Ə.Hüseynov, İ.Ağayev, H.İsrafilov, T.Həsənzadə, N.Zeynalov, Ş.Novruzov, Y.Nəsirli, F.Bayramov, E.Qasımova, R.Qasımov və başqalarının mühüm xidmətləri vardır. Müstəqillik illərində "Molla Nəsrəddin" jurnalının və C.Məmmədquluzadə irsinin araşdırılmasının yeni mərhələsi başlanmışdır. İ.Həbibbəyli, A.Paşayev, A.Məmmədli, İ.Cəfərli, R.Qasımov, Ə.Əzimli, S.Vahabova, A.Orucova, M.Əliyeva, A.Əliyeva və başqaları yeni təfəkkür işığında və zəngin arxiv materialları vasitəsilə jurnalın azərbaycançılıq baxımından tədqiq olunması istiqamətində ardıcıl fəaliyyət göstərməkdə davam edirlər.
"Molla Nəsrəddin" jurnalının 2017-2018-ci illərdə 10 cilddə latın qrafikası ilə nəşr edilməsi mühüm ədəbi-mədəni hadisədir. Jurnalın 50, 100 və 110 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi mollanəsrəddinçilərə və "Molla Nəsrəddin" jurnalına dövlət səviyyəsində göstərilən ehtiramın ifadəsidir.
Ədəbiyyat:
N.Axundov. "Molla Nəsrəddin" jurnalının nəşri tarixi. Bakı, Azərnəşr, 1959, 257 s.;
M.C.Paşayev, F.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, "Maarif", 1982, 428 s;
F.Hüseynov "Molla Nəsrəddin" və mollanəsrəddinçilər. Bakı, "Yazıçı", 1986, 279 s.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bakı, "İşıq", 1987, 190 s.;
M.C.Paşayev. Azərbaycanda ədəbi məktəblər. Bakı, "Ziya-Nurlan", 2004, 392 s.;
Q.Məmmədli. "Molla Nəsrəddin". Salnamə (Ön söz: İsa Həbibbəyli). Naxçıvan, "Əcəmi", 2009, 564 s.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan, "Əcəmi", 2009, 424 s.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə (Tanıtma kitabı). Naxçıvan, "Əcəmi", 2009, 170 s.;
İ.Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. Əsərləri. 10 cilddə. II cild. Bakı, "Elm və təhsil", 2017, 1068 s.
akademik İsa Həbibbəyli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 254-259
"Molla Nəsrəddin" Tiflisdə
(7 aprel 1906 – 25 dekabr 1917)
“Molla Nəsrəddin” jurnalının ilk sayı 7 aprel 1906-cı ildə Tiflis şəhərində nəşr olunmuşdur.
C.Məmmədquluzadə 21 fevral 1906-cı ildə Tiflis general-qubernatoruna ərizə ilə müraciət etmiş və “Qeyrət” mətbəəsində Azərbaycan dilində “müsəlman ədəbiyyatında əfsanəvi təlxək” “Molla Nəsrəddin” adlı həftəlik satirik-yumoristik jurnal çıxarmağa icazə istəmişdir. Həmin ayda Tiflis polismeysterinin C.Məmmədquluzadənin “qeyri-qanuni hərəkətdə olmadığını” təsdiq edən arayışından sonra jurnalın nəşrinə icazə verilmişdir. Yazıçının ünvanına göndərilən 874 saylı şəhadətnamə şəhadətnamə 17 mart 1906-cı ildə ona çatmışdır. C.Məmmədquluzadə jurnalın nəşri ilə bağlı məsələləri qısa müddətdə həll etmiş, dərc olunacaq materiallar və karikaturaları hazırlamışdır. “Molla Nəsrəddin”in ilk sayının min tirajla buraxılması nəzərdə tutulmuşdur. Jurnalın 500 nüsxəsi 6 apreldə “bir günün ərzində günortayadək...”, qalan 500-ü isə C.Məmmədquluzadə və Ö.F.Nemanzadənin gərgin əməyi sayəsində gecədən səhərədək çap olunmuşdur. Beləliklə, C.Məmmədquluzadənin təbirincə desək, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.
1906-cı il martın 4-də hökumət tərəfindən C.Məmmədquluzadəyə verilmiş vəsiqədə jurnalın aşağıdakı proqramla nəşrə başlaması göstərilirdi: “...1. Məqalələr. 2. Atmacalar. 3. Felyetonlar. 4. Məzəli şeirlər. 5. Məzhəki teleqramlar. 6. Satirik hekayələr. 7. Lətifələr. 8. Poçta qutusu. 9. Məzhəki elanlar. 10. Xüsusi elanlar. 11. Karikatura və illüstrasiyalar”.
Jurnalın birinci nömrəsi “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” çağırışı ilə 1906-cı ilin 7 aprelində çıxdı və böyük maraqla qarşılandı.
“Molla Nəsrəddin”in nəşrə başlaması münasibətilə N.Nərimanov, Ü.Hacıbəyov, F.Köçərli, Ə.Hüseynzadə, Ə.Ağayev və başqaları C.Məmmədquluzadəni təbrik etmiş və mətbuatda məqalələlər dərc etdirmişlər.
“Molla Nəsrəddin” jurnalının Tiflisdə nəşrə başlaması təsadüfi deyildi. C.Məmmədquluzadə artıq 1903-cü ilin dekabr ayından Tiflisdə yaşayır və bu ədəbi mühitdə tanınırdı. Yazıçının “Qeyrət” mətbəəsində əldə etdiyi təcrübə “Molla Nəsrəddin”in redaksiya məsələlərinin və maliyyə problemlərinin həllində ona köməklik göstərən Ö.F.Nemanzadə və M.Ə.Bağırovun Tiflisdə fəaliyyət göstərməsi də jurnalın nəşrini gerçəkləşdirən amillərdən idi. Bununla yanaşı, Tiflis Qafqazın mərkəzi şəhəri və Qafqaz hökumətinin paytaxtı kimi böyük rola malik idi. Bu dövrdə Zaqafqaziyanın açıq fikirli ziyalıları Tiflisdə məktəb, mətbuat, teatr və ədəbiyyat sahəsində ciddi işlər görürdülər. Dövrün məşhur ziyalıları M.Şahtaxtlı, Ö.F.Nemanzadə, Ə.Axundzadə, S.Qayıbov, R.İsmayılov, M.Vəkilov, E.Sultanov, H.Minasazov və başqalarının Tiflisdə yaşayıb-yaratması azərbaycanlıların bu mühitdəki rolunu daha da qüvvətləndirmişdir. “Molla Nəsrəddin”in nəşrə başlaması, Bakı, Gəncə, Naxçıvan, Qarabağ, Şamaxı və Lənkəranda yaşayan maarifçilərin jurnalın ətrafında cəmləşməsi Tiflisdəki Azərbaycan ədəbi-mədəni mühitini yüksək zirvəyə – qərargah səviyyəsinə yüksəltmişdir.
Xüsusilə, “Molla Nəsrəddin” jurnalının yerləşdiyi və Mirzə Cəlilin on ildən artıq fəaliyyət göstərdiyi Tiflisin Voronsovski küçəsindəki 47 nömrəli bina Azərbaycan ziyalılarının məbədgahına çevrilmişdir. “Molla Nəsrəddin” jurnalı az bir zamanda M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Razi, M.S.Ordubadi kimi şair və yazıçıları ətrafında topladı. Bu ədiblər jurnalın daimi müəllifləri kimi “Lağlağı”, “Həkimi-Nuni səğir”, “Cırcırama”, “Mozalan”, “Hərdəmxəyal”, “Dəli”, “Hop-hop”, “Sijimqulu”, “Kefsiz”, “Hambal”, “CüCüvəllağı”, “Xortdan”, “Dabanıçatdaq” və başqa gizli imzalarla çıxış edirdilər. Jurnaldakı karikaturaları isə O.Şmerlinq, İ.Rotter və Ə.Əzimzadə kimi məşhur rəssamlar çəkirdilər. Xüsusilə də, C.Məmmədquluzadənin O.Şmerlinqə böyük hörməti vardı. Hətta O.Şmerlinq jurnalın çətinliklə başa gələn ilk nömrəsində karikaturaları təmənnasız çəkmişdir.
“Molla Nəsrəddin” təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Şərq dünyasının ictimai-mədəni həyatında mühüm rol oynamışdır. Jurnalın müəlliflərini “yalnız Azərbaycana aid problemlər deyil, bəlkə bütün müstəmləkə və yarımmüstəmləkə vəziyyətində olan Şərq ölkələrinin həyatı maraqlandırırdı”. C.Məmmədquluzadə özü bu məsələyə münasibətini belə açıqlamışdır: “Bizim birinci işimiz, birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləti idi... Bizim qabağımızda dağ kimi duran istibdad Şərq istibdadı və Şərq qaranlığı idi...” (C.Məmmədquluzadə. Xatiratım. Əsərləri. 4 cilddə. IV cild. Bakı “Öndər”, 2004, s.69).
C.Məmmədquluzadə jurnalın nəşri üçün Tiflis şəhərini seçməsinin bir səbəbini də belə əsaslandırmışdır: “Mən bu jurnalı Tiflisdə çıxartmayıb, sair bir şəhərdə, məsələn, Bakıda, İrəvanda çıxarsa idim, yəqin birinci nömrədən sonra mənim idarəmi dağıdıb, özümü də öldürərdilər. Tiflis, xüsusən də Davidovski küçəsi müsəlman məhəlləsindən uzaqdır və mənim qanımın arasına girmişdir”.
Azərbaycan satirik publisistika və poeziyasının inkişafında müstəsna mövqeyə malik olan “Molla Nəsrəddin” jurnalı Tiflis mühitində ədəbi məktəb səviyyəsinə yüksəlmiş, dünyanın bir neçə qitəsində yayılmış, özünə çoxlu sayda tərəfdarlar toplamışdır. Bu ədəbi məktəbin təsiri ilə “Bəhlul” (1907), “Zənbur” (1909-1910), “Arı” (1910-1911), “Kəlniyət” (1912-1913), “Məzəli” (1914-1915), “Tuti” (1914-1917), “Babayi-Əmir” (1915-1916) kimi mətbuat orqanları “Molla Nəsrəddin”in davamçılarına çevrildilər.
Tiflis mühitində “Molla Nəsrəddin”in tərəfdarları ilə yanaşı, əleyhdarları da olmuşdur. Dəfələrlə “Qeyrət” mətbəəsində, C.Məmmədquluzadənin mənzilində axtarışlar aparılmış aparılmış, jurnalın nəşri dayandırılmış və müsadirə olunmuşdur. Hətta C.Məmmədquluzadə Tiflis qubernatoru tərəfindən hədələrə, təhdidlərə məruz qalmışdır. “Bununla belə, Tiflis “Molla Nəsrəddin”in tarixi yürüşünün başlanğıc nöqtəsi, ən münasib start yeri, əlverişli fəaliyyəti və mübarizə meydanı olmuşdur. Burada jurnalın 370 sayı çap edilmişdir. Azərbaycan ədəbiyyatında mollanəsrəddinçilər adlanan yeni ədəbi nəsil ilk növbədə bu mühitdə yetişib formalaşmış, yaxud da əsas etibarilə buradan istiqamət və məsləhət almışdır. “Molla Nəsrəddin”in nəşrinin Təbriz dövrü və Bakı mərhələsi mətbuat karvanının Tiflisdən başlanan tarixi səfərinin qanunauyğun davamıdır. “Molla Nəsrəddin” jurnalının Tiflisdə sonuncu nömrəsi (№26) 25 dekabr 1917-ci ildə nəşr edilmişdir.
Ədəbiyyat:
Ə.Mirəhmədov. Azərbaycan Molla Nəsrəddini. Bakı, “Yazıçı”, 1980, 430 s.;
A.Hacıyev. Tiflis ədəbi mühiti. Bakı, “Yazıçı”, 1980, 181 s.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Naxçıvan, “Əcəmi”, 2009, 424 s.;
Ə.Şərif. “Molla Nəsrəddin” necə yarandı (Tərtib edəni və ön sözün müəlifi: İ.Həbibbəyli). Naxçıvan, “Əcəmi”, 2009, 384 s.
akademik İsa Həbibbəyli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 299-301
(2 noyabr 1922 – yanvar 1931)
“Molla Nəsrəddin” jurnalının inkişafının xüsusi bir mərhələsi Bakı mühiti ilə bağlıdır. Jurnalın redaktoru C.Məmmədquluzadə yeni qurulmuş Sovet dövlətinin Azərbaycandakı təmsilçilərinin dəvəti ilə Cənubi Azərbaycandan Bakıya qayıtmışdır.
“Molla Nəsrəddin” jurnalı Şura dövründə Bakıda öz fəaliyyətini bərpa etmiş, C.Məmmədquluzadənin Azərbaycana qayıdışından bir il dörd ay keçdikdən sonra, 2 noyabr 1922-ci ildə jurnalın birinci sayı çapdan çıxmışdır. Azərbaycan Xalq Komissarları Şurasının Şurasının qərarı ilə jurnalın nəşri üçün 2 milyard yarım dövlət yardımı ayrılmış və “Molla Nəsrəddin”in Birinci hökumət mətbəəsində çap edilməsinə razılıq verilmişdir. C.Məmmədquluzadə belə bir fikirdə idi ki, “özümüzü boş-boşuna... quru tərif və yalançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik. Qeyri bir yol yoxdur”.
C.Məmmədquluzadə iyirmi il əvvəl “Molla Nəsrəddin”də yan-yana yatıb uyuyan millətin hələ də oyanmadığının, cəhalət və nadanlığın hökm sürdüyünün bir daha şahidi olmuş və fikrini qətiləşdirərək “rişədən başlamalı” tələbi ilə çıxış etmişdir. “Molla Nəsrəddin”in Bakı mərhələsindəki mollanəsrəddinçilər iki qismə ayrılır: keçmiş mollanəsrəddinçilər və gənc ədəbi qüvvələr. Birincinin təmsilçiləri jurnalın redaktoru C.Məmmədquluzadə, 1926-cı ilin əvvəlinə kimi redaktor müavini işləyən M.S.Ordubadi, 1926-cı ildən-1931-ci ilədək “Molla Nəsrəddin”in redaktor müavini olan Ə.Nəzmi, jurnalın Bakı dövründə də sıx əməkdaşlıq etmiş Ə.Haqverdiyev, öz felyetonları, məqalə və kiçik satirik parçaları ilə jurnalı zənginləşdirən Ö.F.Nemanzadə, M.Sabit, S.Mənsur, B.Abbaszadə, rəssam O.Şmerlinq və başqaları idi.
Jurnalın Bakı mərhələsində ona yeni ədəbi qüvvələr də qoşulmuşdu. Buraya satirik şairlər, karikaturaçı rəssamlar, felyetonçu publisistlər, fəhlə-kəndli müxbirləri, abunə müvəkkilləri daxildir. Bakı mərhələsində “Molla Nəsrəddin” jurnalı ətrafında gənc ədəbi qüvvələrdən C.Cabbarlı, S.Məlikov, Ə.Vahid, M.Nasir, N.Qənbərov, N.Kərimov, rəssamlardan Ə.Əzimzadə, T.Benedikt (Beno), K.Dorş, Q.Xalıqov, İ.Axundov, H.Əliyev və b. toplaşmışlar.
C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının 2 noyabr 1922-ci ildə çıxan birinci sayında sovet quruluşunu alqışlayaraq, “O şey ki, qoca Molla Nəsrəddinin qəlbinə və məcazına hər babətdən müvafiqdir, onun adı şuradır” – sözləri ilə sovet hakimiyyətinə inamını ifadə etmişdir. O, 1922-1926-cı illərdə müəyyən anlaşılmaz vəziyyətlərlə tez-tez rastlaşsa da, həmin inamında qalmışdır. Lakin C.Məmmədquluzadə az sonra sovet cəmiyyətinin daxili puçluğunu və elan etdiyi vədlərdən uzaq olduğunu görmüş, dərin sarsıntı keçirmişdir. Azərbaycan Sovet Respublikasının rəhbərləri də görkəmli yazıçıya və “Molla Nəsrəddin” jurnalına laqeyd münasibət bəsləmiş, dəstək verməmişlər. C.Məmmədquluzadə Azərbaycanda sovet hakimiyyətinin yaratdığı xaos və çaşqınlığı, bu cəmiyyətin daxildən çürüməsini, milli mənafelərdən uzaq olduğunu özünün “Dəli yığıncağı”, “Ər”, “Yığıncaq” pyeslərində, “Bəlkə də qaytardılar” hekayəsində bütün reallıqları ilə, tənqidi surətdə təsvir etmişdir.
XX əsrin iyirminci illərinin ortalarından sonra dövri mətbuatda ara-sıra “Molla Nəsrəddin” jurnalını həyatla ayaqlaşa bilməməkdə təqsirləndirmişlər” (“Kommunist” qəzeti, 4 sentyabr 1925-ci il). Jurnal ənənəsinə sadiq qalaraq İran mövzusunda tənqidi-satirik materiallar dərc edirdi. Bunlar hakim dairələrdə ciddi narazılıqla qarşılanmış və qonşu dövlətlə münasibətləri korlamaq cəhdi kimi mənalandırılmışdır. İş elə xarakter almışdır ki, 26 aprel 1926-cı il tarixdə Azərbaycan K(b)P Rəyasət Heyəti ayrıca qərar qəbul edərək Ə.Qarayevə tapşırmışdır ki “redaktor ilə danışıb, jurnalın İran hökumətinə, xüsusilə Rza şaha qarşı tutduğu mövqeyi yumşaltsın” (Q.Məmmədli. Molla Nəsrəddin. (Salnamə). Bakı, “Gənclik”, 1984, s.449).
“Molla Nəsrəddin”in İrana münasibəti məsələsi təhrif olunaraq Moskvanın yuxarı dairələrinə çatdırılmış və SSRİ Xalq Xarici İşlər komissarı G.V.Çiçerin bunu “İranla dostluğumuzu pozmaq” cəhdi hesab etmişdir. Azərbaycan Respublikasının rəsmi dairələri bu mövzuda müzakirələr aparmış, R.Axundov “Molla Nəsrəddin” məcmuəsinə qarşı ittihamların əsassız olduğunu bildirmişdir. Lakin Azərbaycan K(b)P MK-nın 9 aprel 1929-cu il tarixli plenumunda jurnalın Allahsızlar İttifaqının orqanına çevrilməsi kimi ədalətsiz qərar həm “Molla Nəsrəddin”ə, həm də onun redaktoruna ağır mənəvi zərbə oldu. Bu qərardan sonra C.Məmmədquluzadə M.S.Ordubadiyə yazdığı məktubda jurnalın redaktorluğundan imtina etdiyini göstərmişdir. Bundan sonra jurnalda “Baş redaktor” sözlərini “Heyəti-təhririyyə”əvəz etmişdir. Həmin ilin noyabr ayında Ə.Vəliyev, Ə.Qarabağlı və N.Nəsirin “Kommunist” qəzetində C.Məmmədquluzadə və “Molla Nəsrəddin” haqqında tənqidi yazıları dərc olunmuşdur. “Allahsızlar İttifaqı”nın sədri İ.Dubinski jurnalı din əleyhinə mübarizədə qətiyyətsizlik göstərdiyinə görə ittihamlandırmışdır. C.Məmmədquluzadə 8 fevral 1930-cu il tarixdə Azərbaycan KP MK katibliyinə məktub yazaraq jurnalın “Allahsız” adlandırılmasının məqsədəuyğun olmadığını bildirmiş, jurnalın öz adı ilə nəşrinə icazə istəmişdir (Q.Məmmədli. Molla Nəsrəddin. (Salnamə). Bakı, “Gənclik”, 1984, s.499).
Azərbaycan SSR Baş Mətbuat İdarəsinin müvəkkili İ.Əliyevin Xalq Maarif Komissarlığının elm, incəsənət və ədəbiyyat bölməsinin rəhbəri İ.Bukilpana ünvanladığı “məlumat vərəqi”ndə C.Məmmədquluzadə və redaksiya əməkdaşları “siyasi cəhətdən geri qalmış, bisavad və siyasətlə maraqlanmayan adamlar” adlandırılmışlar. Ə.Əzimzadə isə “sinfi mübarizə və sosializm quruculuğu epoxasının obrazını verməyi bacarmayan istedadsız rəssam” kimi təqdim olunmuşdur. C.Məmmədquluzadənin Azərbaycan KP MK və Bakı komitəsinin mətbuat şöbəsinə göndərdiyi 481 saylı təqdimatdakı yeni proqram da jurnalı xilas edə bilməmişdir. Nəhayət, 1931-ci ilin yanvarında cəmi iki sayı çap edilən “Molla Nəsrəddin” jurnalı nəşrə başlamasının 26-cı ilində fəaliyyətini dayandırmışdır. Jurnalın Bakıda 363 sayı işıq üzü görmüşdür. Qoca “Molla Nəsrəddin” tarixi ənənəsinə sadiq qalaraq bu dövrdə cəmiyyətə, ictimai mühitə özünün tənqidi münasibətini mənalandırmaqda davam etdirmişdir. Sovet dövrü “Molla Nəsrəddin”i sosialist ideologiyası deyil, milli məfkurə uğrunda “öz redaktorunun orqanı” kimi mübarizə aparmışdır.
S.S.Axundov “Molla Nəsrəddin” Bakıda” (1921) adlı pyes yazmışdır. Pyesdə C.Məmmədquluzadənin Bakıya qayıtması və məsləkdaşları ilə birlikdə yeni cəmiyyət quruculuğunda iştirak etməyə başlamasından bəhs edilir. S.S.Axundov C.Məmmədquluzadənin İrandan Bakıya qayıdışını müsbət hadisə kimi qiymətləndirmişdir.
Ədəbiyyat:
Q.Məmmədli. Molla Nəsrəddin. (Salnamə). Bakı, “Gənclik”, 1984, 564 s.;
Azərbaycan KP-nin qurultayları, konfransları və MK plenumlarının qətnamə və qərarları. I c., Bakı, Azərnəşr, 1987, s. 492.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, “Azərnəşr”, 1997; Naxçıvan, “Əcəmi”, 2009.
akademik İsa Həbibbəyli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 261-263.