"Anaş Qurbağa"

"Anaş Qurbağa" - Antroponim. Heyvan adından istifadə yolu ilə yaranan gizli imza – zoonim.
Biblioqrafik göstəricilərdə "Anaş Qurbağa" Cabbar Əsgərzadənin (N.Ağayev), Cəlil Məmmədquluzadənin və Üzeyir Hacıbəylinin (Q.Məmmədli) gizli imzası kimi qeydə alınmışdır.
Şair, pedaqoq, publisist Cabbar Əsgər oğlu Əsgərzadə İrəvani (1885-1966) İrəvan şəhərində anadan olmuşdur. O, dövri mətbuatda "Anaş Qurbağa", "Qurbağa", "Lək-lək", "Məhkəmə pişiyi", "İrəvanlı", "Molla Haray", "Noxtalı", "Aciz", "Bağçaban" və s. gizli imza və təxəllüslərlə çıxış etmişdir. O, Mir Məhəmməd Mirfətullayev ilə birlikdə 1914-cü ildə İrəvanda "Molla Nəsrəddin"in təsirilə Azərbaycan dilində cəmi 12 sayı nəşr olunan ilk satirik "Lək-lək" jurnalının redaktoru və naşiri olmuşdur.
"Anaş Qurbağa" imzası "Molla Nəsrəddin" jurnalında az işlənib. Bu imza ilə ilk dəfə jurnalın 1907-ci ilin 2-ci sayında "İrəvandan" sərlövhəli kiçik həcmli məktub dərc edilib. 1909-cu ilin 39-cu sayına kimi həmin imzaya cəmi 18 dəfə mətnin sonunda və daxilində rast gəlinir. Onlardan ikisi (1908, №48, 49) redaksiya tərəfindən verilən elanda sadalanan müxbirlərin sırasındadır. 1909-cu ilin 9-cu sayındakı "Poçt qutusu"nda İrəvanda "Anaş Qurbağa"ya cavab verilir. 1907-ci ilin 7-ci sayında yazılmış baş məqalə – "İrəvan seminariyası və qazinin nitqi" belə bir qeydlə başlanır: "İrəvan müxbirimiz "Anaş Qurbağa" İrəvan qazisi Axund Molla Məhəmməd Bağır ağa da Qafqaz canişininə söylədiyi nitqin surətini göndərib idarəmizə ki, 7-ci nömrədə çap edək. Nitqin surəti: Məqalə "Molla Nəsrəddin" imzası ilə dərc olunmuş, üslubu və digər mətnindəki dəlillər onun C.Məmmədquluzadə tərəfindən yazıldığını təsdiq edir. Jurnalda "Anaş Qurbağa" imzası ilə "İrəvan", "İrəvandan" qeydi ilə dərc olunan digər məktub və xəbərlərdə oxucuya İrəvanda baş vermiş hadisələrin təfərrüatı çatdırılır. Uzun illərdən sonra – 1925-ci ildə (№9) jurnalda "Anaş Qurbağa" imzası ilə daha bir yazı dərc olunub ("Tapmaca"). Bu, Göyçaydan yazılan yeganə yazıdır.
Ədəbiyyat:
Q.Məmmədli, A.Əliyeva. İmzalar. Bakı, "Letterpress", 2015, 312 s.;
E.Qasımova, A.Əliyeva. İmzalar. Bakı, "Avropa", 2015, 198 s.;
E.Qasımova. Gizli imza və atribusiya. Bakı, "Avropa", 2017, 296 s.;
E.Qasımova. Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920). Bakı, "Avropa", 2019, 194 s.
filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 27