"Filankəs"

"Filankəs" - Antroponim (Gizli imza). 1906-cı ildə "Mozalan" imzası ilə "Filankəsə cavab"da "İrşad"ın 179-cu nömrəsində dərc olunan yazıya cavab verilir. 1907-ci il 6-cı nömrədə "Anaş qurbağa" imzası ilə "İrəvanda seçki" ("İdarəyə məktub") yazısında "Filankəs" imzası ilə "İrşad"da gedən seçki kağızları ilə bağlı yazılara münasibət bildirilib. 1917-ci ilin 11-ci nömrəsində "Poçta qutusu"nda Mərvdə "Filankəs" imzası ilə məqalə göndərənə: "Əgər haman mətləbi müxtəsər yazsaydın ola bilərdi ki, çap edək" – sözləri ilə cavab verilib. 18-ci nömrədə isə "Filankəs" imzası ilə "Demoğratlar" sərlövhəli yazı var. 1924-cü il "Elan" rubrikasında "Filankəs"in adından fala baxmaq duası dərc edilib. 1928-ci il 27-ci nömrədə "Lotu" başlıqlı yazıda Ağdam qəzası həmkarlar bürosunun sədri Şirəli Rəcəbovun əməllərindən söz açılır. 1929-cu il 19-cu nömrədə "Müsəlman komsomol" başlıqlı yazıda dini mövhumat və fanatizmin ifşası əks etdirilir.
Bu imza haqqında "İmzalar" kitabında yazılır: "Filankəs – Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli (hər yerdə)" (Q.Məmmədli, A.Əliyeva. İmzalar. Bakı, "Letterpress", 2015, s.61).
Ədəbiyyat:
Q.Məmmədli, A.Əliyeva. İmzalar. Bakı, "Letterpress", 2015, 312 s.;
E.Qasımova. Gizli imza və atribusiya. Bakı, "Avropa", 2017, 296 s.;
E.Qasımova. Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920). Bakı, "Avropa", 2019, 194 s.
filologiya üzrə fəlsəfə doktoru Gülnar Qasımlı
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 127