İsa Həbibbəyli


İsa Həbibbəyli İsa Əkbər oğlu Həbibbəyli (16.10.1949, Naxçıvan, Şərur, Danzik k.) - Ədəbiyyatşünas, filologiya elmləri doktoru (1996), professor (1997), Əməkdar elm xadimi (1999). AMEA-nın müxbir üzvü (2001), həqiqi üzvü (2003), AMEA-nın vitse-prezidenti (2013), AMEA-nın birinci vitse-prezidenti (2019), Naxçıvan MR Ali Məclisinin deputatı (1998-2005), AR Milli Məclisinin deputatı (2005-ci ildən), Milli Məclisin Elm və təhsil komitəsinin sədri (2015-2020), Toponimiya Komissiyasının sədri (2015-ci ildən), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru (2013-cü ildən).
İsa Həbibbəyli Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının (hazırda NDU) dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, Tələbə elmi cəmiyyətinin sədri, elmi işlər üzrə prorektor, 1996-2013-cü illərdə bu təhsil ocağının rektoru vəzifələrində çalışmışdır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə təhsil almış (1974-1978), "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda namizədlik (1980), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda doktorluq (1996)dissertasiyası müdafiə etmişdir. Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun müxbir üzvü (1999), Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının (2006), Beynəlxalq Çingiz Aytmatov Akademiyasının həqiqi üzvüdür (2018).

İ.Həbibbəyli ilk dəfə C.Məmmədquluzadənin "Ər", "Lənət" və "Oyunbazlar" adlı dram əsərlərini, 156 felyetonunu, 32 məqaləsini, 2 tərcüməsini, 14 şeirini aşkara çıxarmışdır. Həmin materiallar tam halda yazıçının 2009-cu ildə Naxçıvanda "Əcəmi" nəşriyyatında çapdan çıxmış "Seçilmiş əsərləri"nin ikinci cildində verilmişdir. İ.Həbibbəyli ədibin xarici ölkələrdə – İran, Fransa və Polşada yaşayan nəvə-nəticələrini axtarıb tapmış, onlarla əlaqələr yaratmışdır. Nəslin davamçıları ilə İranda və Fransada görüşən akademik İ.Həbibbəylinin dəvəti ilə yazıçının nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə 16-21 noyabr 2019-cu il tarixində Azərbaycanda olmuş, ədibin anadan olmasının 150 illik yubileyi tədbirlərində iştirak etmişlər. C.Məmmədquluzadənin əsərlərini müqəddimə ilə Rusiyada, Pakistanda, Misir Ərəb Respublikasında, Özbəkistanda, Macarıstanda, Bolqarıstanda, Litvada və Tacikistanda çap etdirmişdir. Ədibin Bakıda, Nehrəmdə və Baş Noraşendəki ev-muzeylərinin yaradılmasında yaxından iştirak etmişdir. Naxçıvan Dram Teatrında oynanılan "Çay dəstgahı", "Kişmiş oyunu", "Kamança" və Akademik Milli Dram Teatrında səhnələşdirilən "Ölülər" (2016) tamaşasının elmi məsləhətçisi olmuşdur.

İ.Həbibbəyli C.Məmmədquluzadənin "Əsərləri"nin 4 cildliyinin (2004) tərtibçisi, müqəddimə və şərhlərinin müəllifidir. İlk dəfə olaraq ədibin nəsil şəcərəsini, həyat və sənət yolunu əks etdirən albomu (Azərbaycan və rus dillərində) hazırlayıb çap etdirmişdir. NDU-da çalışdığı dövrdə C.Məmmədquluzadə irsinin və "Molla Nəsrəddin" jurnalının tədrisinə həsr olunmuş xüsusi kurslar təşkil etmişdir.

Akademik İ.Həbibbəyli "Molla Nəsrəddin" jurnalının latın qrafikası ilə çıxan 10 cildlik nəşrinin təşəbbüsçülərindən biridir və bu nəşrə müqəddimə yazmışdır. Mollanəsrəddinçilik təliminin mahiyyətinə dair ayrıca konsepsiya hazırlayıb nəşr etdirmişdir. İ.Həbibbəyli "Molla Nəsrəddin" ensiklopediyası"nın ideya müəllifi və rəhbəridir. M.S.Ordubadinin, E.Sultanovun, M.Şahtaxtlının, M.T.Sidqinin, M.C.Cəfərovun əsərlərini aşkara çıxarıb kitab halında nəşr etdirmişdir. Akademik İ.Həbibbəyli 14 monoqrafiyanın, 1 dərsliyin, 36 broşurun və tərtib kitabının, mindən çox elmi məqalənin müəllifidir. Tədqiqatlarında ədəbiyyat nəzəriyyəçiliyi və ədəbiyyat tarixçiliyi əsas yer tutur. Müqayisəli ədəbiyyatşünaslığa və folklorşünaslığa dair tədqiqatları da vardır.

İlk dəfə olaraq: Azərbaycan romantik şeirinin janr sistemini və fərdi üslub özünəməxsusluğunu; satiranın ədəbi növlərdən biri olduğunu və janrlarını müəyyən edib nəzəri cəhətdən əsaslandırmışdır; Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyasını və azərbaycançılıq konsepsiyasını işləyib hazırlamış, ədəbiyyat tarixinin inkişaf mərhələlərini müəyyənləşdirmiş, hər mərhələnin xüsusiyyətlərini şərh etmiş və əsas yaradıcılarını təqdim etmişdir. Ədəbi cərəyanlar üzrə sistemli nəzəri tədqiqatların müəllifidir. Ədəbiyyat tarixi üzrə əsasən XIX-XXI əsrlər Azərbaycan ədəbiyyatının tədqiqatçısıdır. Tədqiqatlarında C.Məmmədquluzadə və "Molla Nəsrəddin" ədəbi məktəbi xüsusi yer tutur. Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri üzrə bütün yazıçı və şairlərin həyatı və yaradıcılığına dair tədqiqatları vardır. "Kitabi-Dədə Qorqud"dan yazılı ədəbiyyat nümunəsi kimi bəhs etmiş, Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri adlandırmışdır.

Əsərləri Azərbaycan, türk, ingilis, rus, çin, fransız, alman, polyak, bolqar, ərəb, fars, urdu, özbək, türkmən, tacik dillərində çap olunmuşdur. Xarici ölkələrdə çıxmış elmi əsərləri 300-dən çoxdur. Hazırda 10 cildlik əsərləri külliyyatı çap olunur.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur (2013-cü ildən). İ.Həbibbəylinin səyləri ilə institutda Nizamişünaslıq, Azərbaycan mühacirət ədəbiyyatı, Ədəbi tənqid, Mətbuat tarixi və publisistika, Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələri, Azərbaycan-Asiya ədəbi əlaqələri və Uşaq ədəbiyyatı şöbələri, Füzulişünaslıq və Ədəbi cərəyanlar sektorları, habelə Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr, Nəşriyyat və proqnozlaşdırma köməkçi şöbələri yaradılmışdır. Anadan olmasının 70 illiyi ilə əlaqədar "Mən ruhumla Azərbaycana bağlıyam" adlı sənədli film çəkilmişdir.

Akademik İ.Həbibbəylinin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, "Şöhrət" (2007), "Şərəf" (2009) və "Birinci dərəcəli Vətənə xidmətə görə" (2019) ordenləri ilə təltif olunmuşdur.

İ.Həbibbəyli "AR Milli Məclisinin 100 illiyi", "AXC-nin 100 illiyi", "BDU-nun 100 illiyi", "Milli Ordunun və polisin 100 illiyi", "Mahmud Kaşğari", TÜRKSOY-un "Molla Pənah Vaqif", "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi", Qazaxıstan Milli Universitetinin "Əl Fərabi", Beynəlxalq Türk Akademiyasının qızıl və gümüş, Təbriz Universitetinin "M.Şəhriyar" medallarına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatı, Oksford Universitetinin "Elmdə ad" mükafatı və "Beynəlxalq Sokrat mükafatı" laureatıdır. Türkiyə Dil Qurumunun "Türk dünyasına xidmət" diplomu, Rusiya Elmlər Akademiyasının "Derjavin" mükafatı, həmçinin Naxçıvan MR Ali Məclisinin, AMEA-nın, Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Ədəbiyyat:

Akademik İsa Həbibbəyli (Biblioqrafiya). Tərtib edənlər Z.Əliyeva, A.Şükürov. B., 2019;
T.Kərimli. Şərqin qapısından dünyaya. B., "Çaşıoğlu", 2009;
V.Məmmədov. Böyük alim haqqında kiçik xatirələrim. B., "Elm və təhsil", 2009;
Y.Seyidov. Akademik İsa Həbibbəyli. Azərb. dilində. B., 2013; Rus və ingilis dillərində, B., "Elm və təhsil", 2017;
T.Əlişanoğlu. N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun 5 ili akademik İ.Həbibbəyli ilə. B., "Elm və təhsil", 2018;
A.Ülvi, Y.Qasım. Ustad (Akademik İsa Həbibbəyli–70). Daşkənd, "Mümtaz söz", 2019;
"Türk ədəbiyyatı" jurnalı. Xüsusi buraxılış (Akademik İsa Həbibbəyli–70). Türkiyə, İstanbul, 2019.
G.Pənah. Fundamental elmi baxış və konseptual yanaşma. B., "Elm və təhsil", 2020;
S.Əhmədli. İsa Həbibbəyli: milli ideologiya – azərbaycançılıq. B., "Gənclik", 2020;
Ə.Əsgərli. Elmin böyük qurucusu. B., "Elm və təhsil", 2020.


Əsərləri:

Romantik lirikanın imkanları. B., "Yazıçı", 1984;
Ədəbiyyat nəzəriyyəsi. B., ADPİ, 1985;
Cəlil Məmmədquluzadə (albom). B., "İşıq", 1987;
Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. B., Azərnəşr, 1997; N., "Əcəmi", 2009;
Xalq şairi Məmməd Araz. B., "Azərbaycan", 1999; Ustad M.Şəhriyar. B., "Elm", 1999;
Oskar Şmerlinq. N., 2002;
XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. B., "Nurlan", 2004;
Ədəbiyyat (XI sinif). B., 2006; 2008; 2014; 2018;
Ədəbi-tarixi yaddaş və müasirlik. B., "Nurlan", 2007;
Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr. N., 2013;
Akademik Səməd Vurğun Vəkilov. B., "Elm", 2015;
Nuhçıxandan – Naxçıvana. B., "Elm və təhsil", 2015;
Ədəbi şəxsiyyət və zaman. B., "Elm və təhsil", 2017;
Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri. B., "Elm", 2019;
Литература, время, современность. М., "Художественная литература", 2020;
"Kitabi-Dədə Qorqud": "yazılı" epos və ya epopeya. B., "Elm", 2020.


filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 175-177

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə