Əliheydər Hüseynov
Əliheydər Seyfulla oğlu Hüseynov (25.10.1917, Bakı – 05.05.1989, Bakı) - Mətnşünas.
Əliheydər Hüseynov 1917-ci il oktyabrın 25-də Bakıda anadan olmuşdur. O, 1939-cu ildə Leninqrad Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuşdur. Böyük Vətən Müharibəsi illərində Qızıl Ordu sıralarında şimali-şərq, Leninqrad, Volxov, I Ukrayna cəbhələrində, Almaniya və Polşada sıravi əsgər və zabit kimi döyüşmüşdür.
1949-cu ildə ali təhsilini başa vuran Ə.Hüseynov Azərbaycan EA Ədəbiyyat İnstitutunda kiçik elmi işçi və 1951-1952-ci illərdə Azərbaycan KP MK-nın bədii ədəbiyyat və incəsənət şöbəsində təlimatçı vəzifəsində çalışmışdır. O, 1955-ci ildə Moskvada Sovet İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasının aspiranturasını bitirərək "Azərbaycan sovet poeziyasının inkişaf yolu (1920-1940)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1955-1957-ci illərdə Azərbaycan Nazirlər Soveti yanında Dövlət Sirlərini Mühafizə İdarəsində rəis, 1957-1958-ci illərdə isə Azərbaycan KP MK-nın Təbliğat və təşviqat şöbəsinin müdir müavini olmuşdur. 1958-ci ildən taleyini Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna bağlayan Ə.Hüseynov ömrünün sonuna kimi mətnşünaslıq şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır.
Ə.Hüseynov klassiklərimizin əsərlərinin tekstoloji-filoloji tədqiqi və nəşri sahəsində xüsusi xidməti olan görkəmli mətnşünas alimlərdəndir. Elmi fəaliyyətində Azərbaycan poeziyasının, xüsusilə Xalq şairi S.Vurğunun əsərlərinin tədqiqi və nəşrinə mühüm yer ayıran alim şairin "Əsərləri"nin altıcildlik nəşrinin tərtibçisi olmuşdur. Onun 1977-ci ildə bircildlik "Seçilmiş əsərləri"nin Leninqradda, 1978-1979-cu illərdə isə üçcildlik külliyyatının Moskvada nəşri sahəsində gərgin səmərəli işi diqqətə layiqdir. Ömrünün son illərində S.Vurğunun yeddicildlik "Əsərləri" üzərində işləmiş və nəşrə təqdim etmişdir.
Ə.Hüseynov romantik sənətkar M.Hadinin, habelə, B.Seyidzadə və digər şairlərin irsinin toplanıb nəşr olunmasına da xeyli əmək sərf etmişdir. O, "Molla Nəsrəddin" jurnalının təkrar nəşrini çapa hazırlayan alimlər qrupuna daxil idi. Jurnalın 1911, 1923, 1925, 1927-1928-ci illərinin mətnini (IV, V, VI, VII cildlər) ərəb əlifbasından transfoneliterasiya etmişdir. Ömrünün son günlərində S.Mənsurun "Əsərləri"ni nəşrə təqdim etmiş, "Azərbaycan sovet şeirinin ilk addımları (1920-1940)" adlı müntəxəbat üzərində işləmişdir.
Ə.Hüseynov xidmətlərinə görə "Qırmızı Ulduz" və "I Dərəcəli Vətən Müharibəsi" ordenləri, "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" və başqa medallarla təltif edilmişdir. O, 1989-cu ildə vəfat etmişdir.
Ədəbiyyat:
Əliheydər Hüseynov-100. Bakı, "Nafta Press", 2017, 126 s.
filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 99-100