Tədqiq tarixi
"Molla Nəsrəddin"in tədqiqinə hələ XX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə F.Köçərli, N.Nərimanov, Ü.Hacıbəyov, H.Minasazov, R.Məlikov və digər müəlliflərin mətbuat səhifələrindəki məqalələrində və həmin dövrdən sonra, sovet hakimiyyətinin ilk onilliklərində Ə.Nəzmi, M.Ələkbərli, Ə.Şərif və başqalarının əsərlərində "Molla Nəsrəddin" jurnalı tədqiq olunmuşdur. Bu əsərlərin ən yaxşı nümunələrində "Molla Nəsrəddin"in ədəbi-tarixi aspektdə öyrənilməsi cəhdlərinə rast gəlirik. "Molla Nəsrəddin" jurnalının intensiv surətdə öyrənilməsi XX əsrin 30-cu illərindən sonrakı dövrə təsadüf edir. Jurnalın tədqiqat tarixini bir neçə dövrə ayırmaq olar. İlk dövr 1930-1940-ci illəri əhatə edir ki, bu dövrdəki tədqiqatlar, əsasən, siyasi-ideoloji xarakter daşıyır. Belə tədqiqatlardan Ə.Abidin "Molla Nəsrəddin" məcmuəsi və çar senzurası" (İnqilab və mədəniyyət, 1936, №4-5, s.29-32), Ə.Cəfərzadənin "Molla Nəsrəddin" jurnalı beynəlxalq irtica əleyhinə mübarizədə" ("İnqilab və mədəniyyət" jurnalı, 1951, №8, s. 137-144), N.Axundovun "Birinci rus inqilabı və "Molla Nəsrəddin" (Kirovabad Pedaqoji İnstitutunun Əsərləri, 1955, №2, s.15-54), "Molla Nəsrəddin" və Asiyanın oyanması" (Kirovabad Pedaqoji İnstitutunun Əsərləri, 1955, №3, s.73-102), N.Bağırovun "Molla Nəsrəddin" jurnalında fəhlə hərəkatı məsələləri" (ADU-nun Elmi Əsərləri, 1966, №4, s.32-40), M.Qasımovun "Birinci rus inqilabı və onun ideyalarının "Molla Nəsrəddin" jurnalında inikası" (EA-nın Tarix və Fəlsəfə İnstitutunun Əsərləri, 1955, X cild, s.266-300), "Molla Nəsrəddin" məcmuəsinin İran və Cənubi Azərbaycan inqilabi hərəkatına münasibəti" (ADU-nun Elmi Əsərləri 1969, 11-ci buraxılış, s.65-69), Ə.Məmmədovun "Molla Nəsrəddin" jurnalının dini mövhumatla mübarizəsi" ("Azərbaycan dili və ədəbiyyatın tədrisi" 1959, 1-ci buraxılış, s.15-28), Y.Ələkbərovun "Molla Nəsrəddin" jurnalında dövlət və hüquq məsələləri" ("Azərbaycan" jurnalı, 1961, №12, s.201-205), İ.Talıbzadənin "Molla Nəsrəddin" jurnalında Azərbaycan kəndi" ("Azərbaycan" jurnalı, 1966, №11, s.181-184).
Ə.Mirəhmədovun 1948-ci ildə yazdığı "Molla Nəsrəddin"in nəşri tarixindən" məqaləsi (Ədəbiyyat İnstitutunun Əsərləri, 1948, III cild, s.48-50) bu satirik mətbuat orqanının araşdırılmasında mühüm yer tutur. Bu illərdə "Molla Nəsrəddin" jurnalının tədqiq tarixinin öyrənilməsində Nazim Axundovun xidmətlərini xüsusi qeyd etmək olar. Onun "Molla Nəsrəddin" jurnalının tarixinə və nəşrinə dair bir sıra tədqiqat əsərləri mövcuddur ki, onlardan aşağıdakıları göstərmək olar: "Molla Nəsrəddin" jurnalının tarixinə dair tədqiqlər (Kirovabad Pedaqoji İnstitutunun Əsərləri. 1954, №1, s.3-37); "Molla Nəsrəddin" Azərbaycanda Sovet hakimiyyəti illərində" ("Azərbaycan" jurnalı, 1956, №4, s.138-146). 1959-cu ildə N.Axundov "Molla Nəsrəddin" jurnalının nəşri tarixi" tədqiqat işini kitab şəklində nəşr etdirmişdir. O, 1968-ci ildə Azərbaycan EA-nın nəşriyyatı tərəfindən çap olunmuş "Azərbaycan satira jurnalları (1906-1920-ci illər)" adlı sanballı monoqrafiyasında da "Molla Nəsrəddin" jurnalına geniş yer ayırmışdır.
Ayrı-ayrı şəxslərin "Molla Nəsrəddin" jurnalı ilə əlaqələri tədqiqatçıların diqqət mərkəzində olmuşdur. K.Talıbzadənin "M.S.Ordubadinin "Molla Nəsrəddin" jurnalında çap edilmiş əsərləri haqqında (1906-1907)" (Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, 1954, VI cild, s.93-101); Ə.Şərifin "Sabir və "Molla Nəsrəddin" (M.Ə.Sabir: Məqalələr məcmuəsi. Bakı, Azərnəşr, 1962, s.69-92); Q.Məmmədlinin "Molla Nəsrəddin" və Tukay" ("Azərbaycan" jurnalı, 1964, №2), H.Əfəndiyevin "Haqverdiyev və "Molla Nəsrəddin" ("Azərbaycan" jurnalı, 1964, №8, s.189-195), Ə.Ruhinin "Molla Nəsrəddin və "Toxmaq" jurnalı" ("Azərbaycan", 1966, №12. s.136-139), Y.Şirvanın "Molla Nəsrəddin" və Ü.Hacıbəyov" (ADU-nun Əsərləri, 1966, №4, s.10-19), Ə.Məftunun "M.S.Ordubadi və "Molla Nəsrəddin" məcmuəsi" (ADU-nun Elmi Əsərləri, 1966, №4, s.41-55); İ.Bəktaşinin "Firidun bəy Köçərli və "Molla Nəsrəddin" (ADU-nun Elmi Əsərləri, 1968, №3, s.45-56); Ə.Mirəhmədovun "Abdulla Şaiqin mollanəsrəddinçilərlə ideya-yaradıcılıq əlaqəsi" (EA-nın Xəbərləri, 1971, №3-4, s.3-10); İ.Həbibbəylinin "Mübariz "Molla Nəsrəddin"çi: Əliquli Qəmküsar. (EA-nın Xəbərləri, 1981, №1. s.13-14); A.Rüstəmlinin "Görkəmli mollanəsrəddinçi" ("Azərbaycan dili və ədəbiyyatı tədrisi", 1986, №1, s.50-54) və "Özgə imzalar: "Molla Nəsrəddin" ədəbi məktəbinin nümayəndələrindən B.Abbaszadə haqqında" ("Azərbaycan" jurnalı, 1989, №9, s.176-180) və s. "Molla Nəsrəddin" jurnalının tədqiqinə həsr olunmuşdur.
Tədqiqatçılar "Molla Nəsrəddin" jurnalının Azərbaycan dilinin saflığı, təmizliyi uğrundakı mübarizəsi məsələlərindən də kənarda qalmamışlar. Azərbaycanın görkəmli dilçi alimləri öz elmi əsərlərində bu məsələyə geniş yer ayırmışlar. Belə yazılardan, əsasən, aşağıdakıları göstərmək olar: E.Əlibəyzadə "Molla Nəsrəddin" jurnalının birinci nömrəsində dil məsələsi" (Ədəbiyyat məcmuəsi, Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, Bakı, 1954, s.93-101), A.S.Cahangirov "Azərbaycan ədəbi dilinin təmizliyi uğrunda "Molla Nəsrəddin" jurnalının rolu haqqında: Bəzi qeydlər" (EA-nın Xəbərləri, 1956, №9, s.63-68), Q.Kazımov "Molla Nəsrəddin" jurnalının sovet dövrü felyetonlarının ictimai-siyasi leksikası və frazeologiyası" (ADU-nun Elmi Əsərləri, 1971, №6, s.69-79).
"Molla Nəsrəddin" jurnalının tədqiqatçıları onun rəsmlərini də tədqiqatlarından kənarda qoymamışlar. Belə tədqiqat əsərlərindən T.Həsənzadə "Molla Nəsrəddin"in karikaturaları (Bakı, Azərnəşr, 1966, 70 s.); H.İsrafilov, M.Nəcəfovun "Molla Nəsrəddin" jurnalının rəssamları" ("Azərbaycan" jurnalı, 1967, №5, s.114-123); İ.Ağayev "Molla Nəsrəddin" jurnalının mətnlərlə rəsmlərinin əlaqəsi" (ADU-nun Elmi Əsərləri, 1972, №2, s.48-54); M.Nəcəfov "Əzim Əzimzadə: həyat və yaradıcılığı" (Bakı, Azərnəşr, 1973, 208 s); "Molla Nəsrəddin" ədəbi məktəbi və satirik qrafika" (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri". Bakı, "Elm", 1989, 3-cü kitab, s.53-69); İ.Həbibbəyli "Alman rəssamları "Molla Nəsrəddin"də" (Fikir, 2001, №2, s.24-31); İ.Həbibbəyli "Mollanəsrəddinçi karikatura ustası Oskar Şmerlinq" (Naxçıvan, "Gəmiqaya", 2002); B.Hacızadə "Azərbaycanın karikaturaçı rəssamları" (Bakı, "Çaşıoğlu", 2005, 120 s.).
"Molla Nəsrəddin" jurnalındakı sənətkarlıq məsələlərinin öyrənilməsində İslam Ağayevin xüsusi xidmətləri vardır. Onun "Molla Nəsrəddin" jurnalında publisistika" (ADU-nun Elmi Əsərləri, 1974, №3-4, s.75-81), "Molla Nəsrəddin" jurnalında publisistikanın analitik janrları" (ADU-nun Elmi Əsərləri, 1977, №4, s.40-48), "Molla Nəsrəddin" jurnalında jurnalında şeir" (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri, Bakı, "Elm", 1979, s.97-125), "Molla Nəsrəddin"in poetikası" (Bakı, "Elm", 1985, 165 s.) kimi elmi tədqiqatları jurnalın sənətkarlıq məsələlərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
"Molla Nəsrəddin" jurnalındakı yazılar gizli imzalarla dərc olunurdu. Həmin imzaların əsl müəlliflərini aşkarlamağın böyük əhəmiyyəti vardır. Bu sahədə Elmira Qasımovanın aşağıdakı məqalələrinin böyük əhəmiyyəti olmuşdur: "Cəlil Məmmədquluzadənin "Dəli" imzası haqqında" (EA-nın Xəbərləri, 1978, №3, s.28-31), "Cəlil Məmmədquluzadənin "Lağlağı" imzası haqqında" (Azərbaycan mətnşünaslığı məsələləri. Bakı, "Elm", 1979, s.58-62), "Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalında "Mozalan "imzası haqqında" (EA-nın Xəbərləri, 1980, №3, s.33-38), "İmzalar "Molla Nəsrəddin"(1906-1931)" (A.Əliyeva ilə birlikdə, Bakı, 2015, 196 s.), "Gizli imza və atribusiya" (Bakı, "Avropa", 2017), "Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)" . (Bakı, "Avropa", 2019).
Ə.Mirəhmədov, Ə.Şərif, İ.Həbibbəyli, N.Axundov, İ.Ağayev, T.Həsənzadə, M.Qasımov, Q.Məmmədli, M.Məmmədov, E.Qasımova, İ.Cəfərli, R.Qasımov, G.Babayeva, S.Vahabova "Molla Nəsrəddin" jurnalının əsas tədqiqatçılarındandır.
Akademik İ.Həbibbəylinin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" monoqrafiyası, habelə "Molla Nəsrəddin" ədəbi məktəbi və mollanəsrəddinçilik", "Molla Nəsrəddin" və füyuzatçılar", "Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilik" məqalələri Azərbaycan mollanəsrəddinşünaslığının qiymətli elmi səhifələridir.
Azərbaycan ictimai-sosial həyatının elə bir sahəsi yoxdur ki, "Molla Nəsrəddin" jurnalı onunla əlaqədar olaraq tədqiq edilib öyrənilməsin.
Ədəbiyyat
Azərbaycan Sovet ədəbiyyatşünaslığı.1920-1975. Biblioqrafiya. (Tərtib edənlər: N.Axundov, O.Bayramova, R.Tağıyev, V.Feyzullayeva). Bakı, "Elm", 1983, 940 s.;
"İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə. Biblioqrafiya. Bakı, "Elm", 2005, 160 s.;
Molla Nəsrəddin" jurnalının tədqiqi. Biblioqrafik göstərici. (Tərtibçilər: A.Əliyeva-Kəngərli və Z.Naibova). Bakı, "Elm", 2008, 188 s.;
Cəlil Məmmədquluzadə. Biblioqrafiya. (Tərtib edənlər: M.Vəliyeva, L.Şirinova, H.Manafova). Bakı, 2019, 760 s.
Rauf Sadıxov
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 296-298.