Firudin Hüseynov
Firudin Cəlil oğlu Hüseynov (15.11.1933, Naxçıvan, Şahbuz, Nurs k. – 31.08.1986, Bakı) - Görkəmli ədəbiyyatşünas, tənqidçi, AYB-nin üzvü, filologiya elmləri doktoru, professor.
Firudin Hüseynov 1933-cü il noyabrın 15-də Naxçıvan MR Şahbuz rayonunun Nurs kəndində anadan olmuşdur. C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Dil-ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1954). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxumuş (1954-1959), buranı bitirdikdən sonra aspiranturada saxlanılmışdır. O, universitetdə filologiya fakültəsinin müəllimliyinə qədər şərəfli bir yol keçmişdir.
F.Hüseynov mollanəsrəddinçi şair "Əli Nəzminin yaradıcılığı" mövzusunda namizədlik (1964), "Cəlil Məmmədquluzadənin nəsrində əsas problemlər" mövzusunda isə doktorluq (1973) dissertasiyası müdafiə etmişdir.
F.Hüseynov elmi yaradıcılığa 1960-cı illərdən başlamış, 7 dərslik və monoqrafiyanın, 200-dən çox elmi, publisistik məqalənin müəllifidir. Onun elmi-tənqidi yaradıcılığında "Molla Nəsrəddin" jurnalı və bu ədəbi məktəbin nümayəndələri əsas yer tutur. Professor F.Hüseynovun "XX əsr Azərbaycan ədəbiyyatı" (1969, M.C.Paşayev ilə birlikdə), "Əli Nəzmi" (1970), "Adi əhvalatlarda böyük həqiqətlər" (1977), "Satirik gülüşün qüdrəti" (1982), "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" (1986) və s. əsərləri ədəbiyyatşünaslığımızın dəyərli elmi qaynaqlarıdır.
Mollanəsrəddinçi ədəbiyyatşünas F.Hüseynov C.Məmmədquluzadənin həyat və yaradıcılığının əsas tədqiqatçılarından biri kimi qəbul olunur. Onun "Adi əhvalatlarda böyük həqiqətlər" monoqrafiyası C.Məmmədquluzadənin nəsr yaradıcılığından bəhs edən mühüm elmi mənbələrdən biridir. "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" monoqrafiyasında C.Məmmədquluzadənin başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbini təmsil edən yazıçı və şairlərin geniş elmi portreti yaradılmışdır. Ə.Nəzmiyə həsr edilmiş kitabı bu tanınmış mollanəsrəddinçi şair haqqında əsas elmi məxəzdir.
Alimin tədqiqatlarının ana xəttini "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilərin həyat və yaradıcılığının araşdırılması təşkil edir. "Əli Nəzmi" monoqrafiyasında mollanəsrəddinçi şairin yaradıcılıq yoluna nəzər salınır, satiralarının özünəməxsusluğu, ideya və məzmun zənginliyi əsas tədqiqat predmetinə çevrilir. Bununla yanaşı, şairin ədəbi fəaliyyətinin genişlənməsində və təkamülündə "Molla Nəsrəddin" jurnalının müstəsna rolu diqqət mərkəzində saxlanılır. "Adi əhvalatlarda böyük həqiqətlər" monoqrafiyasında böyük realist yazıçı C.Məmmədquluzadə nəsrinin ideya-bədii məziyyətlərindən, ədibin nəsr yaradıcılığının başlıca problemlərindən bəhs edilir. "Satirik gülüşün qüdrəti" monoqrafiyasında isə XX əsr Azərbaycan bədii gülüşünün yaradıcılarının ədəbi fəaliyyətinə nəzər salınır, satirik gülüşün janrları, poetikası və çeşidli xüsusiyyətlərindən söhbət açılır. Bununla bərabər, tədqiqatda satirik şeirimizin Təbriz nəşrləri, realist bədii nəsrimizin mübahisəli problemləri də diqqət mərkəzində saxlanılır.
F.Hüseynov "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" monoqrafiyasında jurnalı ədəbiyyatşünaslıq baxımından araşdırır, bu mətbuat orqanının ədəbi xəttini, digər satirik qəzet və jurnallara təsirini, dövrün ictimai-siyasi və ədəbi-mədəni hadisələrinə bağlılığını əsas tədqiqat predmetinə çevirir. "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndələrinin – C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Qəmküsar, M.Ə.Möcüz, Ö.F.Nemanzadə, B.Abbaszadə, Ə.Razi kimi mollanəsrəddinçilərin satira yaradıcılığına xüsusi diqqət yetirərək onların tarixi xidmətlərini, ədəbiyyat və mətbuat tariximizdəki mövqeyini müəyyənləşdirir. F.Hüseynov bir sıra mollanəsrəddinçilərin əsərlərinin toplanması, nəşri və tədqiqi istiqamətində də səmərəli fəaliyyət göstərmişdir.
F.Hüseynov 1986-cı il avqust ayının 31-də Bakıda vəfat etmişdir.
Ədəbiyyat:
F.Hüseynov. Adi əhvalatlarda böyük həqiqətlər. Bakı, "Gənclik", 1977, 184 s.;
F.Hüseynov. "Molla Nəsrəddin" və mollanəsrəddinçilər. Bakı, "Yazıçı", 1986, 279 s.;
Dünyadan nə gözəl bir insan getdi. (Redaktor: Q.Namazov, tərtib edən: J.F.Hüseynova). Bakı, "Çaşıoğlu", 2003, 208 s.;
T.Əhmədov. Azərbaycan yazıçıları XX-XXI yüzillikdə. Bakı, "Nurlar", 2011, 1056 s.
filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 129-130