Turan Həsənzadə


Turan Mirzə Vahab oğlu Həsənzadə (1926, Ordubad, Əylis k. – 2008, Bakı) - Mətnşünas-ədəbiyyatşünas. Filologiya üzrə fəlsəfə doktoru (1972).
Turan Həsənzadə 1950-ci ildə ADU-nun (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir. 1961-ci ildən ömrünün sonuna kimi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Mətnşünaslıq" şöbəsində çalışmışdır. "Molla Nəsrəddin" jurnalının tədqiqi, C.Məmmədquluzadə "Əsərləri"nin tərtibi ilə məşğul olmuşdur. "Molla Nəsrəddin" jurnalında İran və Cənubi Azərbaycan həyatının inikası (1906-1921)" mövzusunda fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. "Cəlil Məmmədquluzadənin cənub səfəri və "Molla Nəsrəddin" jurnalının Təbrizdə nəşri" (1991) monoqrafiyasının və "Molla Nəsrəddin" jurnalı haqqında bir sıra elmi məqalələrin müəllifidir. C.Məmmədquluzadənin üçcildlik (1966-1967) və altıcildlik (1983-1985) "Əsərləri"nin tərtibində və nəşrində iştirak etmişdir.

T.Həsənzadənin "Molla Nəsrəddin" jurnalı ilə bağlı aşağıdakı tədqiqatları vardır: "Molla Nəsrəddin"in karikaturaları" (H.İsrafilovla birlikdə. Bakı, Azərnəşr, 1966), "Cəlil Məmmədquluzadənin Cənub səfəri və "Molla Nəsrəddin" jurnalının Təbrizdə nəşri" (Bakı, "Elm", 1991), "Molla Nəsrəddin" Təbrizdə" (ADU Elmi Əsərləri), Jurnalistika seriyası (1971, №3, s.52-59), "Molla Nəsrəddin"də imperializmə qarşı mübarizə mövzusu (1906-1917-ci illər)" (EA-nın Xəbərləri. 1972, №3, s.9-15 ) və s.

Ədəbiyyat:

T.Həsənzadə.Cəlil Məmmədquluzadənin cənub səfəri və "Molla Nəsrəddin" jurnalının Təbrizdə nəşri. Bakı, "Elm", 1991, 84 s.;
Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı, "Şərq-Qərb", 2008, 320 s.


filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxov
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 397

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə