Əziz Mirəhmədov


Əziz Mirəhmədov Əzizağa Mirfeyzulla oğlu Mirəhmədov (11.02.1920, Bakı – 30.08.2002, Bakı) - Görkəmli ədəbiyyatşünas alim, tənqidçi, mətnşünas, kitabşünas, mətbuat tarixçisi. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), filologiya üzrə elmlər doktoru (1976), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Əməkdar elm xadimi (1982). Əziz Mirəhmədov 1939-cu ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra Bakının müxtəlif orta məktəblərində müəllim işləmiş, 1942-ci ilin yazında Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutuna laborant kimi işə qəbul olunmuş, ömrünü kiçik fasilələrlə bu elmi-tədqiqat müəssisəsi ilə bağlamışdır. 1964-cü ildən İnstitutun mətnşünaslıq şöbəsinin müdiri olmuşdur. O, 1980-1981-ci illərdə İnstitutun direktor müavini, 1981-1985-ci illərdə isə direktoru kimi fəaliyyət göstərmişdir.
O, 1943-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Azərbaycan ədəbiyyatı kafedrasına aspirant və eyni zamanda baş müəllim, 1949-1951-ci illərdə Azərnəşrin baş redaktoru, 1959-1960-cı illərdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, 1960-1963-cü illərdə Azərbaycan KP MK-nın Təbliğat və Təşviqat şöbəsi müdirinin müavini, 1963-1964-cü illərdə İdeologiya şöbəsi müdirinin birinci müavini vəzifələrində işləmişdir.

1955-ci ildə Ə.Mirəhmədov filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün "Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmişdir. "Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan dövri mətbuatı məsələləri" mövzusunda filologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün 1973-cü ildə dissertasiya müdafiə etmiş və həmin tədqiqat əsəri əsasında 1980-cı ildə "Azərbaycan Molla Nəsrəddini" adlı sanballı kitabı nəşr olunmuşdur.

Ə.Mirəhmədovun elmi fəaliyyətində "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilərin yaradıcılıqlarının öyrənilməsi mühüm yer tutur. Təsadüfi deyildir ki, onun ilk böyük tədqiqat işi (Məhəmməd Hadi yaradıcılığından sonra) "Molla Nəsrəddin" məktəbinin görkəmli nümayəndəsi M.Ə.Sabirin yaradıcılığına həsr edilmişdir. Üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin II cildində "Mətbuat" bölməsinin müəllifi kimi XX əsrin əvvəllərində nəşr olunan mətbuatın xülasəsini verərkən, "Molla Nəsrəddin" jurnalının tutduğu mövqeyə xüsusi diqqət yetirmiş və jurnalın fəaliyyətini geniş işıqlandırmışdır. Məhsuldar fəaliyyət göstərən Ə.Mirəhmədov 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Onun "Mirzə Fətəli Axundov" (1953), "Abdulla Şaiq" (1956), "Sabir" (1958), "Məhəmməd Hadi" (1962 və 1981), "Azərbaycan Molla Nəsrəddini"(1980), "Satirik gülüşün qüdrəti" (1981), "Ağlar güləyən" (1989) monoqrafiyaları, "XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair", "Zakir və XIX əsr Azərbaycan satirası", "XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm" və s. sanballı məqalələri ədəbiyyatımızın tarixinin öyrənilməsində ən etibarlı mənbələrdəndir. Hələ 40-cı illərdə gənc tədqiqatçı iki cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin (1943-1944) hazırlanmasında yaxından iştirak edərək ilkin təcrübə qazanmış, sonrakı illərdə isə püxtələşmiş alim kimi üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin (1958-1960) əsas müəlliflərindən biri olmuşdur. O, nəşri planlaşdırılmış yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin də aparıcı müəlliflərindən biri idi. Yorulmaz tədqiqatçının böyük zəhməti bahasına müxtəlif illərdə Cəlil Məmmədquluzadənin əsərlərinin ikicildliyi (1951-1954), üçcildliyi (1966-1967) və altıcildliyi (1981-1985) çapa hazırlanmış, onun müqəddimə, izah və şərhləri ilə nəşr edilmişdir. "Molla Nəsrəddin" çar senzurası qarşısında", "Abdulla Şaiqin mollanəsrəddinçilərlə ideya-yaradıcılıq əlaqəsi" və s. məqalələri vardır. Ə.Mirəhmədovun rəhbərliyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Mətnşünaslıq" şöbəsində "Molla Nəsrəddin" jurnalının latın əlifbasında yenidən nəşri hazırlanmışdır.

Ə.Mirəhmədovun bir çox elmi kadrın hazırlanmasında və "Molla Nəsrəddin" jurnalının tədqiqi ilə bağlı mövzuların onlar tərəfindən işlənməsində də xüsusi rolu olmuşdur. Ə.Mirəhmədovun "Molla Nəsrəddin" jurnalı ilə bağlı aşağıdakı məqalələri vardır: "Molla Nəsrəddin" çar məhkəmələri qarşısında. Yazıçılar, talelər, əsərlər (Bakı, Azərnəşr, 1978, s.52-62); Azərbaycan mənəvi mədəniyyətinin böyük abidəsi: "Molla Nəsrəddin" jurnalının faksimile nəşrinə ön söz. Bakı, "Elm", 1988, s.4-16; "Molla Nəsrəddin"in nəşri tarixindən. Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, Bakı, 1948, III cild, s.52-54; "Molla Nəsrəddin" jurnalının yayılması və təsiri haqqında. EA-nın Xəbərləri, 1958, №1, s.65-76; Abdulla Şaiqin mollanəsrəddinçilərlə ideya yaradıcılıq əlaqəsi. EA-nın Xəbərləri, 1971, №3, s.3-10. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 fevral 2020-ci il tarixli sərəncamı ilə Əziz Mirəhmədovun anadan olmasının 100 illiyi qeyd edilmişdir.

Ədəbiyyat:

Ə.Mirəhmədov. "Molla Nəsrəddin"in nəşri tarixindən. Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, Bakı, 1948, III cild, s. 52-54.;
Ə.Mirəhmədov. Azərbaycan Molla Nəsrəddini. Bakı, "Yazıçı", 1980, 430 s.;
Z.Əsgərli. Əziz Mirəhmədov. Bakı, "Elm", 2000, 110 s.;
Cəlil Məmməquluzadə ensiklopediyası. Bakı, "Şərq-Qərb", 2008, 320 s.


filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxov
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 114-115

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə