Teymur Kərimli
Teymur Həşim oğlu Kərimli (1953, Ordubad, Nürgüd k.) - Mətnşünas-ədəbiyyatşünas. Filologiya üzrə elmlər doktoru (2004), AMEA-nın həqiqi üzvü (2014)
Akademik Teymur Kərimli "Molla Nəsrəddin" və "Füyuzat" jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru, "Molla Nəsrəddin ensiklopediyası"nın Redaksiya Heyətinin üzvü olmuşdur.
1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Kəlbəcər rayonunda orta məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə "Nizamidə tarixin romantik qavrayışı ("Yeddi gözəl" poeması üzrə)" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə "Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir.
2010-cu ildə "Heydər Əliyev və klassik ədəbiyyat" araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur.
Teymur Kərimli otuz ildən artıq AMEA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərmişdir. Uzun illər İnstitutun "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsinə rəhbərlik etmişdir. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində (2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı) çalışmışdır.
1990-2000-ci illərdə "Elm" nəşriyyatının baş redaktoru işləyən Teymur Kərimli bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik "Azərbaycan Ədəbiyyatı tarixi"nin bəzi cildlərinin məsul redaktoru olmuşdur.
Müxtəlif illərdə Böyük Britaniya, Türkiyə, İtaliya, İran, İraq, Suriya, Macarıstan, Bolqarıstan, Hindistan, Fransa, Litva, Monteneqro, Rusiya və digər MDB ölkələrində keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.
Teymur Kərimli "Heydər Əliyev və klassik irs", "Nizami və tarix", "Görünməyən Füzuli", "Çağdaşımız Nəsimi", "Gözəllərin axıra qalmışı", "Şərqin qapısından dünyaya", "Hicran ömrü", "Şuşanamə" kitablarının, ümumtəhsil məktəblərinin X sinifləri üçün "Ədəbiyyat" dərsliyinin və 200-dən artıq elmi məqalənin müəllifidir.
Tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır. O, Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli söz ustalarının yaradıcılığını araşdırmışdır.
Akademik Teymur Kərimli 2014-2019-cu illər ərzində AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır.
2014-cü ildən hazırki dövrədək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışır.
Ədəbiyyat:
İ.Həbibbəyli. Məğrurluq və mövqe şeirləri. 525-ci qəzet.- 2022.- 4 iyun.- S.16-17.
P.Əlioğlu. Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı, nizamişünas, füzulişünas alimimiz. Xalq qəzeti. - 2018. - 2 oktyabr. - S.7;
H.Qasımov. Şərəflə yaşanılan ömür. 525-ci qəzet.- 2014.- 1 yanvar.