Nazim Axundov


Nazim Axundov Nazim Fərrux oğlu Axundov (20.06.1924, Şuşa – 10.03.1994, Bakı) - Tənqidçi, ədəbiyyatşünas, görkəmli biblioqraf.
Nazim Axundov ilk təhsilini Tərtər rayonunun Qazax kəndində almış, 1937-ci ildə Bakı Pedaqoji Məktəbinə daxil olmuş, 1940-1944-cü illərdə kənd məktəblərində müəllimlik etməklə yanaşı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində təhsilini davam etdirmişdir.
N.Axundov 1945-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olmuşdur. 1948-ci ilin oktyabrında "Molla Nəsrəddin" jurnalının nəşri tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. 1966-cı ildə isə "Azərbaycan satira jurnalları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. N.Axundov 1948-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1950-ci ilin mart ayından 1952-ci ilə qədər Quba Pedaqoji İnstitutunun, 1953-1956-cı illərdə isə H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Pedaqoji İnstitutunun direktoru işləmişdir. 1953-cü ildə Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi, 1958-ci ildən isə Azərbaycan SSR Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru olmuşdur. 1961-ci ilin iyunundan Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunun dövri mətbuat və biblioqrafiya şöbəsinin müdiri, 1971-ci ildən "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifələrində çalışmışdır.

N.Axundovun 100-dən artıq elmi-tənqidi və biblioqrafik məqaləsi, broşüra və kitabı nəşr olunmuşdur. Onlardan "Birinci rus inqilabı və "Molla Nəsrəddin" (1955), "Molla Nəsrəddin" və Asiyanın oyanması" (1955), "Molla Nəsrəddin" Azərbaycanda Sovet hakimiyyəti illərində" (1956) və s. kimi məqalələrini, "Molla Nəsrəddin" jurnalının nəşri tarixi" (1959), "Azərbaycanda dövri mətbuat (1832-1920)" (1965), "Biblioqrafiya" (1965), "Azərbaycan satira jurnalları (1906-1920)" (1968), "Azərbaycan sovet ədəbiyyatşünaslığı" (1977) adlı monoqrafiyalarını, "Mirzə Ələkbər Sabir" (1959), "Cəfər Cabbarlı" (1964), "Səməd Vurğun" (1965) biblioqrafiyalarını göstərmək olar. Ümumiyyətlə, "Molla Nəsrəddin" jurnalının tarixinə və nəşrinə dair tədqiqatlar N.Axundov yaradıcılığında xüsusi yer tutur.

Ədəbiyyat:

Azərbaycan Sovet ədəbiyyatşünaslığı (1920-1975). Biblioqrafiya. (Tərtib edənlər: N.Axundov, O.Bayramova, R.Tağıyev, V.Feyzullayeva). Bakı, 1983, 940 s.;
Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı, "Şərq-Qərb", 2008, 320 s.;
"Molla Nəsrəddin" jurnalının tədqiqi. Biblioqrafik göstərici. (Tərtibçilər: A.Əliyeva-Kəngərli və Z.Naibova). Bakı, 2008, 188 s.


filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyev
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 313

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə