Əliqulu Qəmkusar


Əliqulu Qəmkusar Əliqulu Ələkbər oğlu Nəcəfov (1880, Naxçıvan –14.03.1919, Tiflis) - Şair, jurnalist, ictimai xadim, aktyor. Əliqulu Qəmküsar ilk təhsilini mollaxanada almış, ərəb və fars dillərini öyrənmişdir. Sonralar M.T.Sidqinin Naxçıvanda açdığı yeni üsullu "Tərbiyə" ("Məktəbi-tərbiyə") məktəbində oxumuşdur. Ə.Qəmküsarın ilk qələm təcrübəsi də bu dövrə təsadüf edir. Atasının vəfatından sonra (1896) Ə.Qəmküsar məktəbi buraxmağa məcbur olmuş, başsız qalan ailəni dolandırmaq üçün Culfaya köçərək işləməyə başlamışdır. Dövrün mürəkkəb ictimai-siyasi həyatına qoşulan Ə.Qəmküsar burada Tiflis "Hümmət" təşkilatının yerli özəyində çalışmışdır. Səttarxan hərəkatı, Cənubi Azərbaycan inqilabçıları ilə əlaqə saxlamış, onlara yardım göstərmişdir. Polis tərəfindən təqib olunmasına baxmayaraq Ə.Qəmküsar azadlıq hərəkatında fəal iştirak etmişdir. 1912-ci ildə C.Məmmədquluzadənin dəvətilə Tiflisə köçən Ə.Qəmküsar "Molla Nəsrəddin" jurnalının nəşrində onun yaxın köməkçisi olmuşdur. 1913-1914-cü illərdə "Molla Nəsrəddin" jurnalında C.Məmmədquluzadə ilə yanaşı, onun da imzası getmişdir. C.Məmmədquluzadə Ə.Qəmküsarın adını jurnalın ən fəal, ən mübariz mühərrirlərindən biri kimi xüsusi hörmətlə yad etmişdir. O, 1916-1917-ci illərdə C.Məmmədquluzadə ilə birlikdə ədibin "Ölülər" komediyasının əvvəlcə Bakıda, sonra isə Orta Asiya və Volqaboyu vilayətlərində tamaşaya qoyulmasında fəal iştirak etmiş, Şeyx Nəsrullah rolunun ilk mahir ifaçısı olmuşdur. 1917-ci ildə bir müddət Naxçıvanda yaşamış və burada "El güzgüsü" adlı dram dərnəyi təşkil etmişdir. Həmin il yenidən Tiflisə köçərək "Molla Nəsrəddin" jurnalı ilə yanaşı, digər mətbuat orqanlarında da şeir, məqalə və felyetonlarla çıxış etmişdir. 1919-cu ildə Tiflisdə xaincəsinə qətlə yetirilmişdir. Ə.Qəmküsarın öldürülməsinin 5 illiyi münasibətilə Ə.Haqverdiyev yazırdı: "Əliqulu Nəcəfzadəyə dəyən güllə "Molla Nəsrəddin" məcmuəsinin ürəyinə dəydi" (Ə.Haqverdiyev. Beş il. "Kommunist" qəzeti. 14 mart 1924, №60).

Ə.Qəmküsar Azərbaycan ədəbiyyatı tarixinə mollanəsrəddinçi şair kimi daxil olmuşdur. Məhz "Molla Nəsrəddin" ədəbi mühitinin ən qabaqcıl nümayəndələrindən olan Ə.Qəmküsar 1906-cı ildən "Cüvəllağı", "Cüvəllağıbəy", "Sarsaqqulubəy", "Simurq" və b. imzalarla dərc etdirdiyi satirik şeir və felyetonlarında fanatizmi, gerilik və cəhaləti, fırıldaqçı ruhaniləri və s. tənqid etmişdir. Onun satirası həm ideya və məzmunu, həm də bədii üslubu ilə M.Ə.Sabir satirasının davamı idi. Ə.Qəmküsar "Molla Nəsrəddin" jurnalının Azərbaycan dilinin saflığı və xəlqiliyi uğrunda apardığı mübarizədə fəal iştirak etmişdir.

Ədəbiyyat:

İ.Ağayev. Əliqulu Qəmküsar. Bakı, "Elm", 1976, 156 s.;
İ.Həbibbəyli. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Azərnəşr, 1997, 682 s.;
Əliqulu Qəmküsar: Taleyi və sənəti. Bakı, "Elm və təhsil", 2011, 140 s.


Rauf Sadıxov
Mənbə: "Molla Nəsrəddin" ensiklopediyası / Bakı: "Elm" - 2020. S. 110

Haqqımızda

Bu veb resurs Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yaradılmışdır.


Əlaqə