Cəlil Məmmədquluzadə irsi və onun redaktorluğu ilə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı Azərbaycan milli mətbuatının və çoxəsrlik ədəbiyyatımızın mühüm bir istiqamətini təşkil edir. Əsrlərin sınağından qalibiyyətlə çıxan, çağdaş dövrümüzdə də öz əhəmiyyətini və unikallığını qoruyub saxlayan "Molla Nəsrəddin" jurnalı Mirzə Cəlil yaradıcılığının "şah əsəri" (akademik İsa Həbibbəyli) olmaqla bərabər, həm də Şərq dünyasında ilk rəngli, karikaturalı satirik jurnal kimi öz adını Azərbaycan milli mətbuatının salnaməsinə yazmışdır. Azərbaycan satirik mətbuatının zirvəsi olan "Molla Nəsrəddin" jurnalı Şərqdən Qərbə qədər böyük bir arealda yayılaraq şöhrət qazanmış və mollanəsrəddinçilər ədəbi nəslinin ölməz irsinin tanıdılması və təbliğində mühüm rol oynamışdır. Jurnalın bu böyük xidmətləri çoxmilyonlu oxucular tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də dövlət qayğısı ilə əhatə olunmuş və öz layiqli qiymətini almışdır. Akademik İsa Həbibbəyli Azərbaycan realist nəsrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalına dövlət qayğısından bəhs edərək yazır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Cəlil Məmmədquluzadənin anadan olmasının 150, "Molla Nəsrəddin" jurnalının 100, 110 illik yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi klassik irsimizə və milli mətbuatımıza verilən yüksək qiymətin real təzahürü və təntənəsidir". Məhz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi və əməkdaşları da respublika prezidentinin ideoloji və strateji xəttini uğurla davam etdirərək Cəlil Məmmədquluzadənin zəngin və ölməz ədəbi irsinə və XX əsr Azərbaycan ədəbiyyatının böyük ədəbi simalarının yaradıcılığını ehtiva edən "Molla Nəsrəddin" jurnalına bitib-tükənməyən xəzinə və möhtəşəm söz abidəsi kimi yanaşır, onun əbədiyaşarlığını təmin etmək üçün çoxsaylı layihələr həyata keçirirlər. Bu baxımdan institutun direktoru, akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü və rəhbərliyi ilə işıq üzü görən "Molla Nəsrəddin" ensiklopediyası milli-mənəvi dəyərlərimizə verilən böyük qiymətin və dəyərin təzahürüdür. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan ensiklopediya üç illik səmərəli axtarışların nəticəsi kimi ərsəyə gələn mükəmməl və monumental bir məcmuədir. Şöbə əməkdaşlarının tarixi materiallar, zəngin arxiv sənədləri, tədqiqat əsərləri, monoqrafiyalar, doktorluq və namizədlik işləri, salnamələr, memuarlar əsasında hazırladıqları ensiklopediya XX əsrin ictimai-siyasi, ədəbi-mədəni hadisələrini, mollanəsrəddinçilərin zəngin və çoxşaxəli yaradıcılığını, jurnalın çoxsaylı tədqiqatçılarının elmi fəaliyyətini özündə əks etdirən dəyərli sənət əsəridir.
"Molla Nəsrəddin" ensiklopediyasının ideya rəhbəri və baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib edən və çapa hazırlayan Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.
Ensiklopediyanın hazırlanması prosesində akademik İsa Həbibbəylinin dəyərli məsləhət və tövsiyələri, professor Vüqar Əhmədin şöbə əməkdaşları ilə apardığı məqsədyönlü təşkilati işlər, məqalə müəllifləri ilə səmərəli söhbətlər işin effektliyini təmin etmiş, çəkilən zəhmətlər sonda öz müsbət nəticəsini vermişdir. Dərin elmi araşdırmalar, çoxsaylı mənbələr və arxiv materialları əsasında yazılan ensiklopediya milyonlarla oxucunun istinad edə biləcəyi dəyərli və monumental bir söz abidəsinə çevrilmişdir.
Ensiklopediyanın önəmli cəhətlərindən biri də onun həm Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixində, həm də "Molla Nəsrəddin" jurnalı haqqında yazılmış ilk ensiklopediya olmasıdır. Jurnalın nəşrindən bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq indiyədək belə bir ensiklopediya işıq üzü görməmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, onun rəhbərliyi, Mətbuat tarixi və publisistika şöbəsi bu məsuliyyətli və şərəfli işin öhdəsindən layiqincə gəlmişdir.
Mətbuat tarixi və publisistika şöbəsində hazırlanan "Sözlük"də əsasən, "Molla Nəsrəddin" jurnalının cildlərindən, Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı ilə bağlı yazılmış çoxsaylı tədqiqat əsərlərindən, Qulam Məmmədlinin "Salnamə" və "İmzalar", Elmira Qasımova və Afaq Əliyevanın "İmzalar", "Gizli imza və atribusiyalar" və digər mötəbər mənbələrdən, eləcə də tarixi sənədlərdən, mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən arxiv materiallarından istifadə olunmuşdur. Ensiklopediya məhz fikir süzgəcindən keçirilmiş, seçilmiş "Sözlük" əsasında hazırlanmışdır. Bu sanballı və qiymətli məlumat kitabında 400-ə yaxın məqalə və oçerk əksini tapmışdır.
Ensiklopediyanın ilk səhifələrində akademik İsa Həbibbəylinin "Molla Nəsrəddin" ədəbi məktəbinin ensiklopediyası" adlı proqram xarakterli "Ön söz"ü yer almışdır. Akademik giriş səciyyəli bu müfəssəl yazıda Azərbaycan satirik mətbuatının zirvəsinə ucalan, ədəbi məktəb yaradan və 25 il milli mətbuatımızın və ədəbiyyatımızın qızıl səhifələrini yazan "Molla Nəsrəddin" jurnalının və mollanəsrəddinçilərin xalqa təmənnasız xidmətindən bəhs edərək yazır: "Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və mətbuat cəbhəsinin liderliyi missiyasını uğurla həyata keçirmişdir. Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı bütün istiqamətlərdə ictimai-siyasi hadisələrə və ədəbi prosesə ciddi təsir göstərmiş və istiqamət vermişdir... "Molla Nəsrəddin" ədəbi məktəbi universal xarakterə malik olub, özündə tənqidi-realist ədəbiyyat məktəbini, satirik publisistika məktəbini və karikatura məktəbini birləşdirmişdir. Bu mənada "Molla Nəsrəddin" jurnalı məktəb hazırlayıb meydana çıxaran nadir mətbuat orqanıdır... Mənsub olduğu xalqın milli azadlıq hərəkatına təkan vermək, onu müstəmləkə zülmündən xilas etmək və müstəqil dövlətçilik yollarında dönmədən mübarizə aparmaq baxımından da C.Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı ardıcıl və qətiyyətli addımlar atmışdır. Sözün əsl mənasında C.Məmmədquluzadə Azərbaycan ədəbi-ictimai fikrində milli azadlıq düşüncəsinin sərkərdəsidir... "Molla Nəsrəddin" jurnalı Şərqdə satirik mətbuatın lokomotivi və əsas hərəkətverici qüvvəsidir".
Ensiklopediyada "Ön söz"dən sonra akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın birgə yazdıqları "Görkəmli dövlət xadimi Heydər Əliyev "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilər haqqında" adlı məqalə yer almışdır. Məqalədə ümummilli lider Heydər Əliyevin Cəlil Məmmədquluzadə irsinə, "Molla Nəsrəddin" jurnalına və mollanəsrəddinçilərin yaradıcılığına verdiyi yüksək dəyər ön plana çəkilir. Azərbaycan Dövlətinin Memarı, ulu öndərimiz Heydər Əliyev Cəlil Məmmədquluzadənin çoxşaxəli yaradıcılığına və onun redaktorluğu ilə nəşr edilən, ilk satirik mətbuat orqanı olan "Molla Nəsrəddin" jurnalının tarixi əhəmiyyətinə xüsusi diqqət yetirir. Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadəni təkcə öz əsərləri ilə deyil, həm də onu dünya arealında məşhurlaşdıran, şöhrət qazandıran və adını əbədiləşdirən "Molla Nəsrəddin" jurnalı vasitəsilə Azərbaycan xalqının milli şüurunun formalaşmasındakı, mətbuatımızın inkişafındakı unudulmaz xidmətlərini yüksək dəyərləndirərək yazır: "Cəlil Məmmədquluzadə dühası "Molla Nəsrəddin" jurnalında öz əksini tapdı. "Molla Nəsrəddin", onun vasitəsilə C.Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar".
Ensiklopediyada diqqətçəkən önəmli cəhətlərdən biri də Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı ilə bağlı dövlət əhəmiyyətli mühüm sənədlərə, əmr, fərman və sərəncamlara mətnlərin daxilində istinad edilməsi və jurnalın ideoloji xəttinin, məqsəd və məramının aydınlaşdırılması prosesinə müstəqillik illərinin, yeni dövrün baxışları bucağından yanaşılmasıdır. Bu prinsip həm ayrı-ayrı şəxsiyyətlər haqqında verilmiş oçerklərdə, həm də nəzəri problemlərdə, müxtəlif mövzulu məsələlərə münasibətdə gözlənilmişdir. Bununla yanaşı, ensiklopediyada XX əsrin mürəkkəb ictimai-siyasi hadisələri fonunda yaranan, formalaşan Azərbaycan realist ədəbiyyatının, satirik mətbuatın və xüsusilə də "Molla Nəsrəddin" jurnalının mövzu və problematikasında əksini tapan bütün məsələlər diqqət mərkəzində saxlanılmışdır.
"Molla Nəsrəddin" jurnalı hələ nəşr olunduğu illərdən ədəbi ictimaiyyətin, ədəbiyyatşünasların və ədəbi tənqidin yaradıcılıq orbitinə daxil olmuş, çağdaş dövrdə də bu ənənə uğurla davam etdirilməkdədir. Ensiklopediyanın redaktoru, akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadə yaradıcılığı və "Molla Nəsrəddin" jurnalı ilə bağlı çoxsaylı fundamental araşdırmaları bu istiqamətdə aparılmış ən uğurlu və sanballı tədqiqatlar hesab olunur. "Molla Nəsrəddin" ensiklopediyası"nın nəşri də az qala yarım əsrə qədər davam edən səmərəli axtarışların məntiqi yekunu kimi olduqca dəyərlidir. Təbii olaraq, ensiklopediyanın əsasını təşkil edən "Molla Nəsrəddin" jurnalının Tiflis, Təbriz və Bakı mərhələləri, "Molla Nəsrəddin" ədəbi məktəbi", "Molla Nəsrəddin"in Təbriz şəhəri üzrə abunə dəftəri", "Cəlil Məmmədquluzadə", "Mollanəsrəddinçilik təlimi", "Tənqidi realizm", "Səyahətnamələr", "Poçt qutusu", "Eynəli bəy Sultanov", "Lüğət", "Şürbi Mirzəyev", "Poçt qutusu", "Usta Zeynal", "Oskar Şmerlinq", "Firidun bəy Köçərli", "Çay dəstgahı", "Kamança", "Mirzə İbrahimov", "Rüstəm Behrudi" və başqa məqalələr, portret oçerklər, rubrika və əsərlər akademik İsa Həbibbəyli tərəfindən işlənmişdir.
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd ensiklopediyanın nəşrə hazırlanması prosesinin birbaşa iştirakçısı olmaqla yanaşı, həm də kitabda əksini tapan bir sıra portret oçerklərin - "Məşədi Ələsgər Bağırov", "İsa Həbibbəyli", "Muxtar Qasımov", "Aqil Abbas", "Fərman Bayramov", "Əbülfəz Əzimli", "Qəzənfər Kazımov", "Aygün Orucova", "Gülbəniz Babayeva", "Aytəkin Qəhrəmanova", "Ramiz Qasımov", "Səadət Vahabova" və başqa yazıların müəllifidir. Görkəmli tədqiqatçı Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalının araşdırıcıları haqqında müfəssəl məlumatları, tarixi faktları, onların bu istiqamətdə əldə etdikləri yenilikləri portret oçerklərdə geniş və hərtərəfli şəkildə qələmə almışdır. Alimin ensiklopediyada yer alan çoxsaylı məqalələri sırasında "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində dərc edilmiş "Sizi deyib gəlmişəm" adlı proqram səciyyəli məqaləsinə də yer verilmişdir. Eyni zamanda, Vüqar Əhmədin "Nəsimi-şimal", "Xudafərin" jurnalı kimi mətbuat orqanları ilə bağlı yazılarında dərin elmi mülahizələr və məntiqi fikirlər diqqəti cəlb edir.
Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva jurnalda önəmli yer tutan "Atalar sözləri", "Bayatılar", "Nağıllar", "El ədəbiyyatı", "Tapmacalar", "Hikmətli sözlər", "Teleqraf xəbərləri", "Ticarət və ekonomi xəbərləri", "Daxili xəbərlər", "Xarici xəbərlər", "Qafqaz xəbərləri", "Mətbuat xəbərləri", "Elanlar" və s. çoxsaylı rubrikalarla yanaşı, həm də "Molla Nəsrəddin" ədəbi məktəbinin əsas yaradıcıları, mollanəsrəddinçi şair və yazıçıları, rəssamları və bu irsin tədqiqatçıları haqqında yazdığı "Əbdürrəhim bəy Haqverdiyev", "İsmayıl Həqqi Həsənzadə", "Ömər Faiq Nemanzadə", "Əli Nəzmi", "Əli Razi Şamçızadə", "Hüseyn Minasazov", "Məhəmməd Tağı Sidqi", "Mirzə Əli Möcüz", "Mehdi Hüseyn", "Təhsin Mütəllimov", "Elmira Qasımova", "Hüseyn Əsgərov", "Allahverdi Məmmədli", "Mehriban Sultanova", "İman Cəfərli"; mollanəsrəddinçi rəssamlardan "Bəhruz Kəngərli", "Hüseyn Əliyev", "İsmayıl Axundov", "Konstantin Dorş", "Qəzənfər Xalıqov", "Seyidəli Behzad" və başqa portret oçerklərdə bir çox tarixi mənbələrə, arxiv sənədlərinə istinad edərək dərin elmi ümumiləşdirmələr əsasında maraqlı araşdırmalar aparmışdır.
"Molla Nəsrəddin" jurnalının Şərqdən Qərbə qədər yayılıb şöhrət qazanmasında onun yığcam, lakonik publisistik yazıları, satirik parodiyalar şəklində qələmə alınmış poeziya nümunələri ilə yanaşı dura biləcək karikaturaları da mühüm rol oynamışdır. Cəmiyyətin bütün təbəqələri tərəfindən anlaşılan, başa düşülən bu monumental əsərlərin yaradıcıları - O.Şmerlinq, İ.Rotter, Beno, Ə.Əzimzadə, X.Musayev, H.Əliyev, K.Dorş, İ.Axundov, Q.Xalıqov, S.Behzad və başqaları haqqında yazılmış oçerklərdə Azərbaycanda rəssamlıq sənətinin, karikaturanın yaranması, təşəkkülü və formalaşmasında unudulmaz xidmətləri olan bu istedadlı rəssamların yaradıcılıq yolu ardıcıl və sistemli şəkildə izlənilmişdir.
"Molla Nəsrəddin" jurnalı XX əsrin birinci rübündən başlayaraq Azərbaycan ədəbiyyatşünaslığının, nəzəriyyəçi alimlərin və ədəbi tənqidin sferasına daxil olub və müxtəlif istiqamətlərdə, fərqli yönümlərdə təhlilə cəlb olunmuş, çoxlu sayda tədqiqatların predmetinə çevrilmişdir. "Molla Nəsrəddin" ədəbi hərəkatının yaranması, ədəbi məktəb səviyyəsinə yüksəlməsi, beynəlxalq nəzəriyyələr sisteminin orbitinə daxil olması və dünyəvi xarakter almasında müstəsna xidmətləri olan istedadlı alimlər - Əli Nazim, Mirzə İbrahimov, Həbibulla Səmədzadə, Əziz Mirəhmədov, Qulam Məmmədli, Nazim Axundov, Məmməd Cəfər Cəfərov, Fərman Bayramov, Mir Cəlal, Firudin Hüseynov, İslam Ağayev, Xeyrulla Məmmədov, Xalid Əlimirzəyev, Yaşar Qarayev, İsa Həbibbəyli, Təhsin Mütəllimov, Qorxmaz Quliyev, Elmira Qasımova və başqaları haqqında oçerklər də ensiklopediyada əksini tapmışdır.
"Molla Nəsrəddin" ensiklopediyasının hazırlanmasında Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları ilə birlikdə Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin alimləri İslam Qəribli, Alxan Məmmədov, Lütfiyyə Əsgərzadə, Elmira Qasımova və Səadət Vahabovanın da xüsusi əməyi vardır. Professor Vüqar Əhmədin şöbələr arasında yaratdığı iş birliyi, həmrəylik və məsuliyyət hissi ensiklopediyanın dəyərini, əhəmiyyətini artırmış və nəticədə daha mükəmməl bir işin ərsəyə gəlməsinə təminat yaratmışdır.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin redaktorluğu, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhmədin təşkilatçılığı və peşəkarlığı, şöbə əməkdaşlarının uzunmüddətli səmərəli axtarışları, kollektiv zəhməti nəticəsində hazırlanıb çoxsaylı oxucuların, ziyalıların, bütövlükdə Azərbaycan vətəndaşlarının ixtiyarına verilən ensiklopediya XX əsrin ən böyük və qiymətli salnaməsidir.